Siyası Online Qəzet

“Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi çərçivəsində təlim kursuna başlanıb

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VI Qrant müsabiqəsinin qalibi olan və Bakı şəhər Nərimanov rayonu 212 №-li tam orta məktəb tərəfindən icra olunan “Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi üzrə təlim kursuna başlanmışdır. Bu haqda Layihənin PR xidməti məlumat yayıb.
212 №-li tam orta məktəbdə təşkil olunan və 10 gün davam edəcək mentor dəstəkli təlim kursunda adı çəkilən təhsil müəssisəsinin 20-yə yaxın ibtidai sinif müəllimi iştirak edərək, onlayn öyrətmə platforması Khan Academy peşəkar istifadə qaydaları, şagirdləri cəlb etməklə riyaziyyat, sürətli hesablama üzrə davamlı tədris aparmaq təcrübəsi üçün bilik, bacarıqlara yiyələnib, praktik təcrübələrini yüksəldib, arifmetika sahəsində potensiallarıını artıracaqlar.
Təlimin açılışında layihə rəhbəri, məktəbin direktoru Məlahər Rəhimova çıxış edərək, layihənin məktəbin və ümumi təhsil sisteminin inkişafında rolunu qeyd edərək, riyaziyyat fənni üzrə ibtidai siniflərdə tədrisin müasir üsul və texnologiyalarla aparılmasının zəruriliyini bildirdi və bu sahədə müəllimlərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətini vurğuladı.
Layihənin eksperti Asif Əsgərli çıxış edərək, Nərimanov rayonu 212 №-li tam orta məktəbdə ibtidai sinif şagirdlərinin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi, məntiqi təfəkkürü, hesab (sürətli hesablama) vərdişini və yüksək IQ qabiliyyətini inkişaf etdirmək üçün müəllimlərin bu təlim imkanlarından faydalanmasını və gələcəkdə bu işi aparmalarının və davamlı inkişaf etdirmələrini qeyd etdi.
Sonra təlim kursu təlimçi Dadaş Əhmədli tərəfindən interaktiv şəkildə başlanıldı və müəllimlərin rəy, fikir və müzakirələri ilə davam etdirildi. Təlim iştirakçıları mövzular üzrə təqdimatlarla tanış olub, verilmiş qrup tapşırıqlarının və təlim modulları üzrə işlərin icrasına cəlb olundular. Hər bir təlim gününün qiymətləndirilməsi aparıldı və növbəti təlim materialları çatdırıldı.