Yeni WordPress Saytı

“Bir şəhid qardaşı kimi Zəfər Gününü qürur hissi ilə gözləyirəm”

Əli Kazımov: “Rusiyada diasporumuzun birliyi üçün yalnız sağlam rəqabət aparmaq lazımdır”

Hazırda xaricdəki azərbaycanlılar da qarşıdan gələn Zəfər Günü bayramına hazırlaşır. Bu, soydaşlarımızın birlik və həmrəyliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu mövzuda Moskva şəhərinin Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımovun “Azerforum.com”a müsahibəsini təqdim edirik.

-Əli müəllim, öncə özünüz haqqında məlumat vermənizi xahiş edirik.

-Mən, Kazımov Əli Əli oğlu 1975-ci ildə Hacıqabul rayonunda anadan olmuşam.  6 və 7 saylı orta məktəblərdə təhsil almışam. 2008 – 2013-cü illərdə Rusiya Vəkillər və Notariat Akademiyasında oxumuşam. Hal-hazırda ikinci təhsilimi Rusiya Kənd Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyanın Bələdiyyə hüququ fakültəsində oxuyuram. 2017-ci ildən Moskva şəhəri Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədriyəm. Evliyiəm, 4 övladım var.

-Qarşıda Zəfər Günü gəlir. Qalib xalqın diasporu olaraq bu günlə bağlı nə kimi planlarınız var?

-Mən də bir şəhid qardaşı kimi Zəfər Gününü səbirsizliklə və qürur hissi ilə gözləyirəm. Qismət olsa bu günü Bakıda sizlərlə qeyd edəcəm. Alınmasa bir Azərbaycan cəmiyyəti olaraq Moskvada qeyd edəcəyik. Bizim millətə qələbə yaraşır. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan ordusu! ALLAH millətimizi qorusun.

– Rusiyada diasporumuzun inkişafı özünü nədə göstərir?

-Rusiyada diasporumuzun inkişafını, müxtəlif regionlarında qeydiyyatdan keçmiş Azərbaycan cəmiyyətlərinin sözdə deyil, konkret fəaliyyət göstərmələrində görürəm. Bizim cəmiyyət (Azərbaycan naminə) dövlət orqanları ilə əlaqəli tədbirlər keçirir. Demək olar ki, keçirdiyimiz hər tədbirdə, yaxud gorüşdə yüksək rütbəli zabitlər, generallar iştirak edirlər. Əsas prioritet Azərbaycan dilinin, adət-ənənələrinin qorunub saxlanması və Rusiya-Azərbaycan dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

 

-Ümumiyyətlə, Rusiyada diasporumuzun birliyi üçün hansı addımlar atılmalıdır?

-Rusiyada diasporumuzun birliyi üçün yalnız sağlam rəqabət aparmaq lazımdır. Rusiya böyük dövlətdir, hər regionda, hər şəhərdə Azərbaycan cəmiyyətlərinin olmasının tərafdarıyam, amma konkret iş və nəticə göstərilməlidir. Düşünürəm ki, belə halda həm birlik və bir-birimizdən öyrəniləsi işlər çox olar.

-Bu günlərdə Rusiyada keçirilmiş seçkilərdə üç soydaşımız deputat seçilib. Bunu Azərbaycan diasporunun uğuru kimi qiymətləndirmək olarmı?

-Sevindirici haldır ki, bu yaxınlarda Rusiyada keçirilən seçkilərdə üz nəfər soydaşlarımız deputat seçilib. Bildiyim qədər, bunların ikisi Azərbaycan cəmiyyətləri sədridirlər. Hesab edirəm ki, bu, diasporumuzun uğurudur.  Ümumiyyətlə, Rusiyada yaşayan hər bir soydaşımızın inteqrasiyası, vəzifələrə təyin olunması diasporumuzun uğurudur. Düşünürəm ki, yüksək postlara təyin olunmaq və Azərbaycan naminə işlər görmək cəmiyyətlərin öndə görülən işlərindən olmalıdır.