Yeni WordPress Saytı

Konyada “Zəfərə doğru addımla” müsabiqəsinin qalibləri mükafatlandırıldı

09 noyabr 2021-ci il tarixdə  Selçuk Üniversitetində “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin  birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Zəfərə doğru addımla” layihəsi həyata keçirildi.
Tədbiri giriş sözü ilə açan Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev Qarabağ Zəfərinin Azərbaycan və Türkiyənin ortaq dəyəri olduğunu, Türkiyənin mənəvi və siyasi dəstəyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə işğal altında olan Qarabağımız 44 gündə işğaldan azad edildiyini bildirdi. Daha sonra çıxış edən “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri və “Zəfərə doğru addımla” layihəsinin rəhbəri Məhsəti Hüseynova layihə haqqında geniş məlumat verərək, artıq yeniyetmə və gəncliyin işğal tarixlərini deyil, Zəfər tarixlərini öyrənəcəyini, bu istiqamətdə gənclər arasında davamlı təbliğat işinin önəmini vurğuladı. Səbail bələdiyyəsinin gənclər və layihələr şöbəsinin  müdiri, Selçuk Universitetinin doktorantı Taleh Mansurov çıxış edərək Qarabağda ermənilərin vandalizm siyasətinə, ekoloji terror törətdiklərinə xüsusi diqqət çəkdi. Daha sonra Selçuk Universitetinin Prof. Dr. İlham Ənvəroğlu Qarabağ Zəfərimizin Azərbaycanla yanşı qardaş Türkiyədə də qeyd olunmasının iki qardaş ölkə gənclərinin yaxınlaşması və birliyi baxımından böyük önəmə malik olduğunu bildirdi.
Tədbirdə Selçuk Universitetinin tələbəsi Bartuhan Dağ Ermənistanın terror və işğal siyasəti, 44 günlük Qarabağ Zəfəri haqqında hazırladığı təqdimatı sərgilədi.
Həmçinin tədbirdə Fabel Group başqanı Fatih Göçmen çıxış edərək hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və bu Zəfərin Türk dünyasının zəfəri olduğunu qeyd etdi.
Tədbirdə Türkiyədən müsabiqəyə qatılmış 16-25 yaş arası gənclər mükafatlandırıldı. 1-ci, 2-ci və 3-cü yer üzrə qaliblərə müxtəlif qiymətli hədiyyələr, diplom və pul mükafatı təqdim olundu. Nəzərinizə çatdırırıq ki, layihənin 3 ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcəkdir.