Siyası Online Qəzet

Özbək bloqçu: “Bakı o qədər gözəldir ki, getmək istəmirsən”

Özbəkistandan olan tanınmış bloqçu, Özbəkistan-Qazaxıstan-Azərbaycan-BƏƏ-Qətər beynəlxalq avtomarafonunun iştirakçısı Asal Saparbayeva Bakının gözəlliyinə heyran olduğunu bildirib.

Milyonlarla izləyicisi olan bloqçu “Report”a müsahibəsində MDB ölkələrini tez-tez gəzdiyini və digər postsovet ölkələrinə bənzər nəsə görəcəyini gözlədiyini, amma yaxşı mənada təəccübləndiyini bildirib:

“Bura o qədər gözəldir ki, getmək istəmirsən”.

Sosial şəbəkələrdə “Littos” adı ilə məşhur olan A.Saparbayeva avtomarafonda yeddi iştirakçıdan biridir. Yeddi səyyah bu ilin dekabr ayına qədər avtomobillərini marşrutun Qətərdəki son nöqtəsinə qədər sürməlidir. Bu avtomobil marafonunun əsas məqsədi Özbəkistanın mədəniyyətini populyarlaşdırmaq, insanları özbək ənənəvi geyimləri və mətbəxi ilə tanış etmək və bununla da onları təşəbbüskarların vətəni – Özbəkistana gəlməyə həvəsləndirməkdir.

“Bakıya Aktaudan gəlmişik. İş elə alındı ki, biz özümüz bərə ilə gələ bilmədik, bərə maşınlarımızı daşıdı, biz də təyyarə ilə gəldik. Özbəkistanın Mədəniyyət Nazirliyi ilə uzun müddət bu layihə üzərində birlikdə işləmişik”, – o bildirib.