“Azərbaycan korrupsiyaya qarşı bütün beynəlxalq təşəbbüslərdə iştirak edir”

Səadət Məhərrəmova: “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi ictimai həyatın bir sıra sahələrində korrupsiyanın səviyyəsini öyrənmək ilə bağlı layihələr həyata keçirməyi planlayır”

Korrupsiya müasir dünyada həm bir çox dövlətlərin ciddi daxili problemidir, həm də beynəlxalq səviyyədə müşahidə edilən və artıq beynəlmiləl səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Güman etmək olar ki, bu bəlanın tarixi bəlkə də insanın dünyada ilk addımları atmasından başlanır. Korrupsiya dövlətlərin iqtisadi inkişafına, siyasi-hüquqi islahatların aparılmasına mane olan amillərdəndir. Artıq bu, dövlətləri idarəçilikdən çıxararaq sona aparan faciədir. Bu gün müstəqil Azərbaycan Respublikasında korrupsiya bütün cəmiyyətin üzləşdiyi əsas problemlərdən biri olaraq qalmaqdadır. Hazırda ölkəmizdə həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən korrupsiya əleyhinə müxtəlif istiqamətdə işlər aparılır. Korrupsiya kimi mənfi halların qarşısının alınmasında Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyi də əsas rol oynayır. Müsahibimiz Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmovadır.

– Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin əsas prinsipləri nədən ibarətdir?
– Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq, vətəndaş cəmiyyətinin bu mübarizədə yaxından iştirakını təmin etməkdir. Bizim təşkilat insanların mənəviyyatına və cəmiyyətin inkişafına mane olan korrupsiya hallarının aradan qaldırılması üçün dövlətimizin yanında olub ona dəstək göstərmək, korrupsiya ilə bağlı dövlətimizin atdığı addımlara töhfə vermək, insanları maarifləndirmək kimi vəzifələri üzərinə götürüb.

-Dövlət tərəfindən bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiz?
-Çox müsbət haldır ki, dövlət səviyyəsində korrupsiya ilə mübarizə istəyi var. Əvvəlki illərlə müqayisədə ölkədə korrupsiyanın səviyyəsinin azaldılması baxımıdan xeyli irəliləmə var. Azərbaycan korrupsiyaya qarşı bütün beynəlxalq təşəbbüslərdə iştirak edir. Ölkəmiz “Açıq hökumət” əməkdaşlığına qoşulub və Azərbaycan bu proqramı inkişaf etdirir. Hansı ki, bir çox post-sovet ölkələrində, ümumiyyətlə, bu sahədə danışıqların aparılması üçün təşəbbüs göstərilmir. Eyni zamanda cənab Prezident İlham Əliyevin ideyası əsasında yaradılmış Asan Xidmət modelini mən xüsusi qeyd etmək istərdim. Bu, hər bir azərbaycanlının razı qaldığı və xidmətindən yararlanarkən məmunluq hissi keçirdiyi dövlət proqramıdır. Azərbaycan brendi olaraq dünyada tanınan və hər bir ölkənin bəyəndiyi Asan Xidmət modelindən artıq bir neçə xarici dövlət də tətbiq etməyə başlayıb. Bu, həqiqətən də bizim uğurumuzdur. Daha sonra isə Dost Agentliklərinin yaradılması da bu istiqamətdə atılan addımların davamı kimi qiymətləndirilməlidir. Mən, həmçinin xüsusi olaraq qeyd etməliyəm ki, vergi sistemində aparılan islahatlar və yeniliklər sahibkarlara böyük dəstək olmaqla yanaşı, dövlət büdcəmizə böyük rəqəmli maliyəni daxil etmiş oldu. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar fermerlərin işini daha da asanlaşdırdı. İqtisadiyyatda olan manelərin aradan qaldırılması, sahibkarlara verilən dəstəklər nəticəsində ölkə iqtisadiyyatı inkişaf etməkdədir. Hüquq-mühafizə orqanlarında son illərdə aparılan islahatlar artıq öz bəhrəsini verməkdədir. Bu cür islahatlar hazırda gömrük sahəsində də gedir və yəqin ki, qalan digər dövlət orqanlarında da gedəcək. Çünki şəffaflığın təmin olmasında cənab Prezidentimiz qətiyyət nümayiş etdirir və biz də həm vətəndaş cəmiyyətləri olaraq hər zaman dövlət başçımızın apardığı islahatları dəstəkləməyə və insanlarımızı bununla bağlı maarifləndirməyə davam edəcəyik.
Gördüyümüz kimi, Prezidentimiz cənab İlham Əliyev korrupsiyanın qarşısını almaq üçün tədbirlər həyata keçirir, fərmanlar imzalayır. Cənab Prezident dəfərlərlə çıxışlarında bu məsələyə toxunaraq qeyd edib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır: “Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır”.
Prezidentimiz İlham Əliyev korrupsiyanın qarşısının alınması ilə əlaqədar siyasi iradə nümayiş etdirib və 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Artıq korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramları qəbul edilib. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya təsdiq olunub. Ölkə başçısı bu il aprelin 4-də isə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planının qəbul edilməsi ilə bağlı sərəncam verib. Əslində, bu sənəd bizim Mərkəzin də fəaliyyəti üçün vacib sənəddir. Ona görə də biz öz növbəmizdə bu siyasəti dəstəkləyir və bu problemin həllinə çalışırıq.

-Sizcə, korrupsiyanın qarşısını almaq üçün cəmiyyətin üzərinə hansı məsluliyyət düşür?
-Onu da qeyd etməliyəm ki, bu problemi təkcə dövlət və QHT-lər yox, həm də cəmiyyət özü həll etməlidir. Yəni cəmiyyət bu halların baş verməsinə şərait yaratmamalıdır. Bunun üçün də ictimai nəzarət gücləndirilməlidir. Dövlət başçımızın korrupsiyanı azaltmaq üçün siyasi iradəsi var və hər kəs dəstək olmalıdır. Bunun üçün də rəhbər postlara təyinat alan məmurların bu sahəni bilməsi və korrupsiya ilə mübarizəni aparmağı bacaran insanlardan ibarət olması ilə yanaşı, həm də onlara ictimai dəstək olmalıdır. Düşünürəm ki, bizdə daimi əsasda ictimai sektorun şəffaflığı məsələləri ilə məşğul olan insanların sayı çoxalmalıdır, bununla bağlı institutlar qurulmalıdır.
Əlbəttə ki, bütün korrupsiyanı tam məhv etmək çətin məsələdir. Amma onu ictimai cəhətdən münasib minimuma yaxınlaşdırmaq lazımdır ki, bu bəla, sabitliyə və irəliləyən iqtisadi inkişafa mane olmasın.

-Təşkilat olaraq gələcəkdə hansı işləri görməyi planlayırsız?
-Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi ictimai həyatın bir sıra sahələrində korrupsiyanın səviyyəsini öyrənmək ilə bağlı layihələr həyata keçirməyi planlayır. Kiçik və orta biznesdə korrupsiyanın səviyyəsinin öyrənilməsi və ona qarşı mübarizə tədbirlərinin görülməsi, sahibkarlar arasında sorğuların keçirilməsi, müxtəlif sahələrdə korrupsiya məqamları və onların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq. İctimaiyyət və dövlət orqanlarının əməkdaşlığı çərçivəsində regionlarda korrupsiyanın səviyyəsinin öyrənilməsi və ona qarşı mübarizənin təşkili vacib amildir. Hazırki mərhələdə Mərkəzin əsas fəaliyyət sahələrindən biri regionlarda korrupsiyanın səviyyəsinin  öyrənilməsi və ona qarşı mübarizə mexanizimlərinin hazırlanmasıdır.

Fuad Hüseynzadə

Comments (0)
Add Comment