Bakıda keçirilən VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə istiqlal şairi Əhməd Cavadın şeirlərinin Özbək və Azərbaycan dillərində nəşrinin təqdimatı keçirilib mərasimi keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzinin Bülbül təqdimat zonasında baş tutub.
Tədbirdə alimlər, ədəbiyyatsevərlər, sərgi ziyarətçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, milli mədəniyyətimizə, ədəbiyyatımıza dair əsərlərinin özbək dilinə tərcüməsinin qardaş Özbəkistan oxucularının, ədəbiyyatsevərlərinin, tədqiqatçılarının öz ana dillərində oxumaq imkanlarının yaratdığını qeyd edib. Samir Abbasov son illərdə bu istiqamətdə xeyli işlərin görüldüyünü və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 100-dən çox nəşrin özbək dilində işıq üzü gördüyünü vurğulayıb. O, böyük şairimiz Əhməd Cavadın əsərlərindən ibarət “Mən həqiqət səsiyəm (Man haqiqat sadosiman)” adlı kitabın özbək və Azərbaycan dillərində Özbəkistanda nəşrinin əhəmiyyəti haqqında danışaraq, nəşrin özbək şeirsevərləri, ədəbiyyatşünasları üçün Azərbaycan ədəbiyyatını daha da yaxından öyrənmək, kəşf etmək üçün bir mənbə, eyni zamanda da istiqlal şairinin anadan olmasının 130 illik yubileyinə bir töhfə olduğunu qeyd edib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında xüsusi yerə malik olan Əhməd Cavad yaradıcılığından söz açaraq şairin əsərlərinin yenidən nəşrinin, ələlxüsus da başqa bir ilə tərcümə edilərək çap olunmasını və belə bir mötəbər beynəlxalq sərgi çərçivəsində təqdimat mərasiminin keçirilməsini Azərbaycan ədəbiyyatşünaslığı üçün mühüm hadisə olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Əhməd Cavadın yubileyi ilə bağlı dövlətimiz və nazirlik tərəfindən həyata keçirilən silsilə tədbirlərdən söz açaraq Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan kitabın da adıçəkilən tədbirlərin bir hissəsi olduğunu qeyd edib.
Tədbirdə çıxış edən şairin nəticəsi Cavad Axundzadə də çıxış edərək babası Əhməd Cavada göstərilmiş bu diqqətə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə özü və ailəsi adından təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Türkiyəli qonaq – şair tərcüməçi, Əhməd Cavad şeirlərini türk dilinə tərcümə etmiş Kənan Çarboğa da Əhməd Cavadın yaradıcılığından söz açaraq onun əsərlərinin təkcə Azərbaycan ədəbiyyatşünaslığı üçün deyil Türk ədəbiyyatşünaslığı üçün də böyük dəyərə sahib olduğunu vurğulayıb.
Sonda çıxış edən Samir Abbasov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təşəkkür edərək tədbir iştirakçılarına da öz minnətdarlığını bildirib.
Qeyd edək ki, adıçəkilən bu nəşr Azərbaycan və Özbəkistan kitabxanalarına əvəzsiz olaraq paylanacaqdır.