Torpaqlarımızın işğaldan azad edilməsində oğlumun payının olması bir ata kimi məni çox qürurlandırır

Bakı, 9 iyun, AZƏRTAC

Məhəmməd kiçik yaşlarından cəsurluğu və xarakterinin möhkəmliyi ilə hamıdan fərqlənirdi. Doğma Qarabağın düşmən işğalından azad olunması onun ən böyük arzularından idi. Bu amal uğrunda canını belə qurban verməyə hazır idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadənin atası, birinci Qarabağ müharibəsinin iştirakçısı Füzuli İsmayılov onun doğum gününə həsr olunmuş anım tədbirində bildirib.

O, qeyd edib ki, oğlu müharibəyə könüllü gedib: “Hərbi biletini 2016-cı ilin aprelində almışdı. Aprel döyüşlərində iştirak etməyə can atırdı. Amma qismət olmadı. Sentyabrın 27-də təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq, rəşadətli Azərbaycan Ordusunun başladığı geniş əks-hücum əməliyyatları minlərlə gənc kimi Məhəmmədi də qələbəyə ruhlandırdı. O, “Ata siz torpaqları ala bilmədiniz, biz alacağıq”, – deyib könüllü olaraq cəbhəyə yazılacağını bildirdi. Onun bu cəsarəti, qorxmazlığından fəxarət hissi keçirdim.

F.İsmayılov özünün də Birinci Qarabağ müharibəsində könüllü olaraq getdiyini qeyd edərək deyib: “1992-ci ilin əvvəllərindən başlayaraq Ağdərə və digər ərazilərimiz uğrunda ağır döyüşlərdə iştirak etmişəm”.

O, oğlunun Vətən müharibəsində böyük igidliklə vuruşduğunu vurğulayıb: “Onunla hər dəfə danışanda səsində qələbə əzmi duyulurdu. Mənə deyirdi ki, mütləq torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Torpaqlarımızın işğaldan azad edilməsində oğlumun da payının olması bir ata kimi məni çox qürurlandırır”.

AZERTAG.AZ :Torpaqlarımızın işğaldan azad edilməsində oğlumun payının olması bir ata kimi məni çox qürurlandırır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]

Comments (0)
Add Comment