Yeni WordPress Saytı

“Azərbaycanın və Ukraynanın bütün əlamətdar günlərini qeyd edirik”

Nəcəf Əhmədov: “Biz çalışırıq gənclərə meydan verək”

Sentyabrın 15-də Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın diaspor rəhbərləri və Xarkov şəhər Administrasiyası rəsmiləri ilə dəyimi masa ətrafında görüşü olub. Görüşdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti, perspektiv layihələri, yerli qurumlarla əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra səfir Elmira Axundova bir neçə diaspor üzvünə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını təqdim edib. Medal alanlar arasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov da olub.

Görüşdən sonra Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib. Nəcəf Əhmədov bu tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşüb: “Xarkov şəhərində təşkil olunmuş tədbirdə bizim diasporun aktivləri ilə iştirak etdilər. Dahi şairimiz Nizami Gəncəvinin heykəlinin şəhərin mərkəzində açlışı oldu. Onun əsərlərinə həsr olunmuş konsert proqramı keçrildi. Hər şey qürurverici idi. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovaya, Xarkovdakı Fəxri konsulumuz Əfqan Salmanova, ümumiyyətlə, bu işdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm”.

Nəcəf Əhmədov “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalına layiq görülməsinə görə qürur duyduğunu bildirib: “Xarkovda səfir Elmira Axundovanın diaspor üzvləri ilə maraqlı görüşü oldu. Diaspor fəaliyyətimə görə mənə də medal təqdim olundu. Həmin vaxt fikrimdə sevimli şairimiz Məmməd Arazın

“Vətən mənə oğul desə nə dərdim,

Mamur olub daşlarında bitərdim” şeiri dolanırdı.

Mənə göstərilən bu diqqətə görə Ali Baş Komandan İlham Əliyevə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, səfir Elmira Axundovaya dərin minnətdarlığımı bildirirəm”.

“Bütün tədbirlərdə iştirak edərək yerli cəmiyyətə qaynayıb-qarışırıq”

 Nəcəf Əhmədov keçirdikləri tədbirlər, soydaşlarımızın diaspor fəaliyyəti haqda da ətraflı məlumat verdi: “Martın 31-də Ukraynanın Dnepr şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr edilmiş “Dostluğun dialoqu: Ukrayna-Azərbaycan” adlı tədbir-konsert təşkil etdik. Konsert Azərbaycanın Ukraynadakı Səfirliyinin, Xarkovdakı fəxri konsulluğunun və BUAK-ın Dnepropetrovsk vilayəti təşkilatının birgə iştirakı ilə keçirildi. Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Kiyevskaya Kamerata” Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının, o cümlədən Qara Qarayev, Yevgeni Stankoviç, Bela Bartok və başqalarının əsərləri səsləndirildi.

Səhəri günü Dnepr Texniki Milli Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılış mərasimi keçirildi. Mərkəz Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi və BAUK-ın Dnepropetrovsk vilayəti təşkilatının təşkilatçılığı yaradılıb. Hər iki tədbirdə səfir Elmira Axundova, BUAK-ın sədri Rövşən Tağıyev, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov  və digələri iştirak etdi.

Avqustun 23-də Ukraynanın Bayraq Günü, 24-də isə Ukraynanın müstəqliyinin 30 illik yubileyi münasibəti ilə vilayətin Çariçanski rayonunun Probrejenko kəndində çox gözəl bir bayram əhvali-ruhiyyəsi yaşandı. Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu tədbirə biz də dəstək verdik. Həmin zaman Ukraynanın ən uzun bayrağın orada açdıq. Daha sonra Taras Şevçenkonun heykəlinin açlışı oldu. Bizim “Bazar günü” məktəbinin şagirdləri Ukrayna və Azərbaycan dillərində şeirlər söylədilər. Həmçinin hər iki xalqın rəqsləri ifa olundu. Mili paltarlar, milli mətbəximiz nümayiş olundu”.

Nəcəf Əhmədov dedi ki, Dneprdə diaspor olaraq Azərbaycanın və Ukraynanın bütün əlamətdar günlərin qeyd edirlər: “Şəhrin bütün tədbirlərində iştirak edərək yerli cəmiyyətə qaynayıb-qarışırıq. Bizim məktəbin uşaqlarını tək Dneprdə deyil, Ukraynanın hər yerində keçirilən tədbirlərə dəvət edirlər. Onlar bütün tədbirlərdə Azərbaycanımızı təmsil edirlər”.

“Aktiv gəncləri bir araya gətirməyə, diaspor işlərinə cəlb etməyə çalışırıq” 

BUAK rəsmisi gənc kadrların hazırlanmasına önəm verdiklərini vurğuladı: “Yaşlı diaspor üzvləri burada çalışıblar. Gənc kadrlar var. Biz çalışırıq gənclərə meydan verək. Zaman gənclərin zamanıdır. Çünki gənclər müasir zamanla ayaqlaşa bilirlər. Burda böyüyüb boya-başa çatan gənclər tam olaraq yerli xalqın dilini mənimsəyiblər. Bizim buradakı gənclərimiz uşaq bağçasından tutmuş ali məktəbə qədər yerli ukraynalı uşaqlarla bir yerdə təhsil alıblar. Onu qeyd etmək lazımdır ki, azərbaycanlı ailələr öz uşaqlarını oxutmağa meyillidirlər. Bu gün belə gənclərə böyük ümidimiz var. Əlbəttə ki, birgə olaraq biz böyük işlərə nail ola biləcəyik. Biz aktiv gəncləri bir araya gətirməyə, diaspor işlərinə cəlb etməyə çalışırıq”.

Xatırladaq ki, Nəcəf Əhmədov Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1987-89-cu illərdə Ukraynada hərbi xidmətdə olub. Daha sonra elə Ukraynada da  ali təhsil alıb. 25 ildən artıqdır diaspor işində aktivdir. 2018-ci ilin martında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri seçilib. 

 

Fuad Hüseynzadə

Vetenqehremani.az