Siyası Online Qəzet

Xəzər Universiteti Türkiyədə Müzəffər Qafqaz İslam Ordusunun xatirəsini əbədiləşdirdi – FOTOLAR

2023-cü il fevralın 2-də Xəzər Universitetinin Mərmər salonunda Xəzər Universitetinin tələbələrdən ibarət nümayəndə heyətinin “Türkiyə-Azərbaycan Gənçlik Mübadiləsi Proqramı” çərçivəsində yanvarın 22-27-də Türkiyənin Ankara və Kırşehir Şəhərlərinə səfərinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Seçilmiş 13 tələbədən ibarət heyətə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyi rəhbərlik edib. Universitetin Beynəlxalq əlaqələr ofisinin əməkdaşı Fatimə
Vəliyeva isə nümayəndə heyətinin koordinatoru olaraq tədbirin aparıcılığnı edib.
Qeyd edək ki, yeni fəaliyyətə başlayan proqram çərçivəsində türkiyəli tələbələrdən ibarət nümayəndə heyəti artıq 2022-ci il dekabrın 12-16-da Xəzər Universitetinin qonağı olaraq
Bakıya gəlmiş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhərin görməli yerləri, tarixi-mədəni abidələri ilə tanış olmuşlar. Onların səfərini Türkiyə Gənclər və İdman Nazirliyinin Kırşehir İl Müdirliyi
təşkil edib. Rəhbəri də İl müdiri Numan Nafiz Şahin idi. Tədbirə universitet rəhbərliyi və əməkdaşları, tələbələr və valideynlər, media mənsubları qatılmışdılar.

Tədbir Kırşehir nümayəndə heyətinin Bakıda, Xəzər Universiteti nümayəndə heyətinin Ankara və Kırşehirdə müxtəlif tədbirlərdə iştirakını dolğun əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Sonra nümayəndə heyətinin rəhbəri Ə.Əmirbəyli səfər haqqında geniş məlumat verib. Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova çıxış edərək, səfərin uğurla başa çatması
münasibətilə universitetin nümayəndə heyətinə, Ankara və Kırşehirdə səfərin təşkilində böyük əmək sərf etmiş Türkiyə Gənclər və İdman Nazirliyinin Kırşehir İl müdirliyinin rəhbərliyi və
əməkdaşlarına, Xəzər Universitetinin nümayəndə heyətini qəbul etmiş Türkiyə dövlət rəsmilərinə dərin təçəkkürünü bildirib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxışında yeni mübadilə proqramının əhəmiyyətini nəzərə çatdırmaqla yanaşı
qeyd edib ki, Xəzər Universitetinin hərtərəfli inkişaf etmiş məzunlar hazırlamaq fəaliyyətində tələbələrin istər mübadilə proqramları, istərsə də digər əlaqə və əməkdaşlıqlar çərçivəsində
xarici ölkələrə səfərlərinin təşviqi və təşkili universitetin prioritet istiqamətlərindən biridir və ardıcıllıqla həyata keçirilir. Tələbə Təhminə Abbaslının anası Dilbər Abbaslı çıxış edərək, Xəzər Universitetində yüksək səviyyəli təhsil verildiyinə və tələbələrin belə məzmunlu səfərlərinin təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıq edib.

Təzadlar TV-nin baş redaktor müavini Elçin Məmmədli çıxışında özəl ali təhsil müəssisəsi kimi Xəzər Universitetinin fəaliyyətini yüksək dəyərləndirib. Ə. Əmirbəyli Türkiyədən H. İsaxanlı və İ. Xəlilovaya göndərilmiş hədiyyələri onlara təqdim edib. Proqramın iştiakçısı olan tələbələr səfərlə əlaqədar maraqlı təəssüratlarını bölüşüblər və universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Sonda H. İsaxanlı, İ. Xəlilova, universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı və Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva tələbələrə sertifikat təqdim edərək və xatirə şəkli çəkdiriblər.