Ulu Öndər Heydər Əliyevin milli dövlət quruculuğu
XX əsrin sonlarında Sovet İttifaqının süquta uğraması və müasir dünya düzəninin formalaşmağa, beynəlxalq arenada yeni münasibətlərin təşəkkül tapmağa başladığı bir dövrdə Azərbaycan öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoydu. Ciddi təlatümlər burulğanında təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmış xalqımız ağır sınaqları arxada qoyaraq aydın gələcəyə doğru inamla addımlamağı bacardı. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən əsas amil tarixin həlledici məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran siyasi liderin mövcudluğu olub. 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır.
Ötən əsrin sonlarında qlobal liderlik uğrunda gedən mübarizənin mümkün nəticələrini proqnozlaşdıraraq öz dövlətinin beynəlxalq münasibətlər zəncirinin təhlükəsiz, eyni zamanda, təsirli həlqələrindən birinə çevrilməsini təmin etmək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli dövlətçilik tarixində müstəsna xidmətidir.
Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi. Heydər Əliyevin siyasi müdrikliyi ona beynəlxalq münasibətlər sisteminin institusional əsaslarının sarsıldığını görməyə, beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə götürmüş müxtəlif təşkilatların öz funksionallığını itirdiyini dəqiq müəyyən etməyə və dünyanın gündəmini diktə edən güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa imkan verdi.
Azərbaycanı tarixin bəlkə də ən həlledici mərhələsində ağır böhrandan qurtaran Ümummilli Liderin bünövrədən qurmağa başladığı müstəqil Azərbaycan postsovet məkanında münaqişə və müharibələrin adi həyat normasına çevrildiyi, qeyri-müəyyənliyin ictimai təfəkkürdə reallıq kimi qəbul olunduğu, keçmişlə bütün bağların qopduğu, gələcəyə aparan körpülərin hələ qurulmadığı bir dövrdə dünyanın siyasi səhnəsinə inamla çıxdı.
Müstəqilliyin ilk illərində parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən yalnız Heydər Əliyevin qurtara biləcəyini təkcə onun tərəfdarları deyil, rəqibləri də yaxşı anlayırdı. Ölkədə vətəndaş müharibəsi həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi.
Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Birqütblü dünyaya sürətli keçidin ciddi böhran, bir çox hallarda fəlakətlər yaratdığı çətin və qeyri-müəyyən tarixi mərhələdə Azərbaycan özünün Şərq və Qərb arasında körpü funksiyasını bərpa edə bildi. 1990-cı illərdə bir çoxları dünyanın iki fərqli sivilizasiyasını qovuşduran bütün körpülərin yandırılacağını, planetin coğrafiyasından silinəcəyini güman edirdilər. Lakin 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi qlobal əhəmiyyət kəsb edən enerji layihələrinin həyata vəsiqə qazanması ilə bu gümanlar yox oldu. Bu, əlbəttə, Heydər Əliyev siyasi dühasının nəinki Azərbaycan və Cənubi Qafqazın, eyni zamanda, bu gün – XXI əsrdə 30 il öncəkindən daha böyük aktuallıq kəsb edən Avropanın təhlükəsizliyinə tarixi töhfəsi kimi qiymətləndirilir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirdi. Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə və ümumi məqsəd uğrunda səfərbər edən qürur mənbəyimizdir. Buna görə də əminliklə demək olar ki, hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür.
Ulu Öndər Heydər Əliyev demişdi: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir”. Bu gün Azərbaycanın ərazi bütövlüyü, Şuşada qürurla dalğalanan milli bayrağımız, milli dövlətimiz, müstəqilliyimiz, suverenliyimiz, dünya xalqları arasında öz layiqli yerimizi tutmaq naminə apardığımız 30 illik mücadilənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil dövlətimizi qorumaq, yaşatmaq və daha da inkişaf etdirmək bizim ən əsas vəzifəmizdir”.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü