Yeni WordPress Saytı

Millət vəkili seçiciləri ilə görüşüb

Bu gün millət vəkili Adil Əliyev Milli Məclisə deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşüb.
Pandemiya qaydalarına uyğun keçirilən görüşdə millət vəkili seçicilərə Vətən müharibəsindən ötən 10 ayda işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük abadlıq-quruculuq işlərindən danışaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanan Azərbaycanın 30 illik işğala son qoyduqdan dərhal sonra öz əzəli torpaqlarında bərpa və yenidənqurmaya başladığını bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edərək Heydər Əliyev Fondu tərəfindən mədəniyyət paytaxtımız Şuşada təşkil edilən tədbirlər barədə geniş məlumat verib.
Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşaraq, onların qaldırdıqları bir sıra sosial, məişət, humanitar xarakterli məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin həlli üçün aidiyyəti üzrə müxtəlif qurumlara məktublar ünvanlanıb. Adil Əliyev həmçinin, bəzi vətəndaşlara müraciətləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izahlar verib. Eləcə də seçicilərə koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etmək tövsiyə olunub.
Seçicilərlə keçirilən görüşdə Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini və digər vəzifəli şəxslər iştirak ediblər.

Vetenqehremanlari.az