“9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün qeyd edilməsi hər birimiz üçün əlamətdar hadisədir. Dövlət bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olaraq bizim müstəqilliyimizin rəmzidir”. Bu sözləri Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.
Səadət Məhərrəmova Azərbaycan Respublikasının Dövlət Bayrağının dünya azərbaycanlılarını milli və ideoloji olaraq birləşdirdiyini deyib: “Dövlət bayrağına sayğı və dəyərin verilməsi azərbaycançılıq nümunəsidir. Bununla dövlətçiliyə olan sədaqətimizi göstərmiş oluruq. Ulu Öndər Heydər Əliyev “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” deməklə soydaşlarımza öz tövsiyəsini edib”.
Mərkəz sədri bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir: “Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bu gün fəxr edirik ki, artıq işğaldan azad olunan torpaqlarımızda da dövlət bayrağımız dalğlalanır. Buna görə şəhid və qazilərimizə borcluyuq. Onların sayəsində bayrağımız əzəli torpalarımızda ucalır. Prezident İlham Əliyev dövlət rəmzlərinə yüksək dəyər verərək bayrağımızın Azərbaycanın xalqının qürur mənbəyi olduğunu vurğulayıb. Dövlətimizin başçısının dediyi kimi bizim bayrağımız canımızdır, ürəyimizdir”.