Siyası Online Qəzet

Batiniyyə və batinlər

Həllac, müridlərindən birinə göndərdiyi məktubda belə deyir: “Allah səni şəriətin zahirindən qorusun və küfr həqiqətini sənə açıqlasın. Çünki şəriətin zahiri gizli bir küfr, küfrün həqiqəti isə açıq bir mərifətdir.”

Din, bir peyğəmbərin Allahdan vəhy yoluyla aldığı və insanlara təbliğ etdiyi hökümlər, qaydalar və düsturlar deməkdir. Buna “haq din” deyildiyi kimi, “ilahi din” və ya “səmavi din” də deyilir. Bu tərifin xaricində qalan dinlər də batil dindir. Həmin İlahi dinlərin insan nəslinin çox az qisminə açıq olan gizli bir mənanı örtərək mühafizə etməsi ilə bağlı bəşər tarixinin dərin qatlarından süzülüb gələn bir düşüncə sistemi, qədim bir gələnək mövcuddur.

Əsrlər keçdi, unudulmuş və itirilmiş bu keçmişin yalnız parçaları qaldı. Bu gələnəklə bağlı həqiqətlər, bilgi və məlumatlar əsrlərlə ezoterik məbədlərin sütunları altında gizli qaldı. Keçmiş nə qədər təhrif olsa və nəticədə tamamilə unudulsa belə, bu daşlar altındakı sızıntı etibarlı kanallar vasitəsilə günümüzə qədər gəlib çıxa bilmişdir.

Din tarixində bu düşüncə və inanc sisteminə “batiniyyə”, həmin düşüncəni mənimsəyən, yəni İlahi vəhyin zahiri anlamı xaricində daha dərində gerçək mənaların olduğuna inanan və ayələri buna görə şərh edən axına isə “batinilər” deyilir. Bir sözlə, batinilik-İlahi Vəhyin zahiri mənası xaricində, gizli bir məlumatın olduğunu, bu məlumat ilə həqiqətin mahiyyətinin tam bilgisinin əldə edildiyi fikrini müdafiə edən bir cərəyandır. Bütün peyğəmbərlər kimi, Hz İsa da bu gerçəkliklərə işarə edərək batini həqiqətlərin vacibliyini önə sürmüşdür:

“Peyğəmbərlər üçün yazılmış bir çox hekayələr vardır. Bu səbəblə hərflərə deyil, mənaya baxmalısan. Çünki, Allahın dünyaya göndərdiyi bütün peyğəmbərlər qapalı danışmışlar.”

Axı nə? Nədir bu gizlilik? İnsanın ağlını, beynini coşduraraq özünə dartıb çəkən bu sirr və həqiqətlər nədir görəsən? Və ən əsası, əgər hər şey göründüyü kimidirsə, nəyə görə insan görünənlərlə qane olmadı və görünənlərin arxasında görünməyən prinsiplərə nail olmağa cəhd etdi?

Əlbəttə qeyd etməliyik ki, bu ehtiyac və tələb dövründən asılı olmayaraq hamıya aid deyil. Lakin, hər şeyin o qədər də sadə olmadığını başa düşənlər-fərqində olanlar, hər şeyi görünəndən ibarət olmadığını anlayanlar bəşər tarixinin hər dövründə meydana çıxmış və həmin hikmət zəncirlərinin halqalarına qoşulmağa cəhd etmişlər. Bəli, bu Batinilikdir. Bu bilginin qaynağı İlahidir, açıqlanmır, ancaq vasitəsiz təcrübə ilə bilinir. Batini bilgi sayəsində həqiqətin mahiyyətinin tam bilgisi əldə edilir. Batini bilgi doğuluşdan meydana gəlir və ancaq uyğun şərtlər gerçəkləşdikcə təzahür edər.

Xüsusi ilə bunu da qeyd etmək lazımdır ki, batinilik qapalı quruluşa əsaslandığı üçün onun haqqında bu günə kimi kifayət qədər ciddi araşdırmalar aparılmamışdır. Çünki, mövzuyla əlaqəli qaynaqların böyük bir qismi əsasən bu düşüncə sisteminin əleyhinə olan cərəyanlar və din alimləri tərəfindən ortaya qoyulmuşdur. Buna görə də əldə mövcud olan mənbələrin böyük bir qismi obyektivlikdən çox uzaqdır.

İslam tarixində batinilər haqqında ilk böhtanlar məhz ərəb tarixçiləri və səlnaməçiləri tərəfindən atılmışdır. Ümumiyyətlə, ortodoks İslamın batiniliyə baxışı keçmişdə olduğu kimi bu gün də birmənalı olaraq müsbət qarşılanmır. Məsələn, bir çox mötəbər və möhtərəm din alimlərinə görə batinilər gizli təşkilatları içində öz istədiklərini etməklə, ancaq zahirə (şəriətə) qarşı təqiyyə irəli sürməkdədirlər. Batini olduğunu deyən adam mürtəd sayılır, dindən çıxmışdır. Buna görə də onun fiqhi hökmü kafirdən daha ağırdır, qətli vacibdir. Onlara aman verilməməli, həmişə təqib olunmalı və şiddətlə cəzalandırılmalıdır. Əslində, “ortodoks İslam” deyərkən qəsd etdiyim ərəblərin divanə nəfsinin həqiqət üzərindəki əsarətinin dini don geyinmiş çılgın bir formasıdır.

Elə həmin zehniyyətin köləsi olan ərəbləşmiş din aliminin rəddiyyəsi və yaxud fanatik bir İslam tarixçisinin yazılı tarihi, həqiqəti axtaranların qənaətinə yön verməyə kifayət edir.

Azərbaycan ictimaiyyəti bu mövzuda kifayət qədər bilgiləndirilməsə də bu xalq tarix boyu qüvvətli bir ruhla batini bilgilərə hər zaman istedadlı bir millət olmuşdur, çunki bu üstünlük və ruhi aləmə açıq olma istedadımızı atalarımızdan miras aldığımız genlərimizdə daşıyırıq. Məhz bu gerçəkliyə bağlı düşüncə strotegiyasıyla, mənəviyyat və ruh tariximizin bu möhtəşəm səhifələrini yeni baxışla, muasir, mütərəqqi dünya görüşü ilə yenidən təhlil və təqdim etmək qərarına gəldim. Batini möhtəviyyatla bağlı olan tarixi məlumatların bir sintezilə, həyatımızı idarə edən qaranlıq sistemlər və insanoğlunun tarix öncəki köklərinə bağlayan sirrlərə də birlikdə toxunacayıq. Bu unudulmuş kökləri araşdırdıqca, milli mənsubiyyətimizlə bağlı qaranlıq məqamlara da işıq tutulacaqdır. Ona görə də ilk dəfə təqdim olunan bu məlumatları diqqətlə tədqiq etmənizi təklif edirəm. Xüsusi olaraq onu da qeyd edim ki, bu araşdırmamız heç bir siyasi görüş və ya inancı təbliğ etmədiyi kimi, qətiyyətlə hər hansı bir təşkilatın, qrupun, məzhəbin düşüncə və inanc birliyinin əleyhinə də deyildir.

Məramım bu məsələyə dil üzərindən gəlməkdir. Belə ki, mən metafizik mahiyyətindən çıxış edərək dilin, əslində qeyblə əlaqəli olduğunu düşünən və müşahidə edən bir insanam. Bu baxımdan dilin fəlsəfi əsasına diqqət yetirərkən ilk öncə batini ənənədə bildirilən ifadəsinə göz gəzdirməliyik. Burada dil, eyni zamanda qarışıqlığın və yetmiş iki dilin, yəni bütün dünya dillərinin bir tək dildən törəmiş olduğu yolundakı görüşün bir simvoludur.

Babil qülləsi-əsrlər boyu öz inşaatçılarını izzətləndirməli və Allaha meydan oxumalı olan əfsanəvi antik bina. Ancaq, bu cəsarətli plan nəticədə rüsvayçılıqla başa çatdı: insanlar bir-birini anlamadılar və başladıqları işi sona çatdıra bilmədilər. Bu hekayə bizə nəsə deyir və bizə düşən də deyilənlərdən öyüd-nəsihət götürməkdir.

Tövratda insanların Babildə bir şəhər və göyləri dələn bir qüllə tikdiklərindən söz açılır. Hansı ki, o qüllənin başında “ŞEM” (işıqlı keçid) quraşdırılmalı idi. Lakin Tanrı, nədənsə insanlığın yeni “eniqmatik eraya” addım atma cəhdlərinə qarşı narazılıq edir. Tövratda yazılır:

“Tanrı, insanoğullarının necə şəhər saldıqlarına və tikdikləri qülləyə baxdı və səsləndi: “Görün onlar nə iş gördülər! Onlar bu inadkar fikirlərindən əl çəkməyəcəklər… (Ona görə də) gəlin onların dilini elə qarışdıraq ki, bir-birini anlamaz hala gəlsinlər.” Dillər qarışdı, bir-birini anlamaz hala gəldilər və nəticədə o işləri yarım qaldı.”

Tövratda qeyd olunan məlum hadisədə həmin dilin o dövrdəki cəmiyyət fərdlərinin tək bir ruh və duyğu ətrafında birləşmələrini təmin edən bir vasitə olduğunu anlaya bilərik. Bu məntiq silsiləsi ilə davam edərkən çox haqlı suallarla qarşı-qarşıya qalırıq. Düşünürəm ki, həmin bu suallar qeyd olunan hadisənin hikmətini və xüsusildə də mövzumuzu anlamaq baxımından çox doğru suallardır. Görəsən insanların dilini qarışdıraraq vahid dil vəziyyətindən çıxarıb, nəticədə cəmiyyəti bir-birini anlamaz vəziyyətə düşürmək Tanrının nəyinə gərəkdi? Vahid dil anlayışı yüksək tərəqqi və inkişafın bir amilidirmi? Bəs vahiddillilik dünyada və xalqların həyatında nə kimi mühüm rol oynayır? Və ən əsası, “vahid dil” deyəndə hansı dil nəzərdə tutulur?

Ümumiyyətlə, dil hər bir cəmiyyətin formalaşmasında əhəmiyyətli bir rol oynayır və cəmiyyətdə bu dərəcə əhəmiyyətli rol ifa edən dil hər bir fərddə vardır.

Dillər tarixini araşdıranda bir-birinə yaxın cəmiyyət və xalqların bir çox dil elementinə ortaq olduğunu da görürük. Müxtəlif döyüşlər, istilalar, müstəmləkələr və beynəlxalq ticarət əlaqələri vasitələrilə mədəniyyətlərin bir-biri ilə qaynayıb qarışması tarix boyunca fərqli cəmiyyətləri bir-biriylə dil əlaqəsinə soxmuş və bu şəkildə biri digərini anlamağa başlamışdır.

Vahid ünsiyyət sistemi qurmaq bir amal uğrunda çalışan və yaşayan insanların ən böyük ehtiyac duyduqları şeydir. Elmin vahid dili də müxtəlif cəmiyyətlər arasındakı uzaqlıq və yaxınlıq anlayışlarını çoxdan dəyişdirmişdir. Bu anlamda vahid dil, içində birdən çox elm sahəsindən ibarət olan müştərək çalışmaların mütləq realizasiyası üçün lazım olan bir sistemdir. Məsələn, tibb-biologiyaya dair sahədə ortaq araşdırma edəcək bir alman mühəndis ilə bir türk tibb uzmanı əgər birlikdə müştərək dil meydana gətirməyi bacarmasalar, bir məqsəd və amal uğrunda əsla birləşə bilməzlər. Xüsusilə, öz elm sahələriylə əlaqədar hər hansı bir mövzunu qarşısındakına izah etməkdə çətinlik çəkəcəklər. Bu şəkildə də araşdırma təbii ki, heç bir nəticə verə bilməz. Burada bəhsi keçən ortaq dil yaratmaq, mütləq yeni bir dil ortaya çıxarmaq deyil, yalnız qarşısındakının nələri anlayıb nələrə çox uzaq olduğunun şüurunda olub, universal riyaziyyat dilinə söykənərək hesabatları ona görə seçmək, lazım olsa istifadə etdiyi sözləri/terminləri yenə qarşısındakının anlaya biləcəyi bir şəkildə açıqlamaqdır. Yəni bu dil, elmi dildir və çox qədim zamanlardan bu dildən istifadə olunur.

Deməli, “vahid dil”, kollektiv dil və o cümlədən, kollektiv şüur deməkdir. Əslində musiqiçilər əsrlərdir bu dildə danışırlar. Demək ki insanoğlu, universal bir dildə ünsiyyət qurmağı əsrlər əvvəlindən musiqiylə bacarmış, həm musiqi dünyasında həm də informasiya dünyasında ortaq bir dil inkişaf etdirməyi bacara bilmişdir.

Dini cəmiyyətlərdə də “din qardaşlığı” və “ümmət şüuru” bir növ kollektiv şüur hesab olunur. Kollektiv şüur praktiki olaraq individuallığı əridib yox edir. Bir sözlə, “mən”ləri “biz”ə çevirir. Yaxşı, bəs buna necə nail olmaq olar və bu zaman nə baş verir?

Batinilik əsrlərcə bu problemin həlli ilə məşğul olmuş, individuallığın dar, eqoist sərhədlərindən azad olmaqla, vahid sistemlə inteqrasiyaya girməyin ən optimal yollarını ortaya qoymuş və qlobal problemlərin birgə həlli yolunda atılan addımlarda yardımçı olmuşdur. Nəticədə çox dəyərli açıqlamalar və təcrübələr əldə edilmişdir.

İnsanlığın qayəsi “O” olmaqdır, lakin “O” olmaq üçün əvvəlcə “BİZ” olmalıyıq” deyən batin məktəbi bu sözlə dərin irfani mətləblərə toxunur. Əvvəlcə hamımızın müştərək bir həqiqəti olan “kəlam”, bir “ruh”” ətrafına toplanmağımızı önə sürən bu məktəb, gəlin “BİZ” olaq deyir, yəni bir rəngə boyanaq deyir. Bu rəng isə Allahın rəngidir. Gəlin, hamımız Allahın rənginə boyanaq. Bu yolla “BİZ” olaq, yəni “MƏN”lər dəyişib “BİZ” olmalıdır-“O” olmaq üçün. Yəni İnsan, vücudunda olan mənləri “ALLAH” ilə dəyişməlidir. Elə bu da individuallığın əridilib yox edilməsidir, batini-ezoterik məktəblərin önə sərdiyi “Vahid Şüur” anlayışı budur. “O” olmaqda qayə, “O”nun varlığı xaricində var bildiyinin gerçəkdə heç bir zaman var olmadığını elm yolu ilə qavramaq və bu yəqinliklə şüur dəyişdirməkdir. Yoxsa ki, “O”nun xaricində ikinci bir varlıq yoxdur ki, o da yox edilsin. Bilindiyi kimi, İttihadda “Mən və O” ikiliyi yoxdur, yalnızca “O” vardır.

Yuxarıda göstərdiyimiz ruhani modelin anoloji variantla maddi modeli də mövcuddur. Başqa bir sözlə, ruhani aləmdə mövud olan bütün gerçəkliklərin Yer üstündəki mənzərəsini yaratmaq mümkündür. Bu gün bir çox alimin də təsdiq etdiyi kimi, əgər bir qrup həmfikir insanlar hansısa bir konkret tapşırığı həll etmək üçün bir yerə toplaşsalar, onların müştərək “beyin fırtınası”nda nəsə yeni, başqa bir şeylər meydana gələcək. Məhz həmin bu qüvvə və hal, bizi əhatə edən informasiya sahəsilə effektiv rabitə yaradılmasını təmin edən bir vasitədir. Bu bağlantıdan sonra həmin qrupda vəhdət hissi yaranır, yeni fikirlərlə ortaq bir zehin və yeni duyğularla ortaq bir qəlb meydana gəlir. Həmin şüur ölçüsüsndə meydana gələn həqiqətlər isə başqa həqiqətlərdir və ona görə də bu həqiqətləri ifadə edən dil də başqa bir dildə olacaqdlr. Ona görə ki, bu dil insanla onun Həqiqəti arasında bir vasitə olmaqdan ibarətdir

və bu həqiqətlər anladılmır, çünki dilə gəlməz, yalnız işarətlə və ya simvolik bəyan edilər. Bu həmin vahid dildir ki, varoluş bu dil vasitəsilə hər zaman ünsiyyətdədir. İnsan isə sözün tam mənası olaraq bu ünsiyyəti anlayan və qurabilən qabiliyyətdə yaradılmış üstün varlıqdır. Bu dil hamımız üçün eynidir və düşünürəm ki, “Vahid Dil” deyərkən biz elə bunu anlamalıyıq.

Deməli, vahid dil olmadan kainatın yaradılışı və özü ilə inteqrasiyaya girmək, kainatla insan arasındakı həmahəngliyi və qanunauyğunluğu öyrənmək mümkün deyil. Bəs bu necə və nə zaman baş verir?

Bütün unudulmuş və itirilmiş keçmişin zəmnində bir faktor var-kainatdakı hər şey bir bütünün parçasıdır və bu bütünün üzərində də bir hakimiyyət mövcuddur. Keçmiş təhrif olsa və nəticədə tamamilə unudulsa belə, pozulmaz olan bir gerçəklik var. Həmin bütünün təmin olunması üçün biz vahid dilə qayıtmalıyıq. Bu Tanrı sözü, Tanrı dilidir. Bəli, hamımızın müştərək həqiqəti, müştərək dili və müştərək şüuru…

Deməli simvol insanla onun Həqiqəti arasında bir vasitə olmaqdan ibarətdir. Rəmz, misal və timsal mənasına da gələn simvol həmin vasitəçilik missiyasını yerinə yetirərkən qayənin, anlayışın, ideyanın əlamətini ifadə edən işari (rəmzi) formasıdır, yəni ən fundamental mənası ilə bir simvol bir neçə anlayışın uzlaşma yolu ilə təsvirlənməsidir. Başqa ifadə ilə desək, bir neçə həqiqətə birdən işarət etmə potensialına malikdir. His orqanları yoluyla anlamları çətin olan bəzi informasiyaları xatirə gətirir və mücərrət şeylər haqqında kompleks təsəvvür yaradır. O kamil bir ünsiyyətdir. Fərqli dil-yazı sistemlərinə sahib insanlara eyni dildən xitab etmənin ortaq yoludur.

Sakral simvolların yaşı bəşər sivilizasiyasından daha qədim dövrlərə qədər gedib çıxır. Batini-ezoterik ənənədə bu simvollar enerjilərin axımını təmin edən açarlar hesab edilir. Əgər doğru şəkildə istifadə edilsə hər biri bir enerji axınının qapısını açar. Buna görə də simvolların işləməsi və kainat nizamındakı əsl yeri ilə əlaqədar təsəvvürə malik olmaq lazımdır. Əski ənənələrdən, okult bilgilərdən, mistizimdə əldə edilən təcrübələrdən və ezoterik qaynaqlardakı qeydlərdən bu sahəyə aid bəzi məlumatlar ala bilərik. Çünki, kainatda var olan heç bir bilgi itməz, yalnız təkrar xatırlanana qədər unudular. Yəni, bu bilgilər sayəsində enerjiləri istifadə etmənin praktik yolları yenidən xatırlanmalıdır.

“Xüsusi simvollardan istifadə edərək və xüsusi zamanların təyin olunmasıyla keçmiş və gələcəklə əlaqə qurub istənilən informasiyalar alına bilər və o zaman keçmişə və gələcəyə hakim olmaq mümkün olacaqdır.” Bu fikirləri ilk olaraq ortaya qoyan Batinilərdir. Çünki, simvolik dil ilə təlimini nəsildən nəslə köçürən məhz onlardır. Hətta, cox vacib bir faktı unutmaq olmaz ki, hər simvolun ilkin yaranışında daşıdığı semantik məna yükünün ilk müəllifi də elə qədim batinilərdir. Minlərlə ildən bu yana batini təşkilatlar qurulmuş və bir sirlər sistemi yaradılmışdır. Çünki, sirlərin mühafizəsi üçün onların simvollaşdırılması (kodlaşdırılması) bütün insanlıq tarixi boyunca bu sirləri saxlayaraq günümüzə qədər çatdıran gizli təşkilatların var olmasını zəruri etmişdir. Bu sistemin istifadə etdiyi dil-simvolizm, yəni onların öz dili ilə desək “Tanrı Dili”dir.

Beləliklə, dilllər qarışdı, çünki bilgilər şifrələndi. Bilgi ona görə şifrələnir ki, şifrəni açmaq üçün açara malik olmayan, yəni həmin möhtəviyyata səlahiyyəti və istedadı olmayan kənar şəxs “şifrələnmiş mətni” oxuya bilməsin. Babil qülləsinin yıxılması da bu anlamda, sakral bilgilərin bağlı qapılar arxasında gizlənməsini simvollaşdırır. Bu mükəmməllikdən uzaqlaşan insan isə bir eniş dövrəsi keçirməkdədir.

Deməli nə zaman ki, bu dilin ruhu əlimizdən alındı məhz onda dilimiz qeyblə olan əlaqəsini itirdi. Bunun metafizik məhrumiyyətdən doğulan anlayış, tarixi kimlik və ruhi əlaqənin pozulması kimi fəlakətlərlə nəticələnən bir böhran olduğunu da deyə bilərik. Dilin təhrifinin batini-fəlsəfi cavabı insanların ilahi hikmətdən üz döndərməsi nəticəsində əsası İlahi Dilə dayanan dil birliyini onların öz nəfslərinə etdikləri zülmün bir nəticəsi olaraq itirmələridir. Bu məntiqlə müqəddəs kitabların təhrif olunması məsələsini Babil qülləsi hadisəsindən sonra dilin təhrifi prosesinin bir davamı kimi də görə bilərik.

Göründüyü kimi, simvollarla dolu bu İlahi lövhədə insanlıq tarixinin, onun inkişaf və tənəzzül dövrünün çox gizli məqamları ilə bağlı informaiyalar mövcuddur. Əgər maddə ötəsi-metafizik həqiqətləri dərk etmək istəyiriksə, bütün dinlərin və fəlsəfi cərəyanların ifadə tərzi olan simvollara müraciət etməli, onları ələ alıb dərindən incələməliyik. Çünki, hər İlahi simvol batini düşüncə gücü ilə yüklüdür. Ona görə də simvolların ifadə etdikləri mənalar onu anlayanlar üçün çox dərin və önəmlidir.

Zаmаn кеçdi, bu simvollar-bu dil və onların bətnindəki gizli mənalar ən etibarlı kanallarla əldən-ələ ötürüldü. Onun mürəkkəb və qəribə mənaları yeni varislərinin ağlını və qəlbini coşdurdu. Və beləcə simvollardakı sokral bilgilər etibarlı və mistik bir muhafizə ənənəsi ilə əsrlərin və ulusların arasından keçərək günümüzədək gəlib çıxa bilmişdir. Lakin, bu bilgilər seçilmiş olmayanlara və inisiasiyadan keçməyənlərə qadağan edilmişdir. Bəs bütün mədəniyyətlərin formalaşmasında böyük təsiri olan bu doktrinanın məzmunu nədən ibarətdir?


İslamda Quran ayələrinin görünən, zahiri anlamı xaricində daha dərində gerçək mənaların olduğuna inanan və ayələri buna görə şərh edən axına “batiniyyə”, bu düşüncəni mənimsəyən şəxsə də “batini” deyilir. Batinilərə görə ayələrdəki gizli mənaları, ibadətlərin mənəvi və əxlaqi özünü, varlıq və hadisələrin arxasındakı sirləri aydınlaşdıran batin elmi gizli elmdir və onu hər kəsə açıqlamaq doğru deyil. Çünki bu məxfi elmi və ondakı incə mənaları ya anlaya bilməzlər ya da yanlış anlayarlar. İnsanların batini elmi səhv anlamaları səbəbiylə dində yanlışa uğrama ehtimalları mövcuddur. Buna görə də bu elm xüsusi inisiasiyalardan keçmiş kəslərə geniş ölçüdə gizli öyrədilmişdir.

Elmlər içərisində gizli olanı vardır. Bunu ancaq arifi billah olanlar bilir.

İmam Cəfər əs-Sadiqin şagirdlərindən sayılan və batin elmini bildiyi irəli sürülən Cabir b. Həyyan bu elmi, “qanunların saxlanılan səbəblərini və ilahi şüura uyğun olan xüsusi məqsədləri bilməkdir” şəklində təsvir etmiş və bu şərhiylə dərin fəlsəfi məlumatlara işarə etmişdir.

Əli ibn Əbutalibdən sonra Məhəmməd Baqir və Cəfər əs-Sadiq kimi böyük imamlara intiqal edildiyinə inanılan batin elminin, bu elmi anlama və qavrama səviyyəsində olmadığından xalqa açıqlanması uyğun görünməmişdir. Çünki xalq batini mənaları qavrayamayacağından bu mövzuda deyilənləri doğru anlaya bilməz və çaşqınlığa məruz qalar. Əli ibn Əbutalibə nisbət edilən bir rəvayətə görə Hz. Peyğəmbər ona yetmiş növ elm öyrətmiş, ancaq xalqın onu yalançılıqla ittiham etməsindən çəkindiyi üçün bunları açıqlamamışdır. Zeynəlabidin və Cəfər əs-Sadiq kimi imamlar sahib olduqları batini məlumatlar haqda, bütpərəstliklə günahlandırılmalarından narahat olduqları üçün susduqları rəvayət edilir. Cəfər əs-Sadiqin bildiyi iddia edilən “cəfr” elminin də batin elmi olduğuna inanılır (Kuleyni, I, 240-241).

Əli ibn Əbutalib buyurmuşdur: “Quranın zahiri, zahir əhlinə açılan zahiri mənalardır, batini isə Əhli Həqlərin bildiyi sirlərdəndir. Ayənin zahiri onu düzgün oxumaqdır. Batini isə onun içindəki ilahi muradı və mesajı doğru anlaya bilməkdir. Quranın zahiri onun açıq mənasıdır, batini isə onun gizli olanıdır. Bu gizli olan, Allah ilə seçilmiş qulları arasındakı bir sirrdir.” (Bax. Şəhristani, Əbül-Fəth Məhəmməd b. Abdulkərim (548/1153), Məfatihul-Əsrar və Məsabihul-Əbrar (Təhq: Məhəmməd Əli Azərşeb), 1/66, (Tehran 2008).)

İbn Ərəbi, Təfsirul-Quranil-Kərim adlı işari təfsirinin müqəddiməsində, yuxarıda bəhsi keçən hədisi zikr edir və məzmununu belə açıqlayır: “Ayələrin zahiri onun təfsiridir, batini isə təvilidir. Həddi, ağılların onun mənalarından yüksələrək çatabildiyi son nöqtədir. Mətla (həqiqətlərin müşahidə nöqtəsi) isə, ayənin mənasından yüksələrək Malikül-Əllamın müşahidəsinə çatmaqdır.” (Muhyiddin İbn Ərəbi, “Təfsirul-Quranil-Kərim” (Təhq: Mustafa Qalib), s. 4 (Beyrut 1981).)

Şəriətlə həqiqəti eyni görən İbn Ərəbi, birinə zahir, digərinə batin deyildiyini, şəriətin xalqa, həqiqətin Haqqa baxdığını və əslində batinin, zahirin qaynağı və qayəsi olduğunu bildirmişdir.

Batıni düşüncə zaman-zaman müxtəlif qolları ilə İslam Dünyası içində fəaliyyət göstərən qruplara, cərəyanlara və təriqətlərə təsir edərək təsəvvüf-sufi məktəbinə də sirayət etmişdir. Dini zahir və batin olaraq iki hissəyə ayıran təsəvvüf məktəbinə görə, bunların birincisi fürudur ki, söz və əməl üzərində bina edilmiştir. Digəri isə əsl olan və əsas işlərdir ki, qəlb və gizli etiqadladır. Görə bilərik ki, Quranın zahiri ilə əlaqədar edilən şərhlər çox vaxt ortaq düşüncələr ətrafında dolaşır. Ayələrin batini yönünə gəldikdə isə təhqiqatımızın mövzusu olan hədis üzərində fikir bildirən sufilər kimi, mühəddis və müfəssirlər də etiraf edərək Quranın batini mənasının olduğunu bildirmişlər. Lakin onun tanınması, hüdudu, ifadə şəkli və təhlili mövzusunda fərqi fikirlər söyləmişlər. (Qaynaq: “Hər ayetin bir zahiri, bir batını vardır” hadisindeki zahir ve batın kavramları üzerine değerlendirmeler. Dilaver Selvi”)

“Hər bilənin üstündə bir bilən vardır” (Yusif 12/76)

—–

İslamiyyətin bir surəti və bir də həqiqəti vardır. Şəriət alimlərinə görə bu ikisinə birlikdə din deyilir. Batinilərə görə din həqiqətdir, çünki həqiqətin içindədir. Həqiqətin özü isə din deyil. Hətta, həqiqət qatında olan şüurun dini də olmur. Batinilikdə tövhid də bir yerə qədərdir və nəticədə tərk edilir. Qırılma nöqtəsi də məhz elə buradadır.

Batinilər Müqəddəs Quranın zahir və batin olmaq üzrə iki ayrı məna ölçüsünün olduğunu müdafiə etməklə yanaşı bu iki boyutluluğun digər müqəddəs kitablar üçün də keçərli olduğunu qəbul edirlər. İlahi kəlamdakı zahiri mənaların avamlara, batini, yəni öz və gerçək mənaların isə hikmət və həqiqət sahiblərinə (ulul elbab) məxsus olduğunu irəli sürərlər. Müqəddəs Quran hər iki sinifə də xitab edər, ancaq ayətlərin çoxunda yer alan ibarələrdəki məna avam üçündür. Həvvas və hassül-havvas ilə əlaqədər olan mənaların əksəriyyəti isə işarətlə bildirilmişdir. Bu mənalara nüfuz edə bilmək üçün ərəbcə bilmək, təfsir oxumaq yetməz, onlar kimi olmaq lazımdır. Çünki onlara görə batini informasiyalar samit hərflər və onların rəqəmsal dəyərində gizlidir. Müqəddəs Kitablardakı bu hərflər rəmzlərdir ki, gizli mənaları daşımaq üçün kodlaşdırılmışdır. Ona görə də bu simvolların təbiətində ondakı mənanın ağıl və məntiqlə asan başa düşülməsinə imkan verməyən bir xüsusiyyəti vardır.

Müqəddəs Quran da özünün zahir və batin olmaqla ikili mənalı bir kitab olduğunu bildirməkdədir: “Allah, sözün ən gözəlini, bir-birinə bənzər, iç içə ikili mənalar ifadə edən bir Kitab halında nazil etmişdir…” (Zumər/23)

Bu ayədə ərəbcə olan “məsaniyə” sözü ikili mənalı, yəni iki tərəfli və ya bükülmüş, qıvrılmış deməkdir ki, bu da Quranın ilk nəzərdə fərq edilə bilməyəcək və çox asanlıqla qəbul edilməyəcək bir başqa-ikinci mənasının varlığına şəhadət etməsi baxımından bir bəyanıdır. Bu ikili mənalardan biri ağıl və duyğu orqanlarının tədqiq sahəsinə girər, ikincisi isə ağılüstü bir qüdrət olan bəsirət və insanın içindəkiləri vasitəsilə bilinib dərk olunan, tam başqa bir tədqiq sahəsinə daxil olan həqiqətlərdir. Hz. Peyğəmbər bu nöqtəyə işarət edərək belə deyir: “Quran yeddi xətt (nüans) üzrə endirildi. Onun elə bir hərfi yoxdur ki, bir zahir, bir də batini məna daşımasın. Hər batinin də 7 batini vardır. Əbu Talibin oğlu Əlidə bu zahir və batinə aid elmlər mövcuddur.” (Əbu Nueym; Hilyə, 1/65)

Buna görə də yeddi rəqəminin batinilikdə xüsusi yeri və mənası var. Yuxarıdakı hədisin önəmli tərəfi isə Quranda yer alan hər bir simvoldakı gizli informasiyanın yeddi səviyyədə zühur etdiyini bildirməsidir, yəni hər bir simvol ayrı-ayrılıqda yeddi fərqli dərəcədən ibarət həqiqət və mənaları ortaya çıxarmaq potensialındadır. Bir başqa ifadə ilə o yeddi qat boxçalanmışdır. Hər kəs bu simvolları açıqlaya bilməz. Bu 7 xəttin mənbəyi isə “Qeybi Mütləq”dir. Bura isə, insan elminin heç vaxt çata bilməyəcəyi, Allahın zatını yalnız Allahın bildiyi yerdir.

“Hikmət öz evini tikdi, yeddi sütununu yondu.” (Süleymanın məsəlləri 9:1).

Ərəb dilində “din” sözünün mənası, “bir camaatın bir başçıya (imama) itaətidir. Bilindiyi kimi “itaət” də əmr və nəhy olmadan reallaşa bilməz. Bu ikisi bütövlükdə şəriətdir. Bu mənada, islamiyyəti bir insana bənzədə bilərik. Onun da insan kimi zahiri (bəşəri yönü) və batini, yəni həqiqəti (ruhu) vardır. Zahir, açıq olan əməlləri-dini hökmlər və şəriət hədlərini, batin də etiqadı və gizli xüsusları əhatə edir.

Tarixdə çox kimsələr islamın surətinə tutulmuş, həqiqətinə, özünə inanmamışlar. Vəhyin dərin qatlarını və incə mənalarını, işarətlərini anlayan ariflər isə həqiqətin özünü, zahir qabığını sındırmaqla əldə etmişlər. Surət ilə həqiqəti həm əməldə, həm də elmdə bir araya gətirmişlər. Burada, qaydalar gətirən din (şəriət) həm zahiri, həm də batini yönü ilə əsas hədəf olan o gizli həqiqətin xarici görünüşüdür, yəni zahiridir. Din, simvoldur (misal), həqiqət isə simvollaşdırılandır (məmsul). Rəsail, c. I, səh.100. Belə olan halda batin, dinin gizlədərək mühafizə etdiyi əsl və ən əsas məqsədlərin ön plana çəkilməsidir. Çünki dini yaradan, dindəki hər bir qaydanı və yaxud hərəkəti bir məqsədə görə bildirmişdir. Ağıl sahibi olan insan din içindəki bu hərəkətin məqsədini öyrənməyi bacarsa, o zaman bu hərəkəti şəxsən yerinə gətirmədən də onun hədəflədiyi məqsədə çata bilər.

Deməli, batinin fövqündə başqa bir Batin daha vardır. Bütövlükdə, bizim “din” dediyimiz əslində elə həmin batinin zahiridir. Yoxsa ki, bizim bu söhbətimizdə dinin batini ilə işimiz yoxdur. Bu sir batinin batinidir, həqiqətin həqiqətidir, sirr içində sirrdir. Həmin sirrə iman, yəni həqiqi iman insanların küfr hesab etdiyi qaranlığın (məntiqin) içindədir. Ulu Arif Mənsur Həllac da bu həqiqətə işarə edərək belə deyir: “Küfürlə iman arasında fərq görən kafirdir. Fəqət kafirlə mömin arasında fərq görməyən də kafirdir.”

—–

“Mən doğrunu söyləmirəm. Söyləyəcək olsam, məni burdan atarlar. Əgər bütün həqiqəti söyləsəm, məni şəhərdən də atarlar. Böyüklər, kiçiklər, hətta Mövlanə belə məni atar…” söyləmişdi Təbrizli Şəms. “Şübhəsiz ki, mən elmimin cövhərlərini gizləyirəm. Zira, cahil bir kimsə gerçəyi görüb fitnəyə düşməsin.” Bu məsələdə Həsənin atası Əli Hüseynə, ondan əvvəl də Həsənə vəsiyyət etmişdi: “Elə elm cövhərləri vardır ki, onu açıqlasaydım, əlbəttə mənə “sən bütə tapanlardansan” deyilərdi. Və əlbəttə, bəzi müsəlmanlar qanımı halal görərdilər. Etdikləri ən çirkin işi də gözəl görərdilər” Əli Zeynəlabidin. (Alusi, “Ruhul Məani”, 6/190). Niyə? Bu necə bir həqiqətdir? Nəyə görə hədəflər gizlənməlidir? Niyə bu sirrləri bilən bilməyənə öyrətmir?

Deməli batini sirrlər müəmmalı, təhlükəli və çox qorxulu informasiyalardır. Bu səbəbdən batini məlumatların məxfi saxlanmasının səbəblərini 3 koteqoriyada sinifləndirə bilərik:

1.Həmin sirrlərin bir həqiqət olmasına baxmayaraq yalana bənzəməsi-İslam dininin hökmlərinə bənzəməməzi. Dinin aradan getmə təhlükəsi, hətta bunu söyləyənin, mövcud şəriət hökmlərinə görə kafir adlanaraq boynunun vurulması;

2.Əsl həqiqət məlumatının dəyər qiymətdən salınması;

3.Sirrlərin cahillərin əlinə keçməməsi.

Elmlərin və mərifətlərin çoxu yazılır. Anlayan, anlamayan hər kəs oxuyur. Ancaq ayrıca verilən incə və gizli mətləblər vardır ki, heç biri açığa çıxarılmır. Hətta hərflə, işarətlə də bir şey söylənmir. Ümumiyyətlə bu incə bilgilərdən söz açılmaz. O qədər gizlindir ki, gizlilikləri ağızın açılmasının qabağını alır, dil tutulur. İstəsən də deyə bilmirsən. Bu sirlər bəyana sığmayan sirlərdir. Lakin o da bilinməlidir ki, bu nemətlərin hamısı vəhy qaynaqlarından gəlir.

Bu sirrlər, bütün sirrlərin mayasıdır və əsl hədəflər Quranda iç-içə saxlanılmışdır. Bu həqiqətlər, başqa həqiqətlərdir. Gizlidir, gizli olduğu kimi, bu həqiqətlərə aparan yollar da gizlindir. Əsl məqsəd və əsl hədəf bu həqiqətlərə vaqif olmaqdır.

Batinilər deyir: “Tanrı, Yaradıcı Qüdrətdir. Yaradılışla Yaradan qüdrət arasında fasilə yoxdur, Onun istəməsi ilə istəməməsi arasında da fasilə yoxdur və buna görə də Əmr ilə Amir birdir.” Deməli Yaradılış bir zərurətdir. Təkallahlı dinlərdə isə Xaliq və Məxluq ikiliyi olduğu halda, batinilikdə bu dilemma yoxdur. Mövcud olan hər şey Tanrıdan südur1 etmişdir və onunla olduğunu nümayiş etdirir. Kainat və Tanrı birdir. Tanrı vardır və onunla bərabər heçbir şey yoxdur, yəni Allahın varlığında şəriki yoxdur. Hər şüur ölçüsündə daha üst mənada ortaya çıxan bu “yaradılış” simvolu, batinilikdə zühuratdan başqa bir şey deyil və göründüyü kimi bu inanc, daha başından bəri dinə ziddir.

Qeyd:1 Çox vaxt sudur və ya feyz (emanasiya) anlayışları istifadə edilməkdədir.

Bu məntiqlə Allah Baqi olduğu üçün, Kainat da baqidir. Deməli, aləmin əvvəlinə nə bir əvvəl, sonuna da bir son tapılmaması inancı, həm Allah tərəfindən yaradılması, həm də axirət haqqında ənənəvi düşüncələrin üzərindən xətt çəkir. Bu cür səbəblərə görə batiniliyi təmsil edənlər heç bir dini sistemə daxil edilməyənlərdir. Prinsipləri isə tamamilə dinə ziddir.

Din elə bir pərdədir ki, üzərindəki zahiri gözəllik və əminlik arxasındakı həqiqətləri məharətlə gizlədə bilir. Belə ki, dinin arxasında batinilik, ürfan gizlənir. Deməli bizim məntiqimizlə yanaşsaq küfr1 edir. Çünki, əslində gerçək küfr elə dinin, şəriətin özünə məxsusdur. (Fəxrəddin Salim)

Qeyd:1 Küfr sözü ərəb dilində “kəfərə” felindən törəyib, sözün kökü bir şeyin üstünü örtmək, bağlamaq mənasındadır.

Demək istədiyimiz odur ki, batiniliyin bir din olması fikri nəzəri olaraq kökündən yanlışdır və diletantdır. Çünki, batinilik nəinki din deyil, əksinə bütün dinlərin varmaq istədiyi ana mərkəzə, nüvəyə gətirən fərqli bir yoldur. Bu mövqedən baxdığımız zaman bütün qədim din və mədəniyyətlərdə batiniliyin izlərini görmək mümkündür, çünki batinilik öz köküylə, sözlərilə daha qədimdir. Onun kökü və tarixi dinlərin tarixindən çox-çox öncələrə gedib dayanır.

Müqəddəs Quran, Kitab olaraq hidayət edici və xatırladıcıdır və onun bir adı da “Kəlami Qədim”dir. Bu iki kəlimənin birləşməsindən isə “Qədim Sözlər” (köhnə yazılar) alınır.

“Onun təvilini bir Allah bilir, bir də elmdə dərin olanlar-sağlam duruş sərgiləyənlərdən başqası (Ülul Əlbab) bunu anlaya bilməz.” (Ali İmran 7)

Ümumiyyətlə bu cür rəvayətlər şiəlikdə də çox vacib yer tutur. Xüsusilə də bir çox şiə ariflərinnin bu cür düşüncələrini şeir və ədəbiyyat vasitəsilə gündəmə gətirmələri daha məşhurdur. Şiə inanır ki, bu əlamətlər məsum imamlara agah olmuş və onların vasitəsilə əhlinə çatdırılmışdır. Bu mövzuda bir sıra bənzərliklərin olmasıyla bərabər, isna-əşərilikdəki batin anlayışı ilə sözü gedən batinilik arasında böyük bir fərq vardır. Belə ki, şiə məzhəbindəki bu anlayış, batinilikdə olduğu kimi heç bir zaman dini mükəlləfiyyətlərin tərk edilməsi nöqtəsinə vara bilməmişdir. Nassları zahir-batin ayrımına tabe tutaraq təvil edən, İslamın təməl müddəalarına aid ehkam və əqidə ilə bağlı ayə və hədisləri Müsəlmanların anlayışından fərqli şəkildə yorumlayıb, onlara başqa mənalar verə bilən bir məktəb əlbəttə ki, ibadət öhdəliklərini də ortadan qaldıra bilərdi.

—–

Hz. Məhəmməd hansı səbəblərə görə əsl həqiqətləri açıqlamaq yerinə dini-şəriəti iqamə etdi? Öna görə ki, islam peyğəmbəri dini təbliğ etməklə və İlahi Əxlaqı tamamlamaqla görəvləndirilmişdir. Deməli, batinilik həqiqətən də bir din deyil. Bir daha xatırladırıq ki, dinlərin ezoterik və eqzoterik yanları olsada, əslində həmin “batinilik” müəyyən seqmentlərə aid bir din də deyil. Dindən fərqli olaraq, “Mütləq Olana” daha fərqli və daha dərin bir baxışdır. Dində bəzən mərifətullah, bəzən də həqiqət məqamı deyilir, lakin din çərçivəsindəki həqiqət məqamından çox fərqli həqiqətlərdir. Mənsur Həllacın da dediyi kimi, “o, həqiqətin həqiqətidir”. İslam peyğəmbəri də həmin həqiqətlərin ünvanı kimi dəfələrlə Əli ibni Əbu Talibə işarət vermişdir. Hz. Əlinin bu vəzifəsi səbəbiylə Allah onu hər peyğəmbərə sirr olaraq bildirmiş və Hz. Məhəmmədlə açıq etmişdir. Hz. Əlinin bəzi xüsusiyyətlərini ortaya qoyan batinilər, onunla Hz. Məhəmməd arasındakı əlaqəni batini fikirləri dəstəkləyən mahiyyətdə ortaya qoyurlar. Bunu edərkən mərkəzə Hz. Əlini alırlar. İlk əvvəl ikisi arasındakı vəzifə fərqliliyini, “mən tənzil ilə mübarizə verdim, Əli də təvil ilə mübarizə verəcək” sözünü Hz. Peyğəmbərə isnad etməklə, daha sornra da Hz. Əlinin vəzifəsi olan təvili, tənzilin önünə keçirərlər. Çünki onlara görə tənzilin həqiqəti təvildir. Hz. Əlinin bu vəzifəsi səbəbiylə Allah onu hər peyğəmbərə sirr olaraq bildirmiş və Hz. Məhəmmədlə açıq etmişdir. Hz. Əlini “sahibi şərh” olaraq xarakterizə edən Fəzlullah, Hz. Məhəmmədin hansı səbəblərə görə həqiqəti açıqlamaq yerinə dini iqamə etdiyi sualına, bu həqiqətlərin və missiyanın Mehdiyə buraxıldığına iddia edərək cavab vermişdir. Bu mənada, batindəki “qurtuluş” zahirdəki qurtuluş kimi deyil. Batin yolunun Mehdisi başqa, zahirin Mehdisi başqadır.

“İmamət” fikri adətən batini düşüncənin təməl daşlarından birini təşkil edir. Batinilər hərflərin bətnində gizlənən həqiqi mənalardan hərəkətlə, Müqəddəs Quranda diqqət mərkəzinə çəkilən xüsusi ədəd və rəqəmləri də bir əsas kimi ələ alaraq imamət anlayışını ön plana çəkmiş, onların sayının yeddi olduğunu irəli sürmüşlər. Şübhəsiz ki, təvil anlayışında hərf və say mistisizmi həqiqətin dərk edilməsi üçün çox mühüm bir amildir. Bu səbəbdən batinilər yeddi və on iki sayına bağlı etiqatlarını xüsusi əhəmiyyət verdikləri hərf mistitizminə əsasən qurmuşlar. Yəni Yeddi Dövür, Yeddi İmam və On İki Naqib kimi, yeddi və on iki saylarına dayanan etiqadları tamamilə təvilə əsaslanır. Nəticədə Allahın varlığı və sifətləri, aləmin yaradılışı, bəzi etiqadi məsələlərlə bağlı suallar və ənənəvi ortodoks islam ilə qətiyyən əlaqəsi olmayan, hər kəsin anlaya bilməyəcəyi fikirlər və fəlsəfi şərhlər ortaya çıxır. Çünki, dini ehkamlara sığmayan bu mətləblərin kökündə batini elmlər yatır. Batinilikdə “imam” əslində 12 şiə imamının isna-əşərilikdəki formatı deyil. Belə olsaydı, sünni və şiə məzhəbləri onları “batini” adlandırmazdı. Buradakı “imam”dan məqsəd gizlin rəhbər və təbdili ruh (ruhların keçidi) vasitəsilə hər dövrdə İlahi eşqi və hüccəti tamamlayan şəxsdir. (Fəxrəddin Salim)

İlk baxşdan batiniliyin açıq bir ziddiyyətlər içində olduğu qənaətinə gəlmək olar. Bu vəziyyətdə, ziddiyyətlərlə dolu bir yolun müqəddəsləşdirilməsinin mənasızlığını vurğulamaq lazımdır. Ona görə də Allahı yaratma işindən tamamilə uzaq tutmaq kimi absurd görünən, tanınmayan, təsvir edilməyən və qarma-qarışıq bir şəkil alan Xaliq anlayışını yeni batini formatlara uyğun şəkildə ələ alaraq yeniən təqdim etməyi münasib bildik. Əslində, batini təlimlər epistemik təməllər üzərində qurulub. Bu təlimlərin düzgün və sağlam şəkildə başa düşmək, həmin epistemik təməllərin üzə çıxarılmasından çox asılıdır. Qeyd etməliyik ki, batinilikdə ziddiyyətli görünən bu məsələlər, “əzillə” (kölgələr) anlayışı çərçivəsində uyğunluq və özünə məxsus bir bütövlük təşkil edir.

Sadiq Alısoy