“Müasir Azərbaycan dövlətçiliyinin qurulmasını və möhkəmlənməsini cəmiyyətdə Heydər Əliyev ideyalarını yeni tarixi şərait və dəyərlər prizması ilə vəhdətdə təhlil etmək hər zaman ictimai-tarixi zərurətdir. Başqa sözlə, etiraf edilməlidir ki, Azərbaycan Res¬publikasının siyasi həyatında yeni güc mərkəzinin yaranması yalnız Heydər Əliyev şəxsiyyətinə ümumxalq etimadının tarixi-ictimai təzahürü nəticəsində mümkün ola bilərdi. Çağdaş siyasi tariximizin bu fundamental hadisəsi hər zaman gələcək nəsillər üçün xüsusi məktəbdir. Azərbaycan Respublikasına uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevə ölkənin siyasi, iqtisadi, mədəni və sosial inkişafında müstəsna irəliləyişlərin birbaşa təminatçısı kimi həmişə xalq tərəfindən qəlbən dərin rəğbət bəslənilirdi. Eyni zamanda ulu öndər keçmiş SSRİ kimi nəhəng dövlətdə ali siyasi vəzifəyə nail olan ilk və yeganə azərbaycanlı olduğundan, sözün əsl mənasında, milli qürur mənbəyi və mənəvi fəxarət simvolu sayılırdı. İnsanlar onunla, onun tarixi şəxsiyyəti və əməlləri ilə fəxr edir, ona dərin hörmət və etimadını hər zaman ifadə edirdilər”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.
Asif Əsgərli deyib ki, böyük siyasət adamı, dünya liderlərinin nüfuzlu şəxsiyət, dövlətçilik memarı adlandırdıqları ümummilli lider hər zaman qürur duyduğu, şah əsəri olan Mütəqil Azərbaycan dövlətçiliyini qorudu, yaşatdı və biz nəsillərə möhkəm bazislə ərmağan etdi: “Ulu öndərin vaxtilə irəli sürdüyü və aksioma kimi qəbul olunan Azərbaycançılıq məfkurəsi milli, etnik, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycana və dövlətimizə olan sevgi, məhəbbət və kökdən bağlılığın gündəlik həyat norması və fəaliyyət strategiyasıdır. Ümummilli lider müasir Avropanın indi-indi irəli sürdüyü və dövlətlər üçün tövsiyə olaraq formalaşdırmaq istədiyi “xalq”, “millət” anlayışlarının getdikcə “cəmiyət” anlayışı ilə əvəzlənməsi” prinsiplərini hələ 26-27 il əvvəl irəli sürərək, vahid Azərbaycan cəmiyyəti fəlsəfəsini yaratdı. Bu baxımdan Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılma və verilən qiymətləndir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini hər bir vətənpərvər soydaşımız sevinclə qarşılayır. Bununla Azərbaycan Prezidenti bir daha xalqımızın ümummilli liderinə olan sədaqətini nümayiş etdirdi”.
Politoloq bildirib ki, YAP daimi ulu öndərlə bağlı əlamətdar günləri xüsusi qeyd edir: “2023-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq. Sərəncama uyğun olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün tədbirlər planı hazılanacaq. “Heydər Əliyev İli” çərçivəsində, demək olar ki, bütün il boyu ölkədə və xaricdə ulu öndərlə bağlı xüsusi tədbirlər keçiriləcək. YAP tərəfindən ulu öndərlə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Lakin “Heydər Əliyev İli” çərçivəsində YAP tərəfindən silsilə tədbirlər təşkil ediləcək. Bununla bağlı YAP rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb təsdiqlənəcək”.