Elm Tarix İnstitutunun şöbə müdirləri Elvin Talışınski və Aynur Nəzərova Prezident Administrasiyasının təşkilatçılığı ilə Şuşa şəhərinə səfər ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun “Elmşünaslıq və elmin sosial problemləri” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski və “İnformasiya və nəşriyyat” şöbəsinin müdiri, institutun Həmkarlar ittifaqı komitəsinin sədri Aynur Nəzərova Azərbaycan Respublikası Prezident Administrasiyası və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş tarixi Şuşa şəhərinə baş tutan səfərdə iştirak ediblər. Dövlət xadimləri, elm adamları, ictimai-siyasi xadimlər, mədəniyyət işçilərinin iştirak etdiyi səfər müddətində yaddaşlarda dərin iz buraxan 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun böyük qəhrəmanlığı, Ali Baş Komandanın sərkərdə səriştəsi və xalqımızın birliyi nəticəsində Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşanın işğaldan azad edilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayətlər barədə müzakirələr aparılıb. Səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, Molla Pənah Vaqifin türbəsi, xalq artisti Bülbülün ev muzeyi və bir sıra tarixi-mədəni abidələr, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib. Yol boyunca işğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliyinin qurbanı olan kəndlər, dağıdılmış məzarlıqlar kadra alınıb.