Yeni WordPress Saytı

Arxangelskdəki diasporumuzdan nümunəvi addım

Arxangelskdəki Azərbaycan diasporunun şəhid ailələrinə yardımı davam edir

 

Ötən il Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda 44 günlük Vətən müharibəsi dünya azərbaycanlılarını bir yumruq halına gətirdi. Bu baxımdan Rusiya Federasiyasının Arxangelsk vilayətində yaşayan soydaşlarımız da birlik nümayiş etdirdi, həmçinin Vətən üçün maddi və mənəvi dəstəklərini əsirgəmədilər. Arxangelsk vilayətindəki Azərbaycan diasporu üzvləri bu nəcib fəaliyyətlərini davam etdirərək şəhid aillərinə dəstək istiqamətində nümunəvi addım atıblar. Belə ki, Arxangelsk vilayətindəki Azərbaycan diasporu bir şəhid ailəsini, 3 tələbə şəhid övladını himayəyə götürüblər. Bu haqda “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı İdarə Heyətinin sədri Tərlan Qasımov məlumat verib.
Qeyd edək ki, hər ay Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun ailəsinə Arxangelskdəki diasporumuz tərəfindən 300 dollar göndərilir. Eyni zamanda Polşanın SWPS Universitetində təhsil alan Nigar Cəfərovaya, eləcə də Bakı Dövlət Universidetinin tələbəsi Aysu Əmrahovaya və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fədayət Şəmilova hər ay 100 dollar göndərilir.
Xatırladaq ki, onların ataları -Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Ramiz Cəfərov, kiçik çavuş Saməddin Əmrahov və tibb xidməti baş leytenant Azər Şəmilov 44 günlük Vətən müharibəsi zamanı şücaət göstərərək şəhid olublar. Ailələrinə yardım göstərilən bu 4 şəhidin hər biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarını şərəflə yerinə yetirdikləri üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən orden, medal və fəxri adlarla təltif edilib.

 

Vetenqehremanlari.az