Yeni WordPress Saytı

Bakıda “Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” əməkdaşlıq platforması təsis olunub

“Avropa gəncləri sülh naminə” adlı Beynəlxalq Gənclər Forumunun sonunda Azərbaycanın Cənubi Qafqaz və regionda sülh, əməkdaşlıq, mehriban qonşuluq və təhlükəsizliyin bərqərar olunması ilə bağlı çağırışlarını dəstəkləyən Bəyannamə qəbul edilib

Xəbər verildiyi kimi, noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı və Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə Zəfər Gününə həsr olunmuş “Avropa gəncləri sülh naminə” adlı Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib.

Zəfər Gününün birinci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində 20 ölkənin 30-dan artıq beynəlxalq təşkilat nümayəndələri bir çox dövlət qurumlarında görüşlər keçiriblər. Forum çərçivəsində Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər və fəal gənc ekspertlər Ağdam şəhərinə səfər ediblər.

Səfər çərçivəsində Avropalı nümayəndələr  Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini müşahidə edərək, Ağdam şəhərinin tarixi və mədəni irsinə qarşı törədilmiş cinayətin canlı şahidi olub, gördükləri mənzərə qarşısında dəhşətə gəldiklərini dilə gətiriblər.

Səfər zamanı nümayəndələr həmçinin işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud  vəziyyətlə tanış olub,  Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri haqqında məlumat əldə edib, Ağdamın Baş Planı ilə tanış olublar.

Qonaqlar Qarabağ torpağının ölkəmiz üçün hansı əhəmiyyəti olduğunu dilə gətirib, bundan sonra da haqq səsimizi geniş miqyasda duyurmaq üçün dəstək olacaqlarını bildiriblər.

Ağdam səfərindən sonra Vətən müharibəsi dövründə düşmən tərəfindən məqsədli şəkildə hərbi təcavüzə məruz qalmış Gəncə şəhərinə gediblər.

Səfərin məqsədi Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən  mülki əhaliyə qarşı törətdilən müharibə cinayətlərini Avropalı nümayəndələrə canlı göstərmək, dağıntılarla tanış etmək olub.

Nümayəndələr ziyarət zamanı mülki əhaliyə qarşı törədilmiş bu cinayət əməlini pisləyərək, bu müharibə cinayətini beynəlxalq səviyyədə dünyaya çatdırmaq üçün çalışacaqlarını bildirib, bu sahədə fəaliyyətləri barəsində fikirlərini çatdırıblar. Qonaqlar həlak olan insanların xatirəsini anaraq, əraziyə gül dəstələri yerləşdiriblər .

Gəncə səfəri Forumun proqramına uyğun olaraq “Mülki əhaliyə qarşı terror haqları və gənclər buna susmamalı” adlı panel müzakirəsi ilə davam edib. Panel müzakirəsində millət vəkilləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, eləcə də xarici qonaqlar iştirak edib.

Avropalı  qonaqlar mülki əhaliyə qarşı törədilən bu əməllərin müharibə cinayəti, hərbi cinayət olduğunu qeyd edib,  Ermənistanın bu əməlinə qarşı dünyanın münasibət bildirməsini və dünyanın susmamasına çağırışlar ediblər.

Forumun yekununda Azərbaycanın Cənubi Qafqaz və regionda sülh, əməkdaşlıq, mehriban qonşuluq və təhlükəsizliyin bərqərar olunması ilə bağlı çağırışlarını dəstəkləyən Bəyannamə qəbul edilib. Bəyannamədə qeyd olunub ki, uzun müddət Avropa qitəsində – Balkan, Post-Sovet, o cümlədən, Qafqaz regionunda mövcud olmuş silahlı münaqişələr, ərazi iddiaları, dövlətlərarası mübahisələr və separatizm bu bölgələrdə davamlı sülhə, təhlükəsizliyə, regional inkişafa, çoxtərəfli dialoq və əməkdaşlığa ciddi maneələr törətmişdir: “Bölgələrin strateji əhəmiyyəti, Şərq-Qərb və daha geniş coğrafi, siyasi və iqtisadi areala təsir imkanları Avropa ölkələrini, onların fəal gənclərini və gənclərlə işləyən QHT-nı birgə əməkdaşlıq, dialoq və inkişaf münasibətləri qurmağa, davamlı sülh, təhlükəsizlik, əmin-amanlıq və mehriban, dinc, birgə yaşamın bərqərar olmasına məsuliyyət daşımağa tövsiyyə edir.

Bu baxımdan Forum iştirakçıları olan biz gənclər bu gün, eləcə də gələcəkdə oxşar konfiliktli situasiyaların, münaqişələrin olmaması üçün davamlı sülh, regional inkişaf, dialoq və əməkdaşlıq sahəsində gənclər təşkilatlarının səy və təşəbbüslərinin genişlənməsini və bu istiqamətdə birgə, çoxtərəfli addımların atılmasını alqışlayır və təqdir edirik.

Davamlı sülh, təhlükəsiz və inkişaf etmiş bölgələr arealının genişləndirilməsinə ciddi maneələr yaradan dövlətlərarası münaqişələr, separatizm və əsassız ərazi iddiaları faktorları və bunlara qarşı mübarizə müxtəlif ölkələrin gənclər təşkilatlarının əməkdaşlıq və tərəfdaşlığının formalaşmasını və dayanıqlı requlyar fəaliyyətini zərurətə çevirmişdir”.

Sənəddə bildirilir ki, Qarabağ münaqişəsinin həll edilməsi, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın və digər region ölkələrinin təşəbbüsü ilə Qafqaza davamlı sülhün, təhlükəsizliyin gətirilməsi və çoxşaxəli nəqliyyat, kommunikasiya əlaqələrinin bərpası addımları ümumi Avropa məkanı üçün davamlı sülh sahəsində müsbət perspektivlərindən xəbər verir: “Davamlı sülh, təhlükəsizlik və inkişafa yönələn addımların atılması, bütün Avropa regionunu əhatə edən təşəbbüslərə müsbət yanaşmanı aktual edir və Forumda iştirak edən gənclər təşkilatlarının bu sahədə gələcək fəaliyyətləri üçün yeni imkanlar yaradır.

Forum iştirakçıları belə təşəbbüsləri dəstəklədiyini bəyan edərək, sülh şəraitində müxtəlif mədəniyyətlərin birgə yaşayışı, multikulturalizmin, tolerantlığın anlaşılması və münaqişələrin həllində rolu, çoxmədəniyyətli icmalarda gənclərlə iş, onların sosial iştirakçılığının yaymaq, təbliğ etmək, informasiya mübadiləsi aparmaq, gənclər arasında mədəniyyətlərarası dialoqa dair sağlam ünsiyyət və əməkdaşlığı gücləndirməyi zəruri sayır.

Biz Forumda iştirak edən və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən, qarşılıqlı əlaqələr quran, gənclərin  mədəni-humanitar və sosial inkişafında maraqlı olan gənclərlə işləyən QHT-ı, ev sahibi olaraq Azərbaycandan olan gənc həmkarlarımızın təşəbbüsünə müsbət yanaşaraq, davamlı sülh, təhlükəsizlik, regional inkişaf, dinc, mehriban yanaşı yaşam təşəbbüslərini alqışlayır, gənclərin bu sahələrdə yeni dialoq və əməkdaşlıq platformasının – şəbəkəsinin təsis olunmasını bəyan edirik”.

Xatırladaq ki, Avropanın gənclər təşkilatlarının iştirakı ilə mərkəzi Bakı şəhərində olan “Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı əməkdaşlıq platformasının təsis olunub.

 

Vetenqehremanlari.az