Azərbaycan dəfələrlə Ermənistana təxribatçılıq əməllərinə son verməyə dair çağırışlar etmişdi. Lakin işğalçı Ermənistanın sülh prosesini pozaraq Azərbaycanı müharibəyə sürükləmək cəhdi onlara çox ağır itkilər bahasına başa gəldi. 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusu Ermənistana sarsıdıcı zərbələr endirərək işğal olunmuş torpaqlarımızı geri aldı. Vətən müharibəsi Azərbaycan xalqının bölünməz olduğunu bir daha göstərdi. Ermənistan xaincəsinə törətdiyi hücumun nəticəsində haqq etdiyi cavabı aldı. Azərbaycan öz gücünü işğalçılara göstərərək şanlı Zəfər qazandı. Bununla Azərbaycan dövləti 103 il əvvəl elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz döyüşlər zamanı yeni-yeni texnologiyaları tətbiq etməklə dünyada mövcud olmuş ənənəvi hərbi taktikanı və strategiyanı köklü şəkildə dəyişdirdi.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusnun bütün qoşun növləri, eyni zamanda Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyəti tam səfərbər edilərək böyük şüacət göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında yaxından iştirak ediblər. Vətən müharibəsində sərhədçilərimzin göstərdikləri qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən çox yüksək qiymətlədirilib: “Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər”.
“Bu gün qəhrəman Azərbaycan sərhədçisi – uğrunda qan tökdüyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından qürur duyur”
Xatırladaq ki, Müzəffər Ali Baş Komandan tərəfindən Vətən müharibəsində fərqlənən sərhədçilər “Vətən Müharibəsi Qəhrəmanı” adı, o cümlədən orden və medallarla təltif edilmişdir. Ümumi olaraq 41 nəfər Azərbaycan sərhədçisinə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də medallar verilib. Ali Baş Komandan tərəfindən verilən bu dəyər Dövlət Sərhəd Xidmətinin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb. Yeri gəlmişkən, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinə göstərdiyi bu ali diqqət və qayğıya, yüksək etimada görə Ali Baş Komandana minnətdarlıq və təşəkkürünü bildirib: “Bu gün qəhrəman Azərbaycan sərhədçisi – uğrunda qan tökdüyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət etməkdən qürur duyur!
Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılır, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilir”.
Bütün bunlar onu göstərir ki, Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqları DSX rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə uğurla icra olunub. Yuxarıda qeyd etdiyimiz kimi, ordumuz Vətən müharibəsində yeni-yeni texnologiyalar vasitəsilə çevik hərbi taktika və strategiya tətbiq etməklə irəliləyirdi. Eyni zamanda düşmənin ağılına gələməyən manevrlər edərək hədəflərə zərbələr endirilildi. Müharibə zamanı Dövlət Sərhəd Xidməti tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatları peşəkar şəkildə tətbiq edilmişdi. Bunun nəticəsində ermənilərin strateji əhəmiyyətli döyüş texnikaları, hərbi məntəqələri və şəxsi heyəti məhv edilib. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bildirib ki, bu hücumlar nəticəsində ümumilikdə 290 düşmən hədəfi məhv edilib: “Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmişlər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etmiş, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı sancmış, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etmişlər. Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə havadan həmlə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açılmış atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunmuşdur”.
Vətən müharibəsində Azərbaycan sərhədçilərinin daha biri uğuru AN-2 təyyarələrinin modernləşdirilib pilotsuz uçuş aparatı kimi tətbiq etmələri olub. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən verilən bu ideya əsasında əldə edilən uğurlu nəticələr, hətta dünya mediasının diqqətini çəkib. Azərbaycanın bu hərbi manevrlərini ermənilər çox-çox sonra anladı və hətta aldandıqlarını belə, öz medialarında etiraf edirdilər.
Vətən müharibəsinin döyüşən generalı
Qeyd edək ki, bu haqda Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Əfqan Nağıyev Vətən Müharibəsi zamanı ermənilərə məxsus hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması zamanı istifadə olunan hərbi taktiki gediş barədə danışıb. Gneral-leytenant İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti” sənədli filmində AN-2 təyyarələrinin müharibə vaxtı oynadığı vacib roldan bəhs edib:
“Sentyabr ayının 27-də 20 AN-2 təyyarəsi havaya qalxmış və cəbhə istiqamətində göndərilmişdi. Modernləşmiş AN-2 təyyarələri pilotsuz uçuş aparatı qismində düşmənin hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrinin aşkar edilməsi məqsədi daşıyırdı.
Düşmən məcburiyyət qarşısında birinci müdafiə xəttinə səfərbər etdiyi bütün hava hücumundan müdafiə vasitələrini açmağa məcbur oldu”.
Nəzərə çatdıraq ki, Əfqan Nağıyev 44 günlük Vətən müharibəsinin silaha sarılıb döyüşən generalarındandır. Müharibə zamanı, xüsusən Sərhəd Qoşunlarına aid bütün dronların idarə edilməsi məhz DSX-nin müavini general-leytenant Əfqan Nağıyevin səlahiyyətində olub. Əfqan Nağıyev, həmçinin general-leytenant kimi Sərhəd Qoşunları hərbi qulluqçularının komandiri kimi Füzuli və Hadrut uğrunda döyüşlərə rəhbərlik edib. Onun Vətən müharibəsində göstərdiyi şücaətə Prezident İlham Əliyev tərəfindən qiymət verilib. Belə ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyi üçün Əfqan Nağıyev “Qarabağ” ordeni və digər medallara layiq görülüb.
“Şəhid sərhədçilərin ailə üzvlərinə, yaralanmış sərhədçilərə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir”
Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsində iştirak edən 4 min şəxsi heyətindən 47 nəfəri şəhid olub. Onlardan 201 nəfəri isə Vətən mümaribəsi qazisidir. Vətən müharibəsindəki zəfərdə Sərhəd Qoşunlarının əsgəri olmuş qazi Xəqani Muradovun da rolu var. O, 30.04.2019-cu ildə Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlayıb. 2020-ci ilin 27 sentyabrından Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlər qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut, Qubadlı döyüşlərində iştirak edib. Oktyabrın 21-də Qubadlı rayonunda düşmən tərəfindən sol ayağından snayperlə yaralanıb. Düşmənə əsir düşməmək üçün özünü uca dağ zirvəsindən aşağı atıb. Sonradan döyüş yoldaşları ona ilkin tibbi yardım göstərib hospitala göndəriblər. Hazırda III qrup əlildir.
Qazimiz Xəqani Muradovla görüşdə sərhədçilərin Vətən müharibəsində şucaəti haqqında öz fikirlərini belə ifadə etdi: “2-ci Qarabağ müharibəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşəkarcasına yüksək səviyyədə döyüşüb, bir çox ərazilərimizi işğaldan azad etmişdir. İşğaldan azad olunan sərhədboyu ərazilərdə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissləri istifadəyə verilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Qarabağ bölgəsində yeni inşa edilmiş hərbi hissləri mütamadi olaraq ziyarət edir. Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin rəsinin iştirakı ilə bir çox yüksək nailiyyətlər əldə edilib.
Müharibədə fəal zabitlərdən biri də Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Əfqan Nağıyevdir. O, torpaqlarımzın erməni işğalından azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına şəxsən qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirib.
Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucalan sərhədçilərin ailə üzvlərinə, yaralanmış sərhədçilərə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Mən bu gün DSX əsgəri olaraq Vətən müharibəsi qazisi olmaqdan qürur duyuram”.
Hazırda Dövlət Sərhəd Xidmətinin Aviasiya Qüvvələrində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə ucaldılıb. Həmçinin burada Vətən müharibəsinin əfsanəsinə çevrilmiş AN-2 təyyarəsinə abidə qoyulub. Kim buranı ziyarət edirsə, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş sərhədçi şəhidlərimizin rəşadətinə və döyüş qüdrətinə bir daha şahid olur.
Fuad Hüseynzadə
Vetenqehremanlari.az