Siyası Online Qəzet

Millət vəkili Tamam Cəfərova Şamaxıda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfransda iştirak edib

Martın 30-da “Heydər Əliyev İli” çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda keçirilən elmi praktiki konfransda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, azərbaycançılıq məfkurəsinin yaranması və müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasına çevrilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasını bildirdi. Natiq həmçinin Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin fəlsəfi və siyasi mənasından bəhs edərək hazırda bu ideologiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə etdiyidən geniş söhbət açdı.
“Heydər Əliyev elm və təhsilin qüdrətli hamisi” mövzusunda çıxış edən Milli Məclisin deputatı Tamam Cəfərova ümummilli lider Heydər Əliyevin respublikamızda elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, milli kadr potensialının hazırlanmasındaki xidmətlərindən danışdı.
Konfransda digər çıxış edənlər professor Əlikram Abdullayev və professor İsaxan Vəliyev Ulu Öndər Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi olmasından, azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildiyindən və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırılmasından geniş söhbət açdılar.
Konfransda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.