Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan həqiqətlərini bir daha dünyanın diqqətinə çatdırdı

 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında regionda yaranan vəziyyətlə bağlı bir sıra əsas məsələləri diqqətə çatdırıb. Ölkə rəhbəri nitqinin əvvəlində Azərbaycanın ərazilərinin işğal dövründə bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmadığını bir daha xatırladaraq, bunun səbəbini münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olması ilə əlaqələndirib. Prezident İlham Əliyev daha sonra Minsk qrupunun 28 illik fəaliyyətinin heç bir nəticə vermədiyini, indi göründüyü kimi, bu qurumun başlıca vəzifəsinin münaqişənin nizamlanması, deyil, onun dondurulması məqsədi daşıdığını vurğulayıb. “Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”, -deyə Azərbaycan lideri bildirib.
Yeri gəlmişkən, Ermənistan-Azərbaycan münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunan ATƏT-n Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində dövlətimizin başçısının vurğuladığı kimi, məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da uzun bir dövrdə aparılan danışıqlar nəticəsiz qalıb. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilib və beynəlxalq qətnamələr kağız üzərində saxlanılıb. Məsuliyyətli ölkə olaraq Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Digər bir mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.
Beləliklə, cəzasızlığı görən Ermənistan isə daha da irəli gedərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyib, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atıb.
Prezidenti İlham Əliyev çıxışında münaqişədən sonrakı vəziyyətə toxunaraq, bununla bağlı həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırıb. “Sentyabrda – demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb…”.
Bəli, bu gün Ermənistan siyasi rəhbərliyinin həmin hadisəyə öz mənafeyi baxımından şərh verməsinə baxmayaraq, silahlı toqquşmada əsas günahkar işğalçı tərəf olub. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisininin bir qarışını belə ələ keçirmək niyyəti güdməyib. Bunu həmin hadisənin nəticəsi də aydın göstərib. Belə ki, Azərbaycan sözügedən erməni təxribatından sonra nə bir şəhəri, nə də bir kəndi işğal etməyib. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırılıb.
Yuxarıda xatırladılan hadisə ilə bağlı onu da deyək ki, Azərbaycan bu silahlı təxribatı cavabsız qoymayıb. Ərazi bütövlüyümüzə təhlükəni neytrallaşdırmaq, hərbi qulluqçuların, habelə şərti dövlət sərhədinin yaxınlığında həyata keçirilən bərpa layihələrinin icrasında iştirak edən mülki şəxslərin təhlükəsizliyi üçün adekvat addımlar atıb. Özü də bu zaman Ermənistanın provokasiyalarına cavab tədbirləri məhdud xarakter daşıyıb və ancaq legitim hərbi hədəflərə yönəlib.
Belə bir şəraitdə Ermənistan həmişə olduğu kimi, yenə də öz fitnəkarlığını pərdələmək üçün davamlı dezinformasiya yaymağa üstünlük verib. İşğalçı ölkədə həyasızlıq o həddə çatıb ki, erməni sosial şəbəkələrində Ermənistan ərazisində məhv edilən mülki obyektlərin foto-şəkilləri yerləşdirilib. Əslində isə həmin “faktlar” 2020-ci ilin payızında Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket zərbələri ilə dağıdılan Azərbaycan mülki obyektlərinin, xüsusən şiddətli raket atəşinə məruz qalan Bərdə şəhərinin fotoşəkilləri olub.
Prezident İlham Əliyev çıxışında postmünaqişə vəziyyətinin digər aspektlərinə, məsələn, azad edilmiş ərazilərin bərpası məsələsinə də toxunub. Ölkə rəhbəri Qarabağ və ətraf ərazilərin-kənd və şəhərlərin işğal dövründə yerlə bir edildiyini, bu torpaqlarda demək olar ki, bir salamat bina qalmadığını, 67 məsciddən 65-nin dağıdıldığını diqqətə çatdırıb. Dövlət başçısı bütün bunların isə Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verdiyini vurğulayıb.
Azərbaycan lideri çıxışında ölkəmizin haqq mübarizəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu, bu istiqamətdə fəal iştirak etdiyini, predmetli danışıqların aparılmasını qarşıya əsas məqsəd kimi qoyduğunu, lakin buna baxmayaraq, işğalçı ölkənin bu prosesə o qədər də maraq göstərmədiyini diqqətə çatdırıb.

Şirincan MƏMMƏDLİ, “Tərəqqi” medalı təltifçisi

Comments (0)
Add Comment