Yeni WordPress Saytı

Özbəkistan Prezidenti azərbaycanlı diplomatı “Dostluq” ordeni ilə təltif etdi

 

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 1 sentyabr ölkənin müstəqillik günü bayramı münasibəti ilə bir sıra şəxsləri dövlət mükafatları ilə təltif etmişdir.
Bu il, bu ali mükafat “Dustliq” (Dostluq) ordeni Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilmişdir. Azərbaycanlı diplomat iki ölkə arasında mədəni, elmi, ədəbi, mətbuat sahəsində, habelə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılan yeganə xarici ölkə təmsilçisi olmuşdur.
Mükafatı Özbəkistanın xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin rəhbəri Rustambek Qurbanov Samir Abbasova təqdim etmişdir. O, Özbəkistan üçün Azərbaycanla əlaqələrin xüsusi önəm daşıdığını, Samir Abbasovun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi, Özbəkistanda Azərbaycan mədəniyyətini uğurla təbliğ etdiyini və bu istiqamətdə çoxsaylı, maraqlı layihələr həyata keçirdiyini vurğulayıb. Komitə sədri azərbaycanlı diplomatın dövlətlərimizin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsində fəaliyyətini xüsusi qeyd edib.
Samir Abbasov isə öz çıxışında ilk növbədə Özbəkistan dövlətini, xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan və Özbəkistan dostluğundan danışıb, hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə qalxdığını qeyd edib.
O, bu yüksək ali mükafata – “Dustliq” (Dostluq) ordeninə layiq görüldüyü üçün Özbəkistan dövlətinə, prezident Şavkat Mirziyoyevə səmimi təşəkkürünü bildirmiş, gələcəkdə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.
Samir Abbasov Komitə sədri Rustambek Qurbanova Azərbaycan mədəniyyətini, xalqımızın istedadını nümayiş etdirən Azərbaycan xalçası və ölkəmizə dair nəşrlər hədiyyə edib.