Azərbaycan–Özbəkistan strateji əməkdaşlığında yeni mərhələ

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ölkə ilə ikitərəfli əməkdaşlığın yüksək səviyyəsinin təzahürü, eyni zamanda, qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməl üzərində qurulmasının təsdiqidir.
Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasiminin keçirilməsi, meydanın mərkəzi hissəsində ulu öndərin böyük memorial kompleksinin ucaldılması isə iki ölkə arasında əlaqələrin əsasını qoyan və onun inkişafı istiqamətində önəmli xidmətlər göstərən dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına sonsuz sevginin ifadəsidir.
Ümummilli lider Azərbaycana rəhbərliyi dövründə hər zaman özbək xalqına böyük hörmətlə yanaşıb. Onun ötən əsrin 70-ci illərində Şərəf Rəşidov, 90-cı illərdə İslam Kərimov ilə dostluğu xalqlarımız arasında münasibətlərin bugünkü inkişafının təməl prinsipinə çevrilib.
Xatırladım ki, ulu öndər Heydər Əliyev 1996-cı il oktyabrın 21-22-də Türkdilli Dövlətlər Başçılarının IV Formunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Dahi rəhbərin 1997-ci ildə Özbəkistanın paytaxtı Daşkəndə səfəri isə iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verib. Həmin səfər çərçivəsində imzalanan 19 sənədin icrası ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirib. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edib.
O zaman sənədlərin imzalanması mərasimində çıxış edən Heydər Əliyev deyib: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib: “İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır”.
Ölkələrimiz arasında indiki münasibətlərin strateji istiqamətləri də məhz həmin vaxtdan–əvvəlcə Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri zamanı müəyyənləşdirilib.
Prezident İlham Əliyev iyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən ulu öndərin Azərbaycan–Özbəkistan münasibətlərinin dərinləşməsindəki fəaliyyətini yüksək dəyərləndirərək, deyib: “Şavkat Miromonoviçin düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli oldu. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq”.
Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, bugünkü dövlət səfəri təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Özbəkistan xalqı Heydər Əliyevin özbəklərə, Özbəkistana münasibətini çox yaxşı bilir. Azərbaycan Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə sevinir. Bunun üçün Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Azərbaycan bu uğurları görür və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinir.
Yeri gəlmişkən, diqqəti mühüm bir məqama da yönəltmək istərdim. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Daşkənddə mətbuata bəyanatla çıxışında Vətən müharibəsində parlaq qələbə ilə ərazi bütövlüyümüz bərpa edilərkən, özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Ölkə rəhbəri azərbaycanlıların bunu çox yaxşı bildiklərini və yüksək qiymətləndirdiklərini də qeyd edib: “Özbəkistan Prezidentinin sözləri, bizim qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur”.
Xatırladım ki, dövlətimizin başçısı İlham Əliyev Prezident Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü zamanı işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də təşəkkürünü bildirib. Tədbirdə həmin məktəbin tikintisində artıq işlərə başlanıldığı, inşaatın sürətlə aparıldığı və növbəti tədris ilinə qədər bu tədris ocağının istifadəyə verilməsinin planlaşdırıldığı xatırladılıb. Prezident İlham Əliyev Özbəkistanın bu fəaliyyətini yüksək qiymətləndirdiyini, ölkəmizə verilən ilk belə böyük hədiyyə olduğunu deyib və Azərbaycanın Qarabağı hələlik öz gücü ilə bərpa etdiyini söyləyib. Ölkə rəhbəri bu təşəbbüs haqqında daha sonra vurğulayıb: “Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq”.
Yeri gəlmişkən, 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi.
Qeyd edildiyi kimi, üç hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilmiş və ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir.

Yaqub VƏLİYEV,
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix elmləri namizədi

 

 

Comments (0)
Add Comment