Yeni WordPress Saytı

Azərbaycanda demokratikləşmə prosesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Samir  VƏLİYEV

YAP Nərimanov rayon təşkilatının sədri

Azərbaycanda gerçək demokratiyanın yaradıcısı kim olmuşdur? Bu sual özünün dövlət müstəqilliyini elan etdiyi 1991-ci ildən etibarən demokratiya uğrunda mübarizəyə qoşulan Azərbaycan cəmiyyəti üçün həmişə ən aktual suallardan biri olub. Doğrudur, indi cəmiyyətimizdə bu suala heç kim cavab axtarmır. Çünki, artıq cavab hər kəsə bəllidir.Hamıya gün kimi aydındır ki, bugünki müstəqil, qüdrətli, demokratik, sivil və dünyəvi Azərbaycan Respublikasının baş memarı Heydər Əliyevdir. Bu dövləti Heydər Əliyev qurub. Bu sərbəstlik, təhlükəsizlik, sabitlik, insan hüquq və azadlıqlarının qorunmasının yüksək səviyyədə təmin olunması məhz Heydər Əliyevin gərgin zəhmətinin nəticəsində olmuşdur. Demokratiya mövzusu Azərbaycan üçün təkcə daxili, siyasi və sosial-mədəni məsələ deyil. Bu məsələ Qərblə sıx inteqrasiya xətti götürmüş Azərbaycan üçün həm də xarici siyasət, beynəlxalq nüfuz məsələsi idi. Demokratiyanı bərqərar etmək, onu yaratmaq və inkişaf etdirmək bir ayın, bir ilin, lap üç-beş ilin işi deyildi. Demokratikləşmə uzunmüddətli və mürəkkəb bir prosesdir. Azərbaycanda demokratikləşmənin tarixi bütün hallarda 1989-cu ildən o yana keçmir. İlk işartıları 1988-ci ilin xalq hərəkatında görünən demokratiyada o zaman ifrat dərəcədə emosionallıq vardı. Ümumuilikdə götürdükdə isə, “ xalis demokratiya” anlayışı yoxdur. Bu mənada 1991-ci ilə qədərki dövrün demokratiyası mübahisəli mövzular sırasında dayanır. Gərçək demokratiya özünün hərfi mənasında yalnız siyasi sabitlik şəraitində mümkündür. Xaosla demokratiya bir araya sığmır. İndi hamının qəbul etdiyi bir həqiqət var: Azərbaycanda dayanıqlı sabitliyi Heydər Əliyev yaradıb. Azərbaycanda demokratikləşmə prosesinin Heydər Əliyevin adı ilə bağlı olması mübahisəsiz məsələdir. Amma Azərbaycan müxalifəti bu həqiqətlə, faktın özü ilə zorakılıqla, davakarcasına rəftar edirdi. Bununla da təzad yaranırdı. Necə olur ki, ölkəni vətəndaş müharibəsi həddinə çatdıran qüvvələr demokrat sayılır, lakin sabitlik yaradan qüvvələr yox? və ya hansı əsasla hakimiyyətdə ola-ola “xalqın lap 95 faizi də bizi istəməsə, hakimiyyətdən getməyəcəyik” deyə mürtəcə bir fikirlə çıxış edən, özlərini hələ də siyasətçi də sayan qüvvələr bu günün özündə də özlərini “demokrat” adlandırırlar?

Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabrın 21-də keçirilmiş 2-ci qurultayında bu məsələyə toxunaraq ona tam aydınlıq gətirdi: “ Aərbaycanda müxalifətdə olan partiyalar daim demokratiya haqqında danışırlar… Sən hələ Azərbaycan üçün bir iş görməmisən. Azərbaycanda demokratiyanı yaradan, inkişaf etdirən biz, Azərbaycanda islahatları həyata keçirən biz, Azərbaycanı dünyada tanıdan biz, bütün azadlıqları verən biz, indi nece oldu ki, siz demokrat oldunuz, iqtidar və Yeni Azərbaycan Partiyasl antidemokrat oldu?”

Ulu Öndərin bu sözlərinə şərh vermədən onun demokratiya, habelə Azərbaycandakı demokratikləşmə barədəki fikirlərinə diqqət yetirək. Heydər Əliyev demokratiya ilə bağlı fikirlərini belə inkişaf etdirirdi: “Azərbaycanda həqiqi demokratiya yaranıbdır, onu yaradan da Azərbaycan iqtidarıdır, onun Prezidentidir, Yeni Azərbaycan Partiyasıdır və biz heç bir Demkonqres tanımırıq”. Demokratiyanın prinsipləri hər bir ölkənin spesifikasına uyğun şəkildə tətbiq edilməlidir. Bununla belə demokratiyanın hamı tərəfindən yekdilliklə qəbul olunmuş başlıca təməl prinsipləri də var. Heydər Əliyev həmin prinsipləri belə sadalayırdı: “ Siyasi plüralizm, söz azadlığı, vicdan azadlığı, sərbəst iqtisadiyyat, hər bir insanın tam azad olması, demokratik seçkilərin keçirilməsi, demokratiya prinsipləri əsasında dövlət təsisatlarının yaranması və müxtəlif islahatların həyata keçirilməsi. Demokratiya mücərrəd anlayış deyildir, bunlardan ibarətdir. Biz bunları etmişik və edirik. Əgər biz bunları etməsəydik, Azərbaycan ötən dövrdə ağır vəziyyətdən çıxıb indi bu səviyyəyə qalxa bilərdimi? Ona görə də həqiqi demokratiya iqtidarın yaratdığı demokratiyadır. Həqiqi demokratiya Yeni Azərbaycan Partiyasına mənsubdur”.

Heydər Əliyevin siyasi fəlsəfəsinin əsasında gerçək vətəndaş həmrəyliyi və siyasi əxlaq faktoru dayanırdı. Heydər Əliyev müxtəlif yönümlü siyasi qüvvələr arasında konstruktiv dialoqun və sivil münasibətlərin tərafdarıdır. O, özünün bu mövqeyini həmişə bir zərurətlə dövlətçiliyi və demokratiyanı qorumağın zəruriliyi ilə əsaslandırır. Prezident Heydər Əliyev ona qarşı qərəzli mövqe tutan siyasi partiyaların sərbəst fəaliiyətlərinə yalnız qanun aliliyi prinsipindən yanaşır. “Mən Azərbaycanın prezidenti kimi ölkənin bütün vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısıyam” deyə bəyan edən Heydər Əliyev demokratiya yolundan dönməməyi ali məqsəd sayırdı. Onun fikrincə, müstəqilliyimizin bundan sonra da möhkəmlənməsi və Azərbaycanın demokratik, sivil və dünyəvi dövlət kimi inkişaf etməsi ölkəmizdə vətəndaş həmrəyliyi əsasında baş verməlidir.

Bəli Ümumimilli Lider bunları illər öncə deyəndə yeni müstəqillik qazanmış dövlətin inkişafı üçün bir yol xəritəsi çəkirdi və əmin idi ki, vaxt gələcək ağılı, zəkası və siyasi iradəsi ilə qurduğu, canından artıq sevdiyi Azərbaycan dünya nəhəngləri adları sırasında ön sıralarda olacaq.

Bu gün Ulu öndər Heydər Əliyevin demokratik inkişafla bağlı müəyyənləşdirdiyi yol, onun fikirləri, ideyaları dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla və böyük yaradıcılıqla davam etdirilir. Əgər biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışlarını nəzərdən keçirsək, onun demokratiya barəsində fikirlərində çox maraqlı məqamların, yeniliklərin olduğunu, demokratik proseslərə baxışının dünyanın tələblərilə tam uzlaşdığını görərik. Cənab Prezident göstərir ki, əsil demokratik cəmiyyət formalaşdırmaq üçün, birinci növbədə, maddi baza olmalıdır. Yəni, demokratik inkişaf möhkəm iqtisadi təmələ əsaslanmalıdır. Güclü iqtisadiyyat olmasa, səmərəli iqtisadi islahatlar keçirilməsə, şübhəsiz, demokratiyanın inkişafı üçün lazımi şərait ola bilməz. Çünki iqtisadiyyatı zəif olan ölkələrdə demokratiya da zəifdir. İqtisadi cəhətdən inkişaf edən ölkələrdə isə demokratik proseslər sürətlə gedir. Prezident İlham Əliyevin fikirlərindəki bir cəhət də çox maraqlıdır. Cənab Prezident doğru olaraq qeyd edir ki, iqtisadi islahatlar siyasi islahatlarla paralel getməlidir və bu iki amil bir-birini tamamlamalıdır. Əgər iqtisadi islahatlarla siyasi islahatlar bir-birinə paralel getməsə, əldə olunan uğurlar da müvəqqəti olacaq. Ölkəmizdə çox böyük iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyanın ən qabaqcıl dövlətlərindəndir. Sözsüz ki, hazırda aparılan və uğurla davam etdirilən demokratikləşmə xətti, məhz ümummilli lider Heydər Əliyev siyasi irsinə, düşüncə və baxışlarına əsaslanır.

Vətənqəhrəmanları.az

Aygün Məmmədova