Yeni WordPress Saytı

Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri keçirilib

 

Sentyabrın 25- 26-da Bakı İdman Sarayında uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri keçirilib. Mərasimdə ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, eləcə də, Vətən müharibəsinin qaziləri, şəhid valideynləri iştirak ediblər.
Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə Azərbaycan xalqının bu günlərdə böyük iftixar hissi və fəxrlə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd etdiyini bildirib: “Azərbaycan xalqı bu günlərdə böyük qürur hissi ilə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd edir. Vətən müharibəsinin və Qələbəmizin rəmzi kimi bütün dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı idman sahəsində də qələbənin simvoluna çevrilib. Gənclərimizə və gələcək nəsillərə bu tarixi Qələbəmizi bir daha aşılamaq və hafizələrinə ömürlük həkk etmək üçün Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” adlı çempionat və turnirlərin təşkili bundan sonra da davam etdiriləcək”.
O, Vətən müharibəsində şəhid olan igid oğul və qızlarımızın xatirəsinin xalqımızın yaddaşında həmişəlik yaşayacağını bildirib.
Şəhid Muxtar Qasımlının atası Əli Qasımov qeyd edib ki, tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu düşməni torpaqlarımızdan qovub, həm də xalqımızın hərb və qürur tarixini yazıb: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu torpaqlarımızı düşmən işğalından azad etməklə, həm də xalqımızın hərb və qürur tarixini yazıb. Xalqımızın 30 illik həsrətinə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi böyük Zəfərdir. Bu gün vətənpərvər, cəsarətli gənc nəsil yetişir və biz yaşlı nəsil onlarla qürur duyuruq”.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutduğunu və cavab tədbirləri olaraq Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib: “Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuran igid oğul və qızlarımız qəhrəmanlıq dastanı yaratdılar, torpağımıza göz dikən düşməni yurdumuzdan həmişəlik qovdular. Bu günlər böyük qürur hissi ilə xalqımız Qələbənin ildönümünü qeyd edir. Torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anırıq. Onların xatirəsi hər zaman yaddaşlarda yaşayacaq”.
Sonra Vətən müharibəsində iştirak etmiş qazilərə, şəhid valideynlərinə, eləcə də idman ictimaiyyətinin nümayəndələrinə, turnirlərin qaliblərinə “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlar təqdim edilib.
Mərasimin rəsmi hissəsindən sonra nümunəvi çıxışlar nümayiş etdirilib.
Daha sonra turnir yarışlarla davam edib.
Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Məktəb İdmanları Federasiyasının dəstəyi və BKA-nın təşkilatçılığı ilə keçirilib. Turnirin qalibləri “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif ediliblər.
Məlumat üçün bildirək ki, yarışda Sumqayıtdakı Buta Gənclər Klubunun idmançıları da yarışaraq medallar qazanıblar. Klubun yetirmələri olan Nuray, Nihad, Mayıl İbadov bacı və qardaşları respublika üzrə I yerə çıxıblar.
Qeyd edək ki, Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin 9-cu, 8-ci və 6-cı sinif şagirdiləri olan Nuray, Nihad və Mayıl İbadovların karate müəllimi Buta Gənclər Klubunun rəhbəri Pərviz Quliyevdir.
Xatırladaq ki, karate-do növü üzrə “Dəmir Yumruq” birinci açıq respublika turniri bu ilin avqust ayının 14-15-də Lənkəranda keçirilib. Karate-do növü üzrə “Dəmir Yumruq” üçüncü açıq respublika turnirinin Şuşada keçirilməsi nəzərdə tutulub.

Vetenqehremanlari.az