Yeni WordPress Saytı

Tarix yazan qəhrəmanlarımız

Qəhrəmanlıq-şəhidlik. Hər iki söz bir -biri ilə sinonimlik təşkil edərək dərin mənaya malikdirlər. Adlarının ağırlığı qədər də, mənaları da böyük ürək tələb edir. Görəsən, hər kəsdə bu ola bilirmi? Tarixi vərəqləsək, Azərbaycan saysız -hesabsız müharibələr aparmışdı. Belə müharibələrdən biri də, 1992-ci ildə ermənilər tərəfindən baş vermiş Qarabağ müharibəsi oldu. Bu müharibənin başlanılması Azərbaycanın tarixinə qara buludları çökdürdü.Torpaqlarımızın 20 faizinin işğal edilməsi xüsusən dilbər guşəmiz Qarabağın düşmən əsarəti altina kecməsi, sadə xalqın öz doğma yurd-yuvalarından didərgin düşmələri, bizim hər birimiz üçün olduqca ağır, dözulməz bir zərbə oldu.Yaş katekoriyasından asılı olmuyaraq,hər kəs Qarabağın azadlığı uğurunda böyük qəhrəmanlıq göstərməyə hazır idi…

Aprel döyüşlərindəki qələbə, daha sonra Tovuz hadisələrinin başlanılması ilə Qarabağa gedən yolda bir addım da irəlilədik.Məhz bu yolda Azərbaycanın Rəşadətli ordusu 44 günlük Vətən müharibəsi dönəmində misilsiz qəhrəmanlıqlarını bir daha sübut etdilər. Necə deyərlər:

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu.

Bəli, 3000-ə yaxın əvəzsiz oğullarımız torpaqlarımızın azadlığı uğurunda hərbi yolda, sinəsini düşmən gülləsinə qurban verərək səhid oldular. Belə oğullarımızdan biri də Qurbanov Davud Tariyel oğludur. (Qeyd etmək istəyirəm ki, Qurbanovlar ailəsinin ilk övlad itkisi yaşamırlar. Onların 1993-cü ildə 2 azyaşlı övladları avtomobil qəzasında həlak olmuşdurlar.) Davudun dünyaya gəlişi bu ailəyə  nə qədər böyük sevinc, xoşbəxtlik gətirsə də, gedişi də bir o qədər ağır, dözülməz oldu. Amma bu ailəyə şərəf gətirdi…

“Övlad” sözü 5 hərfi əhatə etsə də bir ana üçün bir dünya deməkdir.Davud kimi bir oğlun itkisi isə Qənirə ana üçün dağılmış bir dünya oldu. O dünya ki, nə qədər bərpa edilsə də izləri qalar…

Davud 1996-cı il fevral ayının 15-də Bakı şəhərində anadan olmuşdur.2002-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsinin R.Pinzərov adına 299 saylı məktəbi-litseyinin 1-ci sinifinə daxil olmuşdur.Məktəbdə oxuduğu illərdə qeyri-adi bacarıq, xüsusi istedadına görə həmyaşıdlarından secilirdi.Anası Qənirə xanımın sözlərinə görə, onun hazırcavab, dərin düşüncəyə malik, zarafatcıl, öncədən hissetmə qabilliyətinə malik olması isə Davudun özəl xusiyyətlərindən  idi.Hələ məktəbdə oxuduğu illərdə İnsan hüquqları təşkilatının üzvü  olmuşdur.Universitet həyatında da bu fəaliyyətini davam etdirmişdir.Məktəbi uğurla bitirərək, 2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub. Daha sonra 2017- ci ildə həmin fakültənin magistr pilləsində təhsilini davam etdirib. Tələbəlik ilərində də Davud nizam-intizam, çalışqanlığı, vətənpərvərlyi ilə də seçilirdi. Hətta universitetin 1-ci kursunda oxuyarkən, Xocalı soyqırımı haqqında hazırladığı videocarxı 15 müsəlman ölkəsinə yayımlamışdı. Vətəninin başına gətirilən erməni vəhşiliklərini bütün dünyaya çatdırmışdı. Hər yerdə, çalışdığı telekanallarda belə, hər kəs tərəfindən özünə böyük sevgi, hörmət qazanardı. Təhsilini başa vurduqdan sonra 2019-cu il oktyabr ayının 1-i Mingəçevir rayonuna həqiqi hərbi xidmətə yola düşür.Davud, savad və bacarığına görə burada da qısa zaman ərzində kiçik çavuş rütbəsinə yüksəlir. Əsgərlik dönəmində, hətta Tovuz hadisələri başlanan zamanda ailəsi ilə tez -tez telefon danışıqları edərdi. Əslən Qazax bolgəsindən olan Qurbanovlar ailəsi avqust ayında Qazax rayonuna yola düşürlər. Bəlkə də ana oğlunun şəhid olacağını hiss edərək, son dəfə oğluna sarılmaq, onu doya-doya öpmək istəyib. Yolda Qənirə ana Davudu görmək üçün xidmət etdiyi hərbi hissəyə dönür.Hərbi hissədən Davudun müəyyən zamanadır Goranboy rayonunun Tapqaraqoyunlu istiqamətində təlimdə olduğu bildirilib. Anasının sözlərinə görə, Davud hər zaman, hər şeyə o qədər tədbirli, hazırlıqlı olardı ki, müharibə dönəmində də baş verəcəklərə adi bir hal kimi yanaşardı. Hər kəs böyük səbirsizliklə oktyabr ayının 1-də Davudun qayıdışını gözləyirdi. Bəzən heç də hər şey biz düşündüyümz kimi baş verməz. Sentyabr ayınıın 27-də ordumuzun ermənilərə qarşı apardığı əks-hücum əməliyyatları Vətən müharibəsinin başlanılmasına səbəb oldu. Goranboy rayonunu Tapqaraqoyunlu istiqaməti, Tərtər,Cəbrayıl rayonlarının uğrunda gedən döyüşlərdə böyük şücaət göstərək iştirak edir. Oktyabr ayının 3-də Suqovşanın azad olunmasında qəhrəmancasına şəhid olur. Ölümündən sonra “Suqovşanın azad olunmasına görə”, “Cəsur döyşçü”, “Vətən uğurunda” medalları ilə təltif olunur.

Qonağı olduğu verilişlərin birində belə bir sual ünvanlanır: Nə vaxt öləcəyini bilmək istəyərsən, yoxsa necə öləcəyini?

Hər zaman ki, kimi məntiqlə “Nə vaxt öləcəyimi bilmək istəyərəm ki, onda da necə öləcəyimi biləcəm” cavabını verib.

Əgər bilsəydi dönüşünə 2 gün qalmış şəhid olcaq, bir əlində bayraq, bir əlində silah ölümünü düşünərdi.Son sözü isə ailəsinə “Siz mənimlə fəxr edəcəksiz” olur. Bu gün nəinki biz, bütün Azərbaycan səninlə fəxr edir. Eləcə də, Davudun 11 illik təhsil aldığı 299 nömrəli məktəbin, başda direktor Solmaz müəllimə olmaqla bütün şagird və müəllim kollektivləri şəhidi dərin ehtiramla yad edirlər.Onun adına xüsusi sinif otağı ayrılaraq, əşyaları sərgi olaraq saxlanılır.10 01.2020-ci il tarixində Davudun anım gününə həsr edilərək, məktəb nəzdində keçirilmiş tədbir bunun bariz numunəsidir. Qazax rayonunda dəfn edilməsinə baxmıyaraq, hər kəs Davudun qəbrini ziyarət edərək yad edir. Davudun ölümünü hələ də qəbul etməyən Qənirə ana, bu gün yalnız tək təsəllisi uğurlu həyatı kimi, ölümünün də zəfərlə bitməsidir.

Belə bir deyim var: “Əvəzolunmaz insan yoxdur”. Sadəcə, insan var ki, başqası ilə əvəz etmək istəmirsən. Mən 44 günlük Vətən müharibəsi dönəmində baş verənləri bir daha analiz etdikdən sonra bu fikrin yalnış olduğunu gördüm.Bu gün bu insanlar qəhrəmanlıq salnaməsi ilə yanaşı, tarixi salnamə də bəxş etdilər. O tarix ki, adları qan damcıları ilə həkk olundu.Yazdıqları salnamə, bəxş etdikləri tarix bütün dünyanı lərzəyə gətirdi.Sizlər əvəzolunmaz insan yox, bütün Azərbaycanın əvəzolunmaz qəhrəmanlarısız.

Haqqınız ödənilməz, qəhrəmanlarım…

ALLAH sizlərə Rəhmət etsin!

Gülnar Ələsgərova

Vetenqehremanlari.az