“Böyük Qayıdış”ın başlandığı Cəbrayıl

 

Müzəffər Ordumuzun rəşadəti sayəsində Vətən müharibəsində qazanılan şanlı Zəfər cəbrayıllıların da yurd həsrəti acısına son qoydu

44 günlük Vətən müharibəsinin başlandığı günə kimi ermənilər tərəfindən işğal olunan hər bir rayonun sakinləri qəlbən narahat ömür yaşayırdılar. Onlar öz ata-baba yurdlarına, şəhidlərin narahat ruhları dolaşan o müqəddəs yerlərə qayıdacaqları günün həsrətində idilər. Hər rayonun işğal günü qeyd edildikcə, bu acı onları daha da ağrıdırdı. Lakin Müzəffər Ordumuzun rəşadəti sayəsində Vətən müharibəsində qazanılan şanlı Zəfər bu acıya son qoydu. 2020-ci ilin 4 oktyabrında Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad olunması xəbərini ilk elan etməsi ilə dünya azərbaycanlıları böyük qürur hissi yaşadılar.
Qeyd edək ki, Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.
İşğal altındakı digər rayonlar kimi Cəbrayıl rayonu da ermənilər tərəfindən vandalizmə məruz qalıb. Belə ki, işğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Rayonun bütün maddi-mədəni abidələri işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb. Ermənilər burada da etdikləri insanlığa sığmayan əməlləri ilə dünyaya milli kimliklərini göstəriblər. Bu gün Cəbrayıla səfər edən əcnəbi qonaqlar ermənilərin bu vəhşiliklərini gördükdə dəhşətə gəlirlər. Bununla dünya xalqları bir daha anlayır ki, ermənilərin əsl siması nədən ibarətdir. Bütün bunlar artıq tarixin acı faktlarıdır. Erməni vandalları bu əməllərinə görə cavab verməli olacaqlar.
Prezident İlham Əliyev işğaldan azad olunadan sonra Cəbrayıl rayonuna ilk səfərini 2020-ci ilin 16 noyabrında edib. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. Ümumiyyətlə, cənab Prezidentin işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir.
Çox müsbət haldır ki, Cəbrayılın iğaldan azad olunmasının birinci ildönümü gününü Ali Baş Komandan bu rayonun sakinləri ilə bir yerdə qeyd edib. Müzəffər Ordumuzun Qələbəsindən sonra ilk dəfə cənab Prezident cəbrayıllılarla görüşüb. Bu görüşdə Prezident İlham Əliyev bildirib ki, işğaldan azad olunmuş bütün ərazilər erməni vəhşiliyinin sübutudur: “Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular. Amma bu gün bütün dünya bunu görür və bunu görmək istəməyənlər də görməlidirlər”.
Xatırladaq ki, elə həmin gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olub. Ali Baş Komnadanın qeyd etdiyi kimi “Böyük Qayıdış”ın başlandığı Cəbrayılda bu istiqamətdə fəal işlər gedir. İşğaldan azad olunan digər rayonlar kimi, Cəbrayıl rayonunda da abadlıq-quruculuq işləri aparılır. Bu vaxta kimi Cəbrayılda bir neçə obyektin təməli qoyulub. Az bir zamanda görülmüş işləri müşahidə edərkən dövlətimizin, xalqımızın nə qədər böyük potensialı olduğunu bir daha görürük. Ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə belə tez müddətə həyatı qaytarmaq böyük potensialdan xəbər verir. Azərbaycan bütün gücünü səfərbər edib ki, qısa müddət ərzində Cəbrayıl və işağldan azad olunan başqa rayonlarımız yenidən bərpa edilsin.

 

Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Comments (0)
Add Comment