Siyası Online Qəzet

Qarabağ Azərbaycan üçün qırmızı xətdir

Türk dünyası ilə bağlı keçirilən istənilən tədbir cəmiyyətimizdə xüsusi rəğbət hissi ilə qarşılanır. Çünki söhbət eyni dilin, ortaq milli-mənəvi və dini dəyərlərin daşıyıcısı olan xalqlardan gedir. Beynəlxalq münasibətlərin müstəqil subyekti olmağımıza rəğmən, tarixi bağlarımız dövlətlərarası əlaqələrdəki yaxınlığımızı təbii surətdə şərtləndirir. Təsadüfi deyil ki, əsrlər boyu bu yaxınlığa mane olmaq, doğma xalqlar arasına nifaq salmaq istəyən çox siyasi dairələr olub. Bu cür qüvvələr indi də var. Zaman-zaman müşahidə etdiyimiz türkofobiya, islamofobiya və ksenofobiya təzahürləri yalnız ayrı-ayrı fərdlərin cahilliyindən deyil, həm də ondan irəli gəlir ki, keçmişdə olduğu kimi, müasir dövrümüzdə də bəziləri Türk Dövlətlərinin birliyini özləri üçün ciddi geosiyasi rəqib hesab edirlər. Onlar yaxşı bilirlər ki, Türk Dövlətləri Təşkilatında tarixi təməllər üzərində birləşən müstəqil ölkələrin siyasi maraqları da təbii olaraq bir-birinə bağlıdır. Təsadüfi deyil ki, martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan giriş çıxışında məhz bu bəyanatı səsləndirdi: “Birliyimiz gücümüzdür!”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Ü.Quliyev qeyd edib ki, Türk dünyasının birliyini və gücünü təcəssüm etdirən, qardaş ölkələrin daha çox yaxınlaşmasına xidmət edən və Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə dövlət başçılarının müzakirəsinə “Fəlakət-Fövqəladə halların idarə edilməsi və humanitar yardım” kimi həssas bir mövzu çıxarılmışdı. Fevralın 6-da Türkiyədə ard-arda baş vermiş böyük dağıdıcı gücə malik iki zəlzələnin minlərlə insan tələfatına, on minlərlə insanın yaralanmasına və misli görünməmiş dağıntılara səbəb olduğunu nəzərə alsaq, bu mövzu ilə bağlı yüksək səviyyəli müzakirələrin qardaş Türkiyədə hansı həssaslıqla qarşılandığını və Türkiyə ictimaiyyəti üçün nə qədər əhəmiyyətli olduğunu duymamaq, görməmək mümkün deyil. Prezident İlham Əliyevin bu təşəbbüsü Türk dünyasının birliyinə xidmət etməklə yanaşı, həm də geosiyasi maraqların toqquşduğu mürəkkəb bir dövrdə qətiyyətli siyasi mövqenin ortaya qoyulması deməkdir. Elə bu səbəbdən Türkiyə Prezidenti dövlətimizin başçısına minnətdarlığını belə ifadə etdi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.

Deputat xatırladıb ki, zəlzələ bölgəsində dünyanın bir çox ölkəsindən xilasedicilər qrupu iştirak etdi. Hətta Ermənistan da bu prosesə qoşulmuşdu. Amma nə yazıq ki, Ermənistan hökumətinin bu addımı öz cəmiyyətində birmənalı qarşılanmadı. Nəinki cahillikdən əziyyət çəkən sıravi vətəndaşların, hətta üzdə olan erməni siyasətçilərinin və Ermənistanda ictimai fikrə təsir edə bilən ekspert və politoloqların da insanlığa sığmayan münasibətini gördük. Onlar təbii fəlakətin məhz Türkiyədə baş verdiyinə və böyük itkilərə səbəb olduğuna görə sevinclərini gizlətmir, Türkiyənin zəifləməsindən guya nəsə qazanacaqlarını açıq şəkildə ifadə edirdilər. Çoxsaylı insan faciəsinə görə yaşanan sevinc hissini anlamaq üçün gərək, həqiqətən də, bu düşüncə sahibləri kimi xəstə olasan. Bu cür qeyri-əxlaqi münasibət bir daha ona dəlalət edir ki, türkofobiya, türkə nifrət erməni cəmiyyətində dərin kök salıb. Bu, həm də Ermənistanın qonşularına qarşı irəli sürdüyü əsassız ərazi iddialarının hansı xəstə təxəyyüldən qaynaqlandığının göstəricisidir. Bu kimi simptomlar Ermənistan rəhbərliyinin xilasedici göndərmək qərarının guya səmimi qonşuluqdan və ya humanitar yardım istəyindən irəli gəldiyini də şübhə altına alır. Bəlkə də, Ermənistanın baş naziri N.Paşinyan həm də erməni cəmiyyətində yaşanan belə simptomların təsiri altında böyük səhvə yol verərək, 2019-cu ildə Şuşadan bəyan etmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Yəqin ki, elə eyni səbəbdən “yeni ərazilər uğrunda yeni müharibə” ilə bağlı hərbi doktrina da Ermənistanın hazırkı rəhbərliyi dövründə təsadüfən prioritet hədəf kimi seçilməmişdi. Amma Azərbaycan bu xam xəyalları 44 günlük Vətən müharibəsində puça çıxardı. Ona görə də Prezident İlham Əliyev Zirvə görüşündə tarixi Zəfərin ən parlaq nəticələrindən birini belə ifadə etdi: “2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır”.

Vurğulanıb ki, heç şübhəsiz, Azərbaycan Prezidentinin bu mesajını həm Ermənistan hakimiyyəti, həm də ona himayədarlıq edən dairələr eşitdilər. Bir daha əmin oldular ki, onların münasibətlərindən fərqli olaraq, bu Bəyannamənin təməlində siyasi maraqlar deyil, tarixi və ortaq milli-mənəvi dəyərlərdən irəli gələn qardaşlıq həmrəyliyi və liderlərimizin iradə əzmi dayanır. Elə bu doğmalığa görə, Azərbaycanın 940 nəfər xilasedici və tibb personalından, könüllülərdən ibarət sayca ən böyük heyəti zəlzələ bölgəsinə ezam etməsi heç kimdə təəccüb doğurmamalıdır. Xilasetmə işlərinə dərhal qoşulan və fəlakət bölgəsini ən son tərk edən də Azərbaycan heyəti oldu. Dövlətimizlə yanaşı, xalqımızın ilk gündən səfərbər olması, imkan səviyyəsindən asılı olmayaraq, qardaşlarımıza bütün mənalarda dəstək verməsi doğmalıqdan və vəfa borcundan irəli gəlir. Prezident İlham Əliyev Ermənistana havadarlıq edən, adəti üzrə erməniləri “məzlum”, “əzilən”, az qala “ən fağır millət” kimi təqdim edən dairələrə, o cümlədən həqiqətləri görmək istəməyən və ya özlərini onlardan bixəbər kimi aparan Avropa parlamentarilərinin diqqətinə bu həqiqəti də çatdırdı: “2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır”.

Cənubi Qafqazda həqiqətən dayanıqlı sülh və əmin-amanlıq görmək istəyən, hər vəchlə vasitəçiliyə can atan dairələr nəhayət Ermənistana izah etməlidirlər ki, Azərbaycanın təklif etdiyi tarixi sülh fürsətini əldən verməsin və üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirsin. Beynəlxalq ictimaiyyəti yalan təbliğatla aldatmağa çalışan, ölkəmizi az qala təhlükə mənbəyi kimi təqdim edənlər, əslində, ona dəyər verməlidirlər ki, Prezident İlham Əliyevin Ankarada qeyd etdiyi kimi, indi Azərbaycanın bir hədəfi var: “Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq”.

Sonda Ü.Quliyev vurğulayıb: “Himayədarlarının köməyi ilə Azərbaycanı təxribata çəkmək və ya yeni müharibəyə təhrik etməklə ölkəmizi quruculuq hədəfindən yayındırmaq istəyən Ermənistan hakimiyyəti bilməlidir ki, bu, faydasız və çox təhlükəli yoldur, nəticəsi onun üçün daha faciəvi ola bilər. Bu gerçəkliyi Ermənistanı əlində alətə çevirən və onu kənardan qızışdıran dairələr də nəzərə almalıdır. Türkofobiya qətnamə və hesabatların qəbul edilməsi üçün əsas olmamalıdır. Təəssüf ki, bu cür fobiyanın təzahürünü Avropa Parlamentinin bu günlərdə qəbul etdiyi “Aİ-Ermənistan əlaqələrinə” dair hesabatda da görmək mümkündür. Azərbaycan əleyhinə ədalətsiz qətnamədə olduğu kimi, bu hesabatda da tarixi faktlarla və beynəlxalq hüquq normaları ilə bir araya sığmayan fikirlər yer alır, 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı əsassız iddialar irəli sürülür. Xocalı soyqırımına göstərilən biganəlik fonunda bu cür ədalətsiz hesabatın qəbul edilməsi, təəssüf hissi ilə deməyə əsas verir ki, türkofobiya təkcə erməni cəmiyyətində deyil, hətta Avropa Parlamenti kimi ciddi bir qurumda da dərin kök salıb. Uydurma fobiyaları üzündən Azərbaycan və Türkiyə əleyhinə ədalətsiz və qərəzli sənədlərin qəbulunda iştirak edən parlamentarilərə Nobel mükafatı laureatı Mariya Sklodovska-Kürinin bu ibrətamiz sözlərini xatırlatmaq istərdim: “Həyatda qorxmalı olduğunuz heç nə yoxdur, sadəcə, başa düşməli olduğunuz şeylər vardır”.