Son illər ölkəmizdə iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib, makroiqtisadi sabitliyin qorunması diqqət mərkəzində saxlanılıb. Həmçinin, yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasını şərtləndirib.
Bütün bunlarla bərabər, respublikamızda qeyri-neft sektorunun inkişafı fonunda iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, sosialyönümlü siyasətin prioritetliyinin önə çəkilməsi, maliyyə intizamı və şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilib.
Bu, Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında səsləndirdiyi göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, iqtisadi artımın davamlı və daha sürətli olması ilə diqqət çəkən hesabat dövründə qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Sənaye zonalarında da dinamik inkişaf diqqət çəkib, ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 53 faiz yüksəlib.
Hesabat dövründə ölkənin sənaye potensialının maksimum reallaşdırılmasına xüsusi önəm verilib. Belə ki, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələri, məsələn, “SOCAR Karbamid”, “SOCAR Metanol” və “Azerfloat” tam istehsal gücü ilə işləyib.
Bütün bunlarla bərabər, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb.
Ümumiyyətlə, əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlığının şaxələndirilməsinin və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.
Sadalanan göstəricilər bir daha onu göstərir ki, ilin ötən altı ayı ərzində ölkəmiz uğurla inkişaf edib, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib. Dövlətimizin başçısı nitqində sosial, hərbi sahələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılmasında iqtisadi potensialın mühüm rol oynadığına diqqət çəkərək bildirib: “Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var”.
Ölkə rəhbəri çıxışında iqtisadi gücün təkcə neftin qiymətinin artırılması ilə bağlı olmadığını, bunun həm də həyata keçirilən çoxşaxəli islahatların nəticəsində əldə edildiyini vurğulayıb. Məsələn, vergi-gömrük sahələrdə aparılan yenilənmələr dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edib.
Prezident İlham Əliyev müşavirədəki çıxışında da son vaxtlar həyata keçirilən islahatların nəticəsi kimi, vergi orqanının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirərək, bu qurumun şəffaf fəaliyyəti, habelə islahatlar hesabına büdcə daxilolmalarının böyük dərəcədə artdığını diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilir.
Bütün bunlarla bağlı ölkə rəhbəri deyib: “İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru”.
Azərbaycan Prezidenti iqtisadi sahədə əldə edilən uğurlardan danışarkən, bu məsələnin iki aspektdə-iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı istiqamətlərində təhlil olunmasının zəruriliyini xatırladıb. Eyni zamanda, hər iki xətt üzrə yüksək nəticələr əldə edildiyini vurğulayıb, iqtisadiyyatın 6,2 faiz, qeyri-neft iqtisadiyyatının 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalının 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artımın qeydə alındığını deyib.
Vilayət İSMAYILOV,
iqtisad elmləri doktoru, professor