Siyası Online Qəzet

Bu yol milli maraqlarımıza xidmət edir

Tarixin təkrarlanmaq kimi qanunauyğunluğu var. Bəziləri bunu yalnız tarixi proseslərin obyektiv diqtəsi ilə əlaqələndirməyə çalışır. Belələri cılız siyasi maraqları və qısqanclıqları ucbatından lider amilini, tarixdə şəxsiyyətlərin rolunu ya görməzdən gəlir, ya da onların əhəmiyyətini bilərəkdən kiçiltmək yolunu tuturlar. Unudurlar ki, bu məsələlər bir-biri ilə üzvi şəkildə bağlı olsa da, bir sıra hallarda məhz lider amili tarixi proseslərin gedişatına təsir edə, hətta onların axarını ciddi şəkildə dəyişə bilir. Eyni zamanda, konkret tarixi şəraitin lider yetişdirmək nümunəsi də danılmaz faktdır. Lakin hər iki halda, bu proseslərin mərkəzində insan amili dayanır. Prezident İlham Əliyev fevralın 13-də müstəqillik dövrümüzün ən böyük – 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında 47 il əvvəl verilən tarixi qərarı yada saldı:

 

“Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində-daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur”.

 

Ulu Öndər tərəfindən ölkəmizin enerji təhlükəsizliyinin bünövrəsi qoyularkən Azərbaycan totalitar bir quruluşun tərkibinə daxil idi. Həmin quruluşda sovetlər adı altında imperiya təfəkkürü hökmranlıq edirdi. Digər respublikalar kimi Azərbaycana da əyalət gözü ilə baxan mərkəzi hakimiyyət onların müstəqilliyini şərtləndirə biləcək hər hansı bir təşəbbüsü nəinki təqdir etmir, əksinə, imperiyanın maraqları üçün ciddi təklükə hesab edirdi. O zaman hətta elm və mədəniyyət sahələrində belə, mərkəzdən güclü asılılığın təmin olunması idarəçiliyin ana xəttini təşkil edirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndər Heydər Əliyev bu gün enerji təhlükəsizliyimizin əsasını təşkil edən Mingəçevir layihəsini həyata keçirə bilmişdi. Tarixdə şəxsiyyətlərin rolunun danılmaz olduğunu vurğulayarkən, məhz bu cür nümunələri nəzərdə tuturam. Tarixin təkrarlanmaq kimi qanunauyğunluqlarından biri isə budur ki, 47 il əvvəl bünövrəsi qoyulan bu strateji sahə məhz Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində yeni inkişaf  mərhələsinə yüksəldildi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının 8 blokunun yenidən qurulmasına start verildi. İki il sonra – 2020-ci ildə bu stansiyanın 2400 meqavatlıq generasiya gücü bərpa olundu. Əsaslı yenidənqurma işləri imkan verdi ki, 600 meqavatdan çox itkinin qarşısı alınsın. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, əslində, yeni, böyük bir stansiyanın tikintisi deməkdir. Təməli qoyulan stansiya  isə imkan verəcək ki, hər il təxminən 800 milyon kubmetrdən 1 milyard kubmetrə qədər təbii qaza qənaət olunsun. Enerji təhlükəsizliyinin Avropa üçün milli təhlükəsizlik məsələsinə çevrildiyi bir vaxtda, ölkəmizin bu sahədə oynadığı rolu nəzərə alsaq, indidən deyə bilərik ki, bu layihə də Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcək. Üstəlik, ən müasir standartlara cavab verən yeni stansiya  ətraf mühitin çirklənməsinin qarşısının alınmasında da əhəmiyyətli rol oynayacaq, atmosferə buraxılan karbon qazının həcmi 2 milyon tona qədər azalacaq. İqtisadi hesablamalara görə, layihəyə yatırılan sərmayə qısa müddətdə, cəmi bir neçə il ərzində özünü doğruldacaq.

 

Bu layihədə “Azərenerji” ilə yanaşı, İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri iştirak edirlər. Təməlqoyma mərasimində İtaliyanın şirkətlər və “Made İn İtaly” naziri Adolfo Ursonun iştirakı ona dəlalət edir ki, İtaliya ölkəmizlə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Nəzərə alsaq ki, bu əməkdaşlıq artıq enerji ilə bağlı strateji sahəni də əhatə edir, gələcək əməkdaşlığın daha əhatəli olacağı barədə indidən fikir yürütmək olar. Nazir Adolfo Urso bu məqama xüsusi diqqət yetirdi: “Biz Azərbaycanın tarixi dostuyuq və cənab Prezidentin artıq qeyd etdiyi kimi üçüncü nazirdir ki, bu gün Bakıya səfər edir. Müdafiə naziri, energetika naziri və bu gün isə şirkətlər naziri Bakıdadır. Bu, əslində, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir”.

 

Son bir ay ərzində İtaliyanın üç nazirinin Bakıya səfərinə və nümayəndə heyətlərinin tərkibinə diqqət yetirsək, görərik ki, ölkələrimiz arasında əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Dövlətimizin başçısı çıxışında əlaqələrin çoxvektorluğuna xüsusi diqqət yetirdi və yeni layihədə İtaliyanın əsas tərəfdaş kimi iştirakının təsadüfi olmadığını qeyd etdi: “TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır… Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq”.

 

Yeni layihəyə start verilməsi bir daha təsdiq edir ki, Azərbaycan ötən il iyulun 18-də Avropa Komissiyası ilə imzaladığı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə üzərinə götürdüyü öhdəliyin həyata keçirilməsində siyasi iradə bütövlüyünə sahibdir. Yeni İstilik Elektrik Stansiyasının inşası həm də imkan verəcək ki, TANAP  və TAP-ın, bütövlükdə Cənub Qaz Dəhlizinin artan ötürmə potensialından daha səmərəli istifadə olunsun. Bu il fevralın 3-də Bakıda təşkil olunmuş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarından sonra icrasına başlanılan bu layihə bir daha təsdiq edir ki, Azərbaycan Avropa ilə iqtisadi əməkdaşlıqla bağlı müəyyən etdiyi strateji hədəflərinə doğru inamla irəliləyir. Bu seçim Avropa ilə yanaşı, ölkəmizin rifahına və təhlükəsizliyinə, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına, bir sözlə, milli maraqlarımıza xidmət edir.

 

Ülvi Quliyev                                                                                         

Milli Məclisin deputatı