Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələr müstəsnadır. Dünyada etibarlı tərəfdaş imicini ölkəmizə qazandıran beynəlxalq layihələrdə göstərilən etimad, paytaxtımızda keçirilən möhtəşəm beynəlxalq tədbirlər, yarışlar, dövlətimizin beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış etməsi bu əlaqələrin yüksək səviyyədə olmasına dəlalət edir. Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Azərbaycan-Bolqarıstan əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Bolqarıstan ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin dərinləşməsində əhəmiyyətli rol oynayır. Səfərlər çərçivəsində Azərbaycan və Bolqarıstan arasında birgə Bəyannamə, Şəki və Qalerovo arasında qardaşlaşmış şəhər nümayəndəliyinin yaradılması haqqında Bəyannamə, dövlətlərarası səhiyyə və tibb elmi sahəsində saziş və s. imzalanmışdı. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə ölkələrarası əlaqələrin daha yüksək mərhələyə qalxmasına səbəb olub. Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Memoranduma əsasən, Azərbaycan Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaqdır. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla təmin edilməsinə imkan yaratmış olur.
Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfəri qarşılıqlı əlaqələrin davamı olduğunu təzahürüdür. Səfər çərçivəsində ikitərəfli münasibətlər, mövcud vəziyyət, qarşıda duran çağırışlar müzakirə olunub. Bu ölkələr arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Strateji layihə olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor ilk dəfə olaraq, Bolqarıstanın Azərbaycandan təbii qaz almağa imkan verəcək. Avropanın enerji xəritəsini dəyişdirəcək bu layihə təkcə iki ölkə arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirməyə imkan yaradacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatında çıxışı zamanı bildirdiyi kimi, “Yunanıstan- Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır”. Cənab Prezident onu da bildirib ki, “Strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq”.
Bu sahədə tərəfdaşlığın gerçəkləşdiyini diqqətə çatdıran dövlət başçısı “Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir”, – deyə bildirib: “Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir, indi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir”. Əlbəttə ki, səfər çərçivəsində təkcə enerji məsələləri müzakirə olunmayıb. İnformasiya texnologiyaları və süni intellekt kimi məsələlərə də diqqət ayrılıb. Elm, təhsil və mədəniyyət kimi sahələr üzrə dövlətlərarası mübadilənin gücləndirilməsi də nəzərə alınıb. Bütün bu və ya digər məsələlər yeni perspektivlər açacaqdır.
2022-ci ildə Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. Gələcəyin kibertəhlükəsizlik mütəxəssisi olaraq, düşünürəm ki, Azərbaycan-Bolqarıstan tərəfdaşlığı öz nəticəsini kiber sahədə də göstərəcək. Bu sahədə əməkdaşlıq, savadlı mütəxəssislərin mübadiləsi iki ölkə arasında münasibətlərin daha da inkişafına şərait yaradacaqdır.
Gülay Nəzərova,
Bakı Ali Neft Məktəbinin II kurs tələbəsi, Prezident təqaüdçüsü