Siyası Online Qəzet

Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları gecə saatlarında da fəaldırlar

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya 42-ci günündə gecə saatlarında da yüksək əhval-ruhiyyədə davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları bu dəqiqələrdə fəallıq göstərir, Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına “Yox!” deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Onlar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən yüksək vətənpərvərlik əzmi nümayiş etdirir, ənənəvi şüarlarını səsləndirirlər. Aksiya iştirakçılarının toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya keçən il dekabrın 12-də başlayıb.