Yeni WordPress Saytı

“Müzəffər xalq kimi Ukraynada Azərbaycanımızı təmsil etmək bizlərə qürurverici hisslər yaşadır”

Zamir İsmayılov: “27 sentyabr tarixində Mirqorod şəhər məscidində anım mərasimi keçiriləcək”

Xəbər verildiyi kimi, sentyabrın 19-da Ukraynanın Mirqorod Şəhər Günü və şəhərin alman faşistlərindən azad olunmasının 78-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə Azərbaycan mədəniyyəti və milli mətbəxi də təbliğ olunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər təşkilatının sədri Zamir İsmayılov və digər diaspor fəalları tərəfindən təşkil olunan “Azərbaycan” stendində plov, dolma, qutab və paxlava şəhər sakinlərinin və qonaqlarının marağına səbəb olub.

Zamir İsmayılov tədbirlə bağlı təəssüratlarını “Vetenqehremanlari.az”a bildirib: “Mirqorod şəhər icra hakimiyyətində Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Elmira xanım Axundova ilə görüş oldu. Mirqorod Şəhər günündə Ukrayna Azərbaycanları Kongresinin olaraq iştirak etdik. Milli yeməklərimizi, musiqi alətləri və milli geyimləri təqdim etdik.

Bizim üçün çox xoş oldu ki, Mirqorod şəhər gününə həsr olunmuş milli mədəniyyətlər festivalının açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Mirqorod şəhərinin meri Sergey Solomaxa, səfirliyimizin müşaviri Sabir Rzayev, Azərbaycanın və digər ölkələrin diaspor fəalları da iştirak etdilər. Göstərilən bu diqqətə görə onların hər birinə təşəkkür edirəm.

Bu festivalda Azərbaycanımızı təmsil etmək mənə qürurverici hisslər yaşatdı.

Festival zamanı şəhərimizin sakinləri, qonaq qismində olan başqa millətlərin nümayəndələri və dincəlmək üçün gələn həmvətənlərimiz Azərbaycan stenddini görüb yaxınlaşaraq, ləzzətli milli yeməklərimizi dadırdılar, əvəzolunmaz Qarabağ kətəsini çox bəyəndiklərini bildirdilər, musiqili alətlərlə, milli geyimlərlə, fotoşəkillər çəkdirdilər. Şəhərin mərkəzi səhnəsində ölkəmizi Ukraynanın Xalq artisti, həmyerlimiz Qurban Abbasov Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısı ilə təmsil etdi. Müxtəlif regionlardan gələn həmvətənlərimə bir daha təşəkkür edirəm! Biz birlikdə güclüyük! Müzəffər xalq kimi yaşadığımız ölkədə Azərbaycanımızı təmsil etmək fəxarət hissi yaşadır bizlərə…”

Zamir İsmayılov Mirqorod şəhərində aktiv diaspor fəaliyyəti göstərdiklərini də deyib: “Sosial şəbəkələrdə Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində qazandığı uğurları Ukrayna ictimaiyyətinə çatdırılması işlərini gördüm. Ötən il səfirliyin qarşısında Azərbaycan ordusuna dəstək çağırışı iştirak etmişəm. Pandemiya dövründə həmyerlimizlə bir olduq. Ötən ilin 27 noyabr tarixində Poltava şəhərində məsciddə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə anım günü keçirdik, ehsan süfrəsi təşkil edildi. Və bu il 27 sentyabr tarixində Mirqorod şəhər məscidində anım mərasimi keçiriləcək. Qarşıdan gələn Zəfər gününü qeyd edəcəyik. Rayon deputatlarını dəvət etmək istəyirik. Azərbaycanın Ukraynadakı səfirliyi ilə daimi əməkdaşlıq edirik”.

Xatırladaq ki, Zamir İsmayılov Ukraynada anadan olub, burada böyüyüb boya-başa çatıb. Dneprpetrovsk Dəmiryolu Universitetinin məzunudur. 2009-cu ildən təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ukrayna Azərbaycanları Konqresinin fəal nümayəndəsidir.

Vetenqehremanlari.az