Siyası Online Qəzet

“Əliyev-Ərdoğan qardaşlığının Türk Dünyasının inkişafının məhəng daşı olduğunu hər kəs söyləyirdi”

Xəbər verildiyi kimi, bu günlərdə Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə heyətinin Türkiyənin Ərzurum şəhərinə səfəri olub. Səfərdə YAP idarə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili də iştirak edib. YAP rəsmisi səfərlə bağlı təəssüratlarını özünün sosial şəbəkə profilində paylaşıb: “Səfər Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirildi. Səfərin əsas məqsədi müqəddəs Ramazan ayında Türkiyəli qardaş və bacılarımızla bir yerdə olmaq, zəlzələ zamanı yaşadıqları ağır faciədən sonra bir daha onlara dəstək olmaq, Türk Dünyası qarşısında duran əsas çağırışlar barədə müzakirələr etmək, güclü Türkiyənin və Türkiyənin güclü liderlik ilə idarə olunmasının vacibliyinə kənardan-Azərbaycandan baxışı izah etmək, qardaşlıq münasibətlərinin daha da inkişafına təkan vermək idi.
Xeyli görüşlərimiz oldu. Həm müttəfiqimiz olan hakim AK partiyası təmsilçiləri, həm Bələdiyyə nümayəndələri, sahibkarlar, vətəndaşlar, zəlzələdən zərər görmüş ailələr, universitet nümayəndələri ilə maraqlı görüş və müzakirələrimiz oldu.
İlk hiss etdiyimiz – bütün insanlarda Azərbaycana və onun prezidenti cənab İlham Əliyevə qarşı böyük hörmət və sevgi oldu. Azərbaycandan gəldiyimizi eşidən kimi hər kəsin gözündə bir sevgi dərhal yaranırdı. Əksər hallarda isə “bizden sayın Aliyevə salam söyləyin” deyirdilər. Qarabağda əldə etdiyimiz zəfərin qürur hissini burdakı bütün insanlarda da gördük. Əliyev-Ərdoğan qardaşlığının Türk Dünyasının inkişafının məhəng daşı olduğunu hər kəs söyləyirdi.
Son 20 ildə Ərzurum böyük inkişaf yolu keçib. İqtisadi, sosial cəhətdən şəhərdə və şəhər ətrafı kəndlərdə xeyli işlər görülüb. Şəhər bələdiyyəsi yaxşı işləyir. İnsanlar əsasən razıdırlar. Küçədə təsadüfən görüşdüyümüz insanların əksəriyyəti seçkidə cənab Ərdoğana və AK partiyaya səs verəcəklərini söyləyirdilər.
Azərbaycanın zəlzələ zamanı zərərçəkənlərə böyük dəstəyini hər görüşdə qeyd edirdilər. Bizim qardaşlıq səfərimizi çox sevinclə qarşıladılar. Ümumiyyətlə, bütün görüşlərdə “Bir millət İki dövlət” olduğumuz çox aydın hiss edilirdi.
Universitetə səfərimiz zamanı burda aparılan elmi tədqiqatlar bizi yaxşı mənada çox təəcübləndirdi. Hər il 100-150 elmi patent alan bu universitet ən müasir texnoloji yanaşmaları tətbiq edir. Azərbaycandan burda 3500 tələbə təhsil alır.
Ərzurum dünyanın ən yüksəkdə yerləşən şəhəridir. Burda kökləri Azərbaycandan olan, Təbrizdən olan xeyli insan var. Hətta danışıq şivələrini belə çox hallarda saxlayıblar. Məsələn, onlar da “gedirəm, gəlirəm” deyirlər. Bütün görüşlərdə bir daha əmin oldum ki, əlaqələrimizi daha da inkişaf etdirmək üçün xeyli imkanlar mövcuddur.
Biz bir-birimizi daha da yaxından tanımalıyıq. İmkanlarımızı paylaşmaqla daha da inkişaf edə bilərik. Dövlət başçıları arasında qardaşlıq hər iki ölkə üçün unikal şansdır”.