Siyası Online Qəzet

Regionlarda qızların təhsil və peşə imkanlarına dair “Valideyn Forum”ları keçiriləcək

 

“Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsil və peşə hər bir qızın haqqıdır!” adlı maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.

3 ay müddətində (01 fevral – 01 may 2023-cü il) Cəlilabad, Salyan, Ucar və Qobustan rayonlarında həyata keçiriləcək layihənin əsas ideyasını bu regionlarda erkən nikahların yeniyetmə qızlara, onların tam orta təhsil, peşə sahibi olmalarına, karyera qurmalarına, mənəvi-psixoloji durumuna və ümumilikdə cəmiyyətin inkişafına və milli genefonduna göstərdiyi mənfi təsirlərlə mübarizədən və bu istiqamətdə ən vacib alətlər olaraq valideynlərlə aparılacaq maarifləndirici və sosial fəaliyyətlər təşkil edir.

Layihənin digər bir əsas məzmunu bölgələrdə erkən nikahlarla daha effektiv mübarizə üçün təhsil, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lər tərəfindən birgə səmərəli əməkdaşlığı, bu sahədə araşdırma, sorğu, PR kampaniyası və şəbəkələşməni nəzərdə tutur. Layihədə erkən nikahlarla mübarizədə dayanıqlı və səmərəli təsir mexanizmləri, ictimai qınaq və müdafiə sistemlərinin, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması metodlarının hazırlanması da nəzərdə tutulur.

Layihə çərçivəsində 4 regionda valideynlər, övladlar, təhsil işçiləri, aidiyyətli yerli qurumlar arasında erkən nikahlara dair sorğuların keçirilməsini, hər bir rayonda valideynlərin, yerli icra hakimiyyəti, təhsil, ailə, qadın, uşaq məsələri üzrə məsulların, hüquq-mühafizə, gənclər və idman, ağsaqqal, din institutunun və QHT-lərin iştirakı ilə erkən nikahlarla mübarizədə birgə fəaliyyətə, gələcək əməkdaşlığa hesablanan “Valideyn Forum”larının, davamlı fəaliyyətə motivasiya yaradan sosial aksiyaların təşkilini və mənəvi dəyərlərin aşılanmasına aid maarifləndirici təbliğat vastələrinin yayımı nəzərdə tutur.

Layihə davamlılıq, gələcək nəticəyönümlü addımlar üçün erkən nikahlarla mübarizəyə və onlara çevik reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət üsullarının hazırlanmasını da nəzərdə tutur.

Layihədə AR Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, onun regional idarələri, mərkəzləri və yerli icra hakimiyyətləri ilə tərəfdaşlıq qurulacaqdır.