Yeniyetmələr arasında Zəfər tariximiz təbliğ edilib

Kanal 20 TV xəbər verir ki, “Kəndlərin İnkişafl” uşaq və gənclər ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Yeniyetmələr arasında Zəfər tariximizin təbliği” layihəsini icra edir.

Layihənin məqsədi yeniyetmələri Zəfər tariximizlə bağlı maarifləndirmək, qazandığımız qələbədə rolu olan hər kəs və bu qələbənin əhəmiyyəti barədə məlumatlılığı artırmaqdır. 44 günlük Vətən müharibəsinin, Zəfər tariximizin yeniyetmə və gənclər arasında təbliği, yeniyetmələrin regiondan olan şəhid və qazilərimizi, qəhrəman əsgərlərimizi tanıması və onların vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir.

Quba rayonunda icra olunan layihə çərçivəsində keçirilən tədbirlərdə yeniyetmələrin diqqətinə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi xalqımızın Zəfər qələbəsi kimi tariximizə qızıl hərflərlə yazıldı. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılan bu müharibədə xalqımız birlik, rəşadət nümayiş etdirdi, dəmir yumruq olaraq düşmənin başını əzdi. Müharibədən sonra müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qarabağın dirçəlişi, qaçqınlarımızın qayıdışı və mədəniyyət abidələrimizin, Şuşada M.P. Vaqifin, Bülbülün abidlərinin bərpası məqsədilə xüsusi tapşırıqlar vermişdir. Eyni zamanda digər mədəni abidələrimizin bərpası və ya restavrasiyası dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

Layihə rəhbəri Vasif Musayev qeyd edib ki, Prezident cənab İlham Əliyevin müharibə iştirakçılarını müxtəlif ali orden və medallarla təltif etməsi, dağıdılmış məscid və mədəni abidələrimizin bərpası, müasir quruculuq işləri, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri, mədəni tədbirlərin bərpası Zəfər tariximizə verilən böyük diqqət və qayğının təzahürüdür.

İctimai Birlik bu layihə vasitəsilə regionda yaşayan yeniyetmə və gənclər arasında 44 günlük Vətən müharibəsini, Zəfər tariximizi təbliğ etməklə onların vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olub. Tədbirlərdə bütün iştirakçılara sertifikatlar və dəftərxana ləvazimatları hədiyyə olunub.

Comments (0)
Add Comment