Siyası Online Qəzet

Leninoqosrkdakı azərbaycanlı icması qaçqınlar üçün Kursk şəhərinə humanitar yardım göndərib

 

Oktyabrın 4-də Donbas qaçqınları üçün humanitar yardım daşıyan avtomobil Leninoqorskdan yola düşüb. Bu yardım aksiyası Leninoqorsk bələdiyyə dairəsi və Leninoqorsk şəhəri administrasiyasının və Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının (MAAR) Məşvərət Şurasının üzvü, “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov tərəfindən təşkil edilib.
Tatarıstandan Kursk vilayətinə humanitar yardım göndərilməmişdən əvvəl Leninoqorsk şəhərinin mərkəzində Mədəniyyət Sarayının qarşısında dostluq mitinqi keçirilib və bu aksiyaya yerli sakinlər tanınmış ictimai xadim Ramiz Məmmədovun təşəbbüsünü dəstəkləməyə gəliblər. Onlar Leninoqorskdakı Azərbaycan diasporunun rəhbərini təbrik edir və bu nəcib işə xeyirli yol arzulayır.
Leninoqorsk sakinləri Ramiz Məmmədova xeyriyyəçilik işinə verdiyi töhfəyə görə minnətdarlıq ediblər.
Tatarıstan Respublikasının Leninoqorsk bələdiyyəsinin və Leninoqorsk şəhərinin rəhbəri Ryaqat Xusainov Donbassdan olan qaçqınlara humanitar yardımın göstərilməsinin vacibliyini qeyd edərək, daha çox Leninoqorsk sakinlərinin xeyriyyəçilik işlərində fəal iştirak etdiyini vurğulayıb. Şəhər meri bu mühüm humanitar yardımın təşəbbüskarlığına və təşkilatçılığına görə Ramiz Məmmədova minnətdarlığını bildirib.
“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov çıxışında vurğulayıb ki, bu gün heç vaxt olmadığı qədər həmrəy olmalıyıq. O, layihəni dəstəklədiyi üçün rayon rəhbəri Ryaqat Qaliaqzamoviçə və bu xeyirxah işdə göstərdikləri köməyə görə həmyerlilərinə minnətdarlığını bildirdi.
“Həyatda əsas şey xeyirxahlıq və qarşılıqlı yardımdır. İnsanları yaxşı əməllər birləşdirir. Axı, başqalarına kömək edən insan daha xoşbəxt olur” Ramiz Məmmədov deyib.
Qeyd edək ki, Donbassdan olan qaçqınlar hazırda Kursk vilayətinin müvəqqəti məskunlaşma mərkəzindədir. Onların ümumi sayı 1405 nəfər, o cümlədən 137 nəfəri 7 yaşadək uşaq, 335 nəfəri 18 yaşadək uşaq, 562 nəfəri qadın, 371 nəfəri kişidir.
Tatarıstan Respublikasının Leninoqorsk şəhərindəki Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov tərəfindən toplanan ərzaq bağlamalarına müxtəlif növ çay, qarabaşaq yarması, makaron, qatılaşdırılmış süd, un, nar şirəsi, günəbaxan yağı, kartof, soğan və digər məhsullar daxildir. Həmçinin ərzaq bağlamaları ilə yanaşı, qaçqınlar üçün lazım olan əşyalar da göndərilib.
Qeyd edək ki, “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədovun təşəbbüsü ilə uzun illərdir xeyriyyəçilik aksiyaları keçirilir. Həmyerlimiz tərəfindən ictimai təşkilatlara, qocalara, böyüklərə, aztəminatlı ailələrə yardım göstərilir.