Son illər dünya enerji satışı bazarında Azərbaycanın çəkisi və rolu xeyli dərəcədə artıb. Buna görə də Avropa dövlətləri respublikamızla əməkdaşlığı gücləndirib. Artıq respublikamız Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bunu həm aparıcı dünya dövlətləri, həm də beynəlxalq təşkilatlar açıq şəkildə bəyan edirlər. Hazırda Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır.
Prezident İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra ölkədə çoxşaxəli inkişaf strategiyası həyata keçirilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Ölkəmizdə uğurla həyata keçirilən enerji siyasətinin məqsədi Azərbaycanın dünya bazarına çıxışını artırmaqdan, həmin bazarlar üçün alternativ mənbə yaratmaqdan, habelə dünya bazarına çıxışın şaxələndirilməsini təmin etməkdən ibarətdir və bu da beynəlxalq ictimaiyyətin maraqlarına tamamilə cavab verir.
Azərbaycan ötən 20 ildə enerji təhlükəsizliyinin təminatı, neft və təbii qaz hasilatı sahələrində dünya səviyyəsində aparıcı rol oynayır. Getdikcə önəmli olan enerji təhlükəsizliyi hazırda xarici siyasət, milli təhlükəsizlik, iqtisadi rifah və qlobal sabitlik məfhumuna çevrilmişdir. Enerji təhlükəsizliyi, eyni zamanda, enerji istehsal edən, istehlak edən və tranzit ölkələr arasında əməkdaşlıqla bağlı anlayışı inkişaf etdirir. Bununla əlaqədar qarşılıqlı əlaqə mühüm amildir.
Xəzərin, xüsusilə Azərbaycanın enerji ehtiyatlarının Avropa üçün əsas alternativ enerji mənbəyinə çevrilməsi rəsmi Bakının mövqelərini və Qərb ilə əməkdaşlığını daha da möhkəmləndirdi. Bu gün bir çox Avropa dövlətlərinin, o cümlədən, Polşa, Rumıniya, Bolqarıstan və Baltikyanı dövlətlərin Azərbaycanla əməkdaşlıqları müsbət mənada yeni məzmun və mərhələyə daxil olub. Azərbaycan Türkiyə, Gürcüstan, Moldova və Rumıniya kimi dövlətlərin neft–yanacaq komplekslərinin inşasına investisiya qoyub. Həmçinin Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq sıxlaşdırılıb. Bu ilin iyulunda Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Ursola Fonderlyaen ilə Bakıda imzaladıqları Anlaşma Memorandumu buna misal ola bilər. Bununla deyə bilərik ki, Azərbaycanın enerji resurslarına Avropada çox böyük tələbat var.
Ölkəmiz neft kəmərlərinin şaxələndirilməsi siyasətini həyata keçirir və bu da ölkənin enerji daşıyıcıları ixracının daha səmərəli təşkilinə xidmət edir. Xəzər dənizinin nəhəng enerji resursları üçün Avropa bazarlarına əlavə nəqledilmə marşrutunun reallaşdırılması istiqamətində əməli addımlar atılıb. Hazırda Azərbaycan nefti və qazı Bakı-Qroznı-Novorossiysk neft kəməri, Bakı-Supsa neft kəməri, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum boru xətti və Cənub Qaz Dəhlizi: TANAP və TAP vasitəsi ilə dünya bazarlarına çıxarılır.
Bu gün regionuda enerji təhlükəsizliyi məsələləri sahəsində artıq gözəçarpan nailiyyətlər vardır. Azərbaycan dünyada quruda və dənizdə ilk dəfə neft hasil edən ölkədir. Prezident İlham Əliyevin fikrincə, Azərbaycanın enerji təhlükəsizliyi məsələləri öz həllini tapıb, ölkəmizin enerji ixracı artıb: “Biz yaxşı bilirik ki, gələcəkdə Azərbaycan qazı enerji təhlükəsizliyi məsələlərində daha da ciddi rol oynayacaqdır. Çünki ənənəvi qaz mənbələri tükənməkdədir. Avropanı qidalandıran qaz mənbələri bizə bəllidir. Uzun illərdir ki, Avropa qitəsi müəyyən mənbələrdən qaz alır. Azərbaycan isə öz böyük qaz resursları ilə Avropa bazarı üçün, digər ölkələrin bazarı üçün əvəzolunmaz təchizatçı tərəfdaş kimi çıxış etməyə başlayır”.
Ulu Öndər Heydər Əliyevin, haqqında “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir” dediyi Prezident İlham Əliyev yeni dövrün müasir lideri olaraq özünü təsdiq edib. Bu gün Azərbaycanda dayanıqlı inkişafı təmin etmiş dövlət siyasəti həyata keçirilir. Bu ondan irəli gəlir ki, Ulu Öndərin siyasi kurusunu davam etdirən cənab İlham Əliyevin Prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılılıb. Vaxtilə Azərbaycan üçün əlçatmaz olan Avropa enerji bazarına məhz Prezident İlham Əliyevin davam etdirdiyi praqmatik siyasətin nəticəsində dövlətimiz daxil olub.
Odlar Yurdu Universitetinin Psixologiya, Pedaqogika və Sosial fənnlər kafedrasının müdiri psixologiya elmləri doktoru, professor Rəşid Cabbarov