“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihənin təqdimatını Zərdab şəhər Heydər Əliyev Mərkəzində həyata keçirib. Bu haqda saytımıza “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli məlumat verib.
Təqdimatda 60 məktəbli, müəllim və valideynlər iştirak edib. Təşkilatın sədr müavini Eldar Xəlilov tədbiri açıq elan edərək layihənin gedişatına uğurlar arzulayıb.
Təşkilatın sədri Vəfa Xəlilli AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib.
Təqdimatda Zərdab RİH nümayəndəsi Kamil Məmmədov, Gənclər və İdman İdarəsinin rəhbəri Ələkbər Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və Peşə liseyinin direktor müavini Nur Qasımov qonaq qismində çıxış edərək layihənin önəmindən danışıblar.
Layihənin məqsədi gənc məktəbli qızları peşə təhsilinə yönləndirmək, onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə kömək etmək, fərdi əmək və sahibkarlıq fəaliyyətlərinə istiqamətləndirməkdən ibarətdir.
Təqdimat iştirakçılarına materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb. İştirakçılar çay süfrəsində müzakirələrə davam ediblər.
Qeyd edək ki, layihə 2 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.