Fond Qazilərlə Növbəti Görüşünü BDU-Da Keçirib

Aprelin 4-də Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) SABAH qrupu tələbələrinin Qarabağ müharibəsi və Aprel döyüşü qazilərinin görüşü keçirilib.

BDU-nun dəyirmi akt zalında baş tutan və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən layihənin bu tədbirini Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli açaraq hər kəsi salamlayıb.

Sonra Dövlət himnimiz səslənib. Daha sonra Aprel döyüşlərində, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli 2016-cı ilin aprel ayında baş verən döyüşlər haqqında qürurla danışıb: “Cəmi 4 gün  çəkdi bu savaş. Az qala 25 il işğal altında qalan 20%-dən artıq  torpaqlarımızın cəmi 2000 hektardan artıq ərazisi geri alındı. Bu, rəqəmsal olaraq çox da böyük görünməsə də, nəticə etibarilə noyabr zəfərimizin ilk qığılcımı, qələbəyə aparan yolda ilk addım, ilk zəfər qoxusu idi. Həmin günlərdə, eləcə də sonrakı  tarixi qələbələrimizdəki sevinci xaqlımıza yaşadan şəhidlərimizi ehtiramla anırıq, döyüşçülərimizlə fəxr edirik”

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, I Qarabağ, Aprel döyüşləri, Vətən müharibəsi iştirakçıları və qaziləri-  komando qrupunun komandiri Ramiz Məmmədzadə, çəsur döyüşçümüz İbrahim Həsənov, polkovnik -leytenant İntiqam Məhərrəmov, polkovnik-leytenant Nihad Abdullayev, polkovnik-leytenant Akif Rəhimov, komando birliyinin kəşfiyyatçısı Vidadi Əliyev, XTQ-nin ehtiyatda olan hərbi qulluqçuları Natiq Mehdiyev və Elməddin Novruzov döyüş yolları haqqında çıxış edib, müharibə xatirələrini tələbələlə bölüşüblər.

Yazıçı Varis və tanınmış jurnalist Aida Eyvazova isə çıxışlarında Aprel döyüşlərinin tarixi əhəmiyyəti, gənclərin vətənpərvərlik ruhunun yükəlməsi yönündə bu döyüşlərin rolunu qeyd ediblər. Hər iki çıxışçı müəllifi olduğu  kitablarını SABAH mərkəzinə hədiyyə edərək  təhsildə ən yaxşı nəticə əldə edən tələbəyə hədiyyə etdikərini bildiriblər.

SABAH qrupu Tarix müəllimliyi ixtisaslaşmasının IV kurs  tələbəsi Fizzə Məmmədovanın şəhidlərimizə həsr etdiyi  “Şəhidim, sənə söz verirəm…” şeiri və ərazi bütövülüyümüz uğrunda mübarizə aparan döyüşçülərimiz haqqında duyğulu çıxışı isə tədbir iştirakçılarını çox  qürurlandırıb.

Sonda SABAH qrupu Hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Bağırzadə Zübeyrın ifa etdiyi “Cənab leytenant”  mahnısına tədbirin bütün iştirakçıları da ifaları ilə dəstək veriblər.

Xatırladaq ki, Aprel döyüşlərinə həsr olunan bu görüş Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi müharibənin doğurduğu psixoloji problemlərin nəticələrini aradan qaldırmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin  sosial adaptasiyasına  yardım etməkdir. 3 aylıq layihə çərçivəsində qazilərlə müxtəlif görüşlər təşkil olunur, qazilərlə yanaşı, onların ailə üzvlərinə psixoloji yardımlar göstərilir.

Comments (0)
Add Comment