Siyası Online Qəzet

Sülhsevər Azərbaycanın “dəmir yumruğu” yerindədir   

Azərbaycanda dövlət başçısının düşünülmüş siyasəti nəticəsində, ölkəmizdə sabitlik qorunub-saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib və son 19 ildə bütün sahələr üzrə böyük uğurlara imza atıb. Sürətli sosial-iqtisadi inkişafını yaşayan Azərbaycanın əldə etdiyi  uğurlar, tərəqqi onun tarixinə Zəfər yazdı. Bu Zəfər hər bir azərbaycanlının fəxarət duyduğu qürürlandığı bir zamandır. Zəfərimiz bizi bütün dünyaya mübariz, qəhrəman bir xalq olaraq bir daha tanıtmış oldu və tarixi ədalətimiz bərpa olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə dövründə Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad olundu. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tarixi torpaqlarımıza səfəri və oradan verdiyi mesajlar, aparılan abadlıq-quruculuq işləri inkişafımızı daha da sürətləndirir.

Azərbaycanın tarixi şəhəri, alınmaz qala kimi tariximizə imza atmış Şuşanın işğaldan azad olunması və Zəfər günü tariximizin möhtəşəm səhifəsində yer alıb. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi günlərdə işğaldan azad olunan ərazilərimizə səfərləri və bu səfərlər çərçivəsində xalq arasında olması xüsusi önəm daşıyır. Bu günlərdə – tarixi bir gündə Zəfər günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşada olması və oradan verdiyi mesajlar böyük əhəmiyyət daşıyır. “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı” – deyə çıxışda bildirən Cənab Prezident bu şanlı tarixin bizimlə əbədi olacağını, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklərini diqqətə çatdırmışdır. “Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq”, – deyən dövlət başçısı bildirib ki, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir: “Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən, ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir” Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin azad edilməsi müjdəsini verdi. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. Qısa bir zamanda şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

“Hər dəfə Şuşada olarkən, – mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, – hər dəfə Zəfər Yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür”,- deyən Azərbaycan Prezidenti “Zəfər Yolu” adlandırdığımız yolun cəmi iki ilə yaxındır ki, çəkildiyni qeyd edib:”Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib”.

Heç şübhəsiz ki, Zəfər günündə Prezident İlham Əliyevin Ermənistanın havadarlarına ünvanladığı mesajlar da dövlət başçısının qətiyətli mövqeyini bir daha ifadə etmiş oldu. Prezident İlham Əliyevin erməni xalqına ünvanlandığı mesajlarda bölgəmizdə sülhün və sabitliyin təmin edilməsinə çağırış Azərbaycanın sülhsevər siyasətinə dəlalət edir. Azərbaycan müharibə istəmir, əks təqdirdə “dəmir yumruq” həmişə yerindədir. “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək”, – deyən Prezident bildirib ki, “istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi”. Cənab Prezident onu da qeyd edib ki, bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr – bütün bunlar Ermənistan üçün dərs olmalıdır: “Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır”.

Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə, tolerantlığa və s. verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvü oldu. Belə bir nüfuza sahib olan Azərbaycana dünyanın istənilən qitəsindən nəzər saldıqda Odlar Diyarındakı həyat böyük marağa səbəb olur.

 

Fizuli Həsənov, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri