Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunmasının ikinci ili tamam olur. Düz iki il əvvəl Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusu Cəbrayıl rayonunu düşməndən azad etdi. Bundan 5 il əvvəl isə 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.
Qəhrəman övladlarımızın şücaəti nəticəsində 2020-ci il ilin sentyabrın 27-də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri düşmən tapdağından azad olundu. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra azadlığa qovuşdu.
Bununla yanaşı, Ordumuz əlverişli mövqelər əldə edərək Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirmək üçün geniş imkanlar qazandı.
İşğal dövründə ermənilər Cəbrayıl rayonunda böyük, ağlasığmaz dağıntılar törətdilər. 1050 km2 ərazisi olan rayon və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur oldular. Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva 2021-ci il noyabrın 16-da işğaldan azad olunmuş Cəbrayıl rayonuna gəldilər. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bu rayonun ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması isə böyük tarixi və siyasi əhəmiyyətli hadisələrdən biri idi. Çünki xalqımızın tarixində və qan yaddaşında dərin iz buraxan Xudafərin körpüsü həm də milli qürur mənbəyimizdir.
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Cəbrayıl rayonunun işğalı nəticəsində maddi-mədəni abidələrimiz dağıdılmış, məqbərələr, türbələr, qalalar, məscidlər məhv edilmişdir. Lakin inanırıq ki, dövlətimizin qüdrəti sayəsində bu abidələr qısa müddətdə bərpa edilərək gələcək nəsillər üçün qorunub saxlanacaq.
Doğma torpaqlarımızın öz əzəli sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşayır və bu şərəfli günlərdən biri də Cəbrayılın işğaldan azad edildiyi gündür.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası