Yeni WordPress Saytı

Millət vəkili “Regional İnkişaf” İctimai Birliyinin sədri ilə görüşüb

Millət vəkili Jalə Əhmədova Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayevlə görüşüb.

“Vetenqehremanlari.az” xəbər verir ki, görüşdə Salyan rayonunun sosial-iqtisadi inkişafı, kiçik sahibkarlıq, gənclərə dəstək məsələlərini müzakirə edilib. Habelə rayonda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün süni örtüklü mini-futbol və digər idman meydançaları, ana və uşaqlar üçün körpələrin inkişafına yönələn əyləncə mərkəzlərinin yaradılmasının zəruriliyinə toxunulub.

Jalə Əhmədova Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva tərəfindən “Bizim həyət” layihəsinin paytaxt Bakıda və Bakının bütün rayonlarında uğurla həyata keçirildiyini, görülən işlərin insanlar tərəfindən böyük sevinc və rəğbətlə qarşılandığını bildirib. O vurğulayıb ki, belə bir layihənin Salyan sakinlərinin istirahəti, uşaq və gənclərin əyləncəsi üçün Salyan şəhərində gerçəkləşməsini çox istərdi.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasında əsas məqsəd, ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək göstərməkdir.