Yeni WordPress Saytı

Krasnoyarskda ənənəvi Nar bayramı keçirilib

Bu günlərdə Rusiyanın Krasnoyarsk şəhərində yaşayan soydaşlarımız ənənəvi Nar bayramını qeyd ediblər. Tədbir Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) yerli nümayəndəliyi tərəfindən təşkil olunub.

Tədbirdə Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının rəhbərliyi, RATİ-nin yerli nümayəndəliyinin üzvləri,  yerli rəsmilər, digər ictimai birliklərin rəhbərləri, KİV nümayəndələri, azərbaycanlılar iştirak edib.

Krasnoyarsk şəhərindəki Əmək və Anlaşma Sarayında keçirilən bayram çərçivəsində Azərbaycan xalqının ədəbiyyatı, milli geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, nardan hazırlanmış ənənəvi milli mətbəxin nümunələrindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin keçirildiyi səhnə isə milli xalçalar, narla dolu toxunma səbətlər və bannerlərlə bəzədilib. Bayram şənliyində “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı, “Artefakt” teatrının yaradıcı kollektivi,  müğənnilər çıxış edib. Uşaqlar arasında ən yaxşı yaradıcılıq işləri üzrə müsabiqələr təşkil olunub.

Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudov çıxış edərək şənlik iştirakçılarını təbrik edib, Nar bayramının əhəmiyyətindən danışıb.

 

Sonda Taleh Mahmudov müsabiqə qaliblərinə mükafatları təqdim edib.