Siyası Online Qəzet

Binəqədidə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli rəsmi yığıncaq keçirilib

10 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli rəsmi yığıncaq keçirildi. Yığıncaqda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Madər Musayev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin, idarə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ictimai birliklərin nümayəndələri, rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir iştirakçıları öncə Ulu Öndərin rayonun Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra qonaqlar Ulu Öndərin Binəqədi rayonuna səfərlərini əks etdiən foto-sərgi ilə tanış oldular. Rayon ictimaiyyətinin ştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.
Təntənəli rəsmi yığıncaqda çıxış edən Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Sonda Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “ƏSRİN ADAMI” adlı film nümayiş etdirildi.