Yeni WordPress Saytı

Buta Gənclər Klubunun idmançıları “Dəmir Yumruq” açıq respublika turnirində qalib olublar

Avqustun 14-15-də Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi və Bakı Karate-do Akademiyasının təşkilatçılığı ilə idmanın karate-do növü üzrə “Dəmir Yumruq” açıq respublika turniri keçirilib.
Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yarış iştirakçılarının sayında məhdudiyyətlər qoyulduğunu deyib: “Hazırda COVID-19 pandemiyası davam etdiyi və yoluxma sayının artdığı üçün yarışı açıq havada keçirmək məcburiyyətində qaldıq. Biz Operativ Qərargahın tələblərini yerinə yetirərək turnirə bütün məşqçi, hakim və 18 yaşdan yuxarı vaksin olunmuş idmançıları dəvət etmişik. Ölkəmizdə vaksinlənmə prosesi getdiyi üçün komandaların bəzilərində hələ ki peyvənd olunmamış şəxslər də var. Buna görə də yarışı uşaq, yeniyetmə və gənclər arasında təşkil etdik. Ümid edirik ki, gələcəkdə karate turnirini böyüklər arasında da keçirə biləcəyik”.
Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadənin çıxışından sonra veteran karateçilər nümuməvi çıxışlar göstəriblər. Yarışda ümumilikdə Bakı və Sumqayıt şəhərlərilə yanaşı, 14-ə yaxın rayondan 20-yə yaxın komanda və 150 karateçi iştirak edib.
Sonda qalib və mükafatçı karateçilər Zəfər gününə həsr edilən “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif ediliblər.
Məlumat üçün bildirək ki, yarışda Sumqayıtdakı Buta Gənclər Klubunun idmançıları da yarışaraq medallar qazanıblar.  Klubun yetirməsi olan Nuray İbadova respublika üzrə I yerə, Mayıl İbadov isə III yerə çıxıblar.
Qeyd edək ki, Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin 7-ci və 6-cı sinif şagirdiləri olan Nuray və Mayıl İbadovların karate müəllimi Buta Gənclər Klubunun rəhbəri Pərviz Quliyevdir.

Vetenqehremanlari.az