Zəngilan işğaldan azad ediləndən dərhal sonra Prezident cənab İlham Əliyev düşməndən təmizlənən bütün ərazilərdə olduğu kimi, bu rayonda da bərpa-quruculuq layihələrinin reallaşdırılmasını diqqət mərkəzində saxladı. Dövlətimizin başçısının rəhbərliyi ilə erməni barbarlığının qurbanı olan Zəngilanda tikinti işləri geniş vüsət aldı, yüksək texnologiyaların tətbiqinə start verildi. Ötən müddətdə işğaldan qurtulan digər torpaqlarımızda olduğu kimi, bura da geniş tikinti-quruculuq meydanına çevrilib. Gözəl, müasir Zəngilan şəhərinin qurulmasına start verilib. Ağalı kəndində “Ağıllı kənd” layihəsi uğurla gerçəkləşdirilərək zəngilanlıların ixtiyarına verilib.
Bildiyiniz kimi, oktyabrın 20-də ən yüksək dünya standartlarına uyğun inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Bu hava nəqliyyatı infrastrukturunun tikintisi də Füzuli aeroportu kimi, çox qısa müddətdə intensiv şəkildə həyata keçirildi. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatı üçün, eyni zamanda, xüsusən təhlükəsizlik və strateji baxımdan vacib layihədir. Digər tərəfdən, Qarabağ və eləcə də Şərqi Zəngəzur böyük turizm potensialına malikdir. Şuşa və Kəlbəcər Cənubi Qafqazda fasiləsiz turizm xidməti təklif etmək baxımından azsaylı şəhərlər sırasındadır. Təbii ki, bu hava limanları da həmin turizm potensialının reallaşmasına imkan verəcək. Bu infrastrukturlar Azərbaycana gələn turistlərin sayının artmasına və xüsusən daxili turizmin daha da genişlənməsinə yeni imkanlar yaradacaq. Onu da xatırladım ki, həm Füzuli, həm də Zəngilan bu hava nəqliyyatı infrastrukturları vasitəsilə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.
Açılış mərasimində iştirak edən Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının iki qardaş ölkənin rəhbəri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini bir daha nümayiş etdirir. Eyni zamanda, açılışda Azərbaycan və Türkiyə liderlərinin iştirakı iki ölkənin qardaşlıq münasibətlərinin dünyaya daha bir nümayişidir.
Yeri gəlmişkən, iki qardaş ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. 44 günlük Vətən müharibəsi isə bu münasibətləri pik həddə çatdırıb. Müharibənin ilk günündən Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə, onun haqq işinə sona qədər dəstək verəcəyini bəyan elədi. Doğrudan də, müharibənin gedişində Azərbaycan qardaş ölkədən, onun liderindən tam dəstək aldı. Məhz Türkiyənin bu mövqeyi sayəsində həm Ermənistan, həm onun havadarları, həm də bütün dünya Azərbaycanın haqq savaşında tək olmadığını gördü.
Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki yurd yerlərinə qayıtmasına imkan yaradıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bir istiqamətini də yaşayış yerlərinin bərpası təşkil edir. Azad edilmiş rayonlarda doğma yurdlarına qayıdacaq vətəndaşlar üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Bildiyimiz kimi, ötən ildən başlayaraq şəhərlərin baş planları təsdiq edilir, yaşayış binalarının təməli qoyulur. Görülən işlər nəticəsində əminliklə demək olar ki, tezliklə işğaldan azad edilən ərazilərdə məcburi köçkünlərin layiqli yaşayışı üçün hər cür şərait yaradılacaqdır.
İradə Rizazadə, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri