Yeni WordPress Saytı

Sosialist Əməyi Qəhrəmanı İmamverdi Məhəmmədhəsənovun anım günüdür

Hazırda onun övladları Qazaxıstanda müxtəlif sahələrdə çalışaraq ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında və diaspor işində fəallıq göstərirlər.

Bu gün uzun müddət Qazaxıstanda yaşamış Sosialist Əməyi Qəhrəmanı İmamverdi Məhəmmədhəsənovun anım günüdür. İmamverdi Məhəmmədhəsənovun 11 övladı olub. Artıq 22 ildir ki, onun ailə üzvləri 4 sentyabrı onun vəfat günü kimi qeyd edir. Belə ki, ailə üzvləri onun məzarını ziyarət edir, ruhuna dualar oxuyur, anım mərasimi qururlar.

Xatırladaq ki, İmamverdi Məhəmmədhəsənov 25 oktyabr 1925-ci ildə Azərbaycan SSR-in Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstan SSR-in Cambul vilayətinə sürgün olunub. 1943-cü ildə Cambul vilayətinin “Jana Jol” (“Yeni yol”) kolxozunda çalışıb. Elə həmin il Sovet Ordusu sıralarına çağrılıb. Böyük Vətən müharibəsində iştirak edib. Demobilizasiyadan sonra kolxoza qayıdıb. 1946-cı ildə çuğundur əkin briqadasının rəhbəri təyin edilib.
1947-ci ildə İmamverdi Məmmədhəsənovun rəhbərliyindəki çuğundurbecərmə məntəqəsi 4 hektarlıq ərazidən 616 sentner şəkər çuğunduru toplayıb, ayrıca 2 hektarlıq ərazidən isə 813 sentner şəkər çuğunduru toplayıb. Bu şücaətinə görə 22 yaşında ikən SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1949-cu ildə kolxoz sədrinin müavini təyin olunub. 1956-cı ildə kolxoz sədri hazırlığı üzrə 3 illik Almatı orta kənd təsərrüfatı məktəbini fərqlənmə ilə bitirib. Sonra yenidən kolxoza qayıdaraq aqronom işləyib. 1961-ci ildə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsini başa vurub. 1960-cı ildən təqaüdə çıxana kimi baş aqronom vəzifəsində çalışıb.
O, 4 sentyabr 1999-cu ildə Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana-Jol (Yeni-Yol) kəndində vəfat edib. Rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib. İmamverdi Məmmədhəsənov, həmçinin “Lenin” ordeni (1948),”Döyüş xidmətlərinə görə” medalı, “Vyananın alınmasına görə” medalı, “Budapeştin alınmasına görə” medalı, “Praqanın azad edilməsinə görə” medalı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalına da layiq görülüb.
İmamverdi Məmmədhəsənovun qeyd etdiyimiz kimi, 11 övladı olub. Bu gün onun övladları Qazaxıstanda müxtəlif sahələrdə çalışaraq ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında və diaspor işində fəallıq göstərirlər.
Onun övladlarından biri Eyvaz Məhəmmədhəsənov Almatıda Azərbaycan diasporunun yaradıcılarından biridir. 1996-cı ildən Qazaxıstan Respublikasının Almatı şəhəri “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvüdür. 2005-ci il iyunun 1-də 5 namizəd içərisində səsçoxluğu ilə Almatı şəhər “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri seçilib.
2008-ci ildən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının idarə heyətinin üzvüdür. 2008–2018-ci illərdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı şəhər şöbəsinin sədri olub. 2018-ci ildən Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin müavinidir. 2009-cu ildən Qazaxıstan Xalqları Assambleyasının üzvüdür.

Vetenqehremanlari.az