Yeni WordPress Saytı

Yevlaxda şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirildi

 

Vətən müharibəsi günlərində Yevlaxda rayonundan şəhid olanlara həsr edilən “Zəfər fədailəri” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanıni ziyarət edərək məzarların üzərinə qərənfillər düzmüşlər.
Daha sonra tədbir Heydər Əliyev Sarayında davam etdirilmişdir. Dövlət himninin səslənməsindən sonra şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, zəfərimizi şəhidlərimiz öz qəhrəmanlıqları ilə təmin etdi və xalqımız onların unudulmaz xatirəsini əbədi yaşadacaq:”Rayonumuzdan Vətən müharibəsində şəhid olmuş 65 nəfər hər birimiz üçün böyük itkidir. Amma əsas odur ki, onların qanı yerdə qalmadı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən «Dəmir Yumruğ» əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi. Sizin, bizim, bütün xalqın intiqamı alındı. 65 igidimizin ruhu bu gün çox rahatdır. Bu da başda sizlər olmaqla, hamımızın ən böyük təskinliyidir.
Bir qədər sonra bir illiyi qeyd ediləcək Vətən savaşında Yevlaxın yüzlərlə qəhrəman övladı döyüşə atıldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çağırışı ilə sakinlərimiz Vətən uğrunda səfərbər oldu. Qarabağ uğrunda zəfər yolu keçdilər. Bu müharibədə 65 igidimiz şəhadətə yüksəldi, 193 nəfər isə yaralandı.
Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Gələcək nəsillərinin öyrənəcəyi, ibrət götürəcəyi mükəmməl mənbədir. Vətənpərvərlik örnəyidir. Bizim borcumuz isə bu qəhrəmanlıqları yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktların timsalında çatdırmaqdır. Bu gün təqdimatına yığışdığımız «Zəfər fədailəri. Yevlax Şəhidləri» kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb”.
Sonra Vətən müharibəsini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Daha sonra Yevlaxın ilk şəhidi Kazımov Emin Fərman oğlunun atası Fərman Kazımov, millət vəkili İlham Məmmədov və Vətən müharibəsi qazisi Orxan Hüseynov çıxış etmişlər.