Yeni WordPress Saytı

Ramiz Məmmədov: “Şəhidlərimizin xatirəsini Azərbaycan xalqı ilə birlikdə şərəflə yad edirik”

 

Sentyabrın 27-də Azərbaycanda Anım günü münasibətilə tədbirlər keçirilir. Bakıda Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərə, həlak olmuş dinc sakinlərə və itkin düşmüş əsgərlərə hörmət əlaməti olaraq yürüş təşkil edilmişdir.

Bu gün dünyanın hər yerində Azərbaycan diasporunun nümayəndələri də öz vətəninin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgərlərin xatirəsini yad edirlər.

Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin azərbaycanlıları Vətən müharibəsində qəhrəmancasına döyüşərək həlak olmuş əsgər və zabitlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Düz bir il əvvəl, 27 sentyabr 2020-ci il tarixdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün cəbhə xətti boyunca əks-hücum əməliyyatına başlayıb. Azərbaycan xalqı böyük cəsarət və əzmkarlıq göstərmişdir.
Döyüşçülərimizin qəhrəmanlığı nəticəsində 30 ilə yaxın işğal altında olan Azərbaycan əraziləri azad edilmişdir. Şəhidlərimizin xatirəsini Azərbaycan xalqı ilə birlikdə şərəflə yad edirik”- Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin 14 iyul 2021-ci il tarixli məlumatına görə, Vətən müharibəsində 2 907 nəfər şəhid olub, yeddi hərbçi itkin düşüb.