Bakı, 9 iyun, AZƏRTAC
Bu günlərdə dünyanın idman ictimaiyyətinin diqqəti yenidən Azərbaycan paytaxtına yönəlib. Bakı iyunun 10-dan başlayaraq üç gün ərzində yenidən ən mühüm idman yarışlarından birinə – Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək. Sabah Bakı şəhər trekində yarışlara başlayacaq pilotlar, eləcə də komandaların rəsmiləri sosial şəbəkələrdəki paylaşımlarında həyəcanverici Azərbaycan Qran-Prisi haqqında fikirlərini bölüşüblər.
AZƏRTAC həmin fikirləri təqdim edir.
“Red Bull Racing” komandasının pilotu Serxio Peres: “Qarşıda bizi Azərbaycan Qran-Prisi gözlənilir. Bu il titul uğrunda mübarizə çox gərgin olacaq və tam səfərbər olmalıyıq. Keçən il Bakıda “Red Bull Racing” komandasının heyətində qələbə qazandım. Şəhər traslarını xoşlayıram, burada çox şey pilotun ustalığından asılıdır”. |
Bu komandanın digər sürücüsü Maks Ferstappen: “Bakıya qayıtmağı səbirsizliklə gözləyirdim. Bakıda ciddi tormozlamalar və kiçik çıxma zonaları olan mürəkkəb şəhər halqası mövcuddur. Orada sazlamanı tapmaq və əlverişli hücum küncünü seçmək çox çətindir. Maraqlıdır, görəsən, biz bu uik-enddə təsnifat zamanı sürəti artıra biləcəyikmi? Əvvəllər sürətli dairədə biz bir az geri qalırdıq. Serxionun komanda ilə müqavilənin müddətini uzatması çox yaxşıdır”. |
“Alfa Romeo” komandasının finlandiyalı pilotu Valtteri Bottas: “Bakı trası ilə bağlı həm yaxşı, həm də xoşagəlməz xatirələrim var. Çox ümid edirəm ki, bu mərhələ özündən sonra yalnız müsbət emosiyalarla xatırlanacaq. Həftəsonunun problemsiz keçməsi çox mühümdür. Bakıdakı yürüşlərdə insidentlər çox olur. Biz hər bir imkandan istifadə etməyə hazır olmalıyıq. Əminəm ki, bazar günü maraqlı keçəcək!”. |
“McLaren” komandasının pilotu Daniel Rikkardo: “Bakıdakı trekin böyük azarkeşiyəm. Çünki bu trekin bir sıra maraqlı cəhətləri və üstünlükləri var. Belə ki, birinci döngədə daim maraqlı mübarizə gedir. Bu dövrədə müxtəlif strateji variantlar tətbiq olunur. Yarışda trekin düz hissəsi pilotlara ötmə imkanı versə də, başlanğıcdakı mövqe də çox vacibdir”. |
“Pirelli” şirkətinin rəhbəri Mario İzola: “Ciddə mərhələsi meydana çıxana qədər ən sürətli şəhər trası Bakıda idi. Lakin burada şinlərə düşən gərginlik çox yüksək deyil, çünki döngələrin heç birində şinlərə hədsiz böyük enerji təsir etmir. Bu, asfaltın abrazivliyinin və gərginliyin yüksək olmaması ilə bağlıdır. Məhz bu amillərin birləşməsi Monakodakı tərkibləri burada da tətbiq etməyə imkan verir. |
“Haas” komandasının pilotu Kevin Maqnussen: “Bakı yürüşləri adətən gözlənilməz hadisələrlə zəngin olur. Burada oyundan çıxma, sarı bayraqlar və təhlükəsizlik avtomobilinin görünməsi riski yüksəkdir. Adətən bu trasda çoxlu qırmızı bayraqlar olur ki, bu da digər traslarla müqayisədə daha böyük əlavə imkanlar açır”. |
“McLaren” komandasının pilotu Lando Norris: “Bakıda olduğuma görə sevinirəm. Daha bir şəhər trasında çıxış etmək çox xoşdur. Keçənilki yürüş göstərdi ki, bu yürüşdə hər şey ola bilər. Unikal trasda yeni nəslə aid avtomobillərin sınaqdan necə çıxacağını görmək çox maraqlıdır”. |
AZERTAG.AZ :Formula 1 pilotları Azərbaycan Qran-Prisi haqqında
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
[ad_2]